Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:10

M. Ə. Rəsulzadənin «Qafqaz problemləri» məqaləsi


.

Azərbaycan dilində ilk dəfə...

M. Ə. Rəsulzadə (Rəssam- dizayn: Rəsul Həsənov)
M. Ə. Rəsulzadə (Rəssam- dizayn: Rəsul Həsənov)

​​Məmməd Əmin bəyin bu məqaləsi 1933-cü ildəonun redaktorluğu ilə mühacirətdə çıxan “Горцы Кавказа” dərgisində dərc olunub. Məqalə “İttihad” Partiyasının banilərindən və vaxtilə Azərbaycan Cümhuriyyətinin Versal Sülh Konfransına qatılan nümayəndə heyəti üzvlərindən biri olan Mir Yaqub bəyin - Miryaqub Mirmehdiyevin “Le Probleme du Caucase” (“Qafqaz problemləri” – red.) adlı kitabına rəy mahiyyəti daşıyıb. Orijinalı ruscadır və Vilayət Quliyevin elmi redaktorluğuyla rus dilində nəşr olunmuş “Polşadakı Azərbaycan siyasi mühacirlərinin irsindən (XX əsrin 30-cu illəri)” adlı kitabdan götürülüb. Azərbaycan dilində ilk dəfə diqqətə yetirilir. Yarımbaşlıqlar tərcüməçiyə aiddir. AzadlıqRadiosunun “İZ” layihəsi M.Ə. Rəsulzadənin doğum günü (31 yanvar) ərəfəsində onun bu dəyərli məqaləsini diqqətə yetirməkdə fayda görür.

ŞƏRQLƏ QƏRBİ BİRLƏŞDİRƏN QAFQAZ

Çiyindaşımız Mir Yaqub bəyin bu yaxınlarda nəşr etdiyi “Le Probleme du Caucase” (“Qafqaz problemləri” – red.) kitabı yenə həmin mövzuya qayıtmağa əsas verir. Həmkarımızın öz əsərində ayrıca vurğuladığı kimi, Qafqaz məsələsi tarixin çox önəmli məsələlərindəndir.

Bu məsələ, hər şeydən öncə, Qafqazın dörd başlıca elementinin qarşılıqlı milli canatım münasibətlərini tənzimləmək deməkdir. Daha sonra bu məsələ həm də müxtəlif dünya mədəniyyətlərinin bir-birinə qarşılıqlı təsiri problemiylə bağlıdır. Həmin mədəniyyətlər Şərqlə Qərbi birləşdirən bu boğazda ta qədimdən bəri kəsişir. Sözügedən qarşılıqlı təsirlər dünyaya yeni mədəni dəyərlər verə bilər.

Mir Yaqubun kitabı Qafqaz probleminin o iki yönünə işıq salmaqla Avropa oxucularına qiymətli bilgilər çatdırır. Müəllif Qafqazın ayrı-ayrı xalqlarının milli oyanışı, siyasi fəaliyyəti və müstəqillik uğrunda mübarizəsi haqqında qısa və ümumi məlumatdan sonra onların yaxın tarixinə canlı ifadə olunmuş bir neçə səhifə həsr edərək, Qafqaz respublikalarının qarşılıqlı münasibətlərinin xülasəsini də verir.

“AVROPA DİLLƏRINDƏ ÇIXANLARIN HAMISINDAN FƏRQLİ ƏSƏR”

Həmin hadisələri Mir Yaqub bəyin diliylə yenidən danışmayacağıq, çünki oxucularımız deyilən faktların hamısıyla az, ya çox dərəcədə tanışdır. Amma onu sezdirməyi vacib bilirik ki, məsələnin yığcam və aydın açıqlanması baxımından məsləkdaşımızın əsəri xüsusən qiymətli və indiyədək bu mövzuda Avropa dillərində çıxan əsərlərin hamısından xeyli fərqlidir. Maraqlanan oxucu kitabda problemin bəzi tərəflərini aydınlaşdıracaq bu və ya digər xırdalığı tapmadığı halda da, bütövlükdə problemin özü barədə tam təsəvvür qazanacaq. Mövzuya yanaşma və ifadə aydınlığı müəllif uğuruna təminat verir və buna görə onu ürəkdən təbrik edirik.

NƏ ŞİMALA ÜZ TUTAN QAFQAZ XRİSTİANLARI... NƏ DƏ MÜSƏLMANLAR

Miryagub Mirmehdiyev
Miryagub Mirmehdiyev

Bəli, o uzaq çağlarda tarixin çeşidli axınlarına qatılan, indi yaxın tarixin və aktual həyatın canlı faktlarından həvəslənən Qafqaz xalqları artıq inandılar ki, ortaq siyasi taleləri var. Anladılar ki, nə Şimala üz tutan Qafqaz xristianları öz qonşularına – müsəlmanlara ziyan vuracaq gedişlərdən xeyir görüb qurtulacaq, nə də xristian qonşularının maraqlarını gözardı edən müsəlmanlar məqsədlərinə çatacaq. Nəticədə, orada – öz vətənlərində bolşevik zülmünə qarşı çiyin-çiyinə çarpışan xaıqlar da, onların burada – mühacirətdəki siyasi təmsilçiləri də tam əmin oldular ki, çar çökəndən sonra milli respublikalar quran Qafqaz xalqları bu respublikaları bolşevik işğalından qurtarmaq üçün konfederativ birlikdə mütləq birləşdirməlidirlər.

Müstəqil Qafqaz Konfederasiyası – Mir Yaqub bəyin öz kitabında aşıladığı aktualşüar budur.

Fikrimizcə, bu şüar təkcə Qafqaz xalqlarının həyati mənafelərinə deyil, onların cənub qonşularının, yəni daim rus işğalı təhlükəsiylə üzləşən İran və Türkiyənin də çıxarlarına uyğundur.

“NƏDƏN AZƏRBAYCAN GÜRCÜSTANLA ANLAŞA BİLMƏSİN?”

Düzdür, Türkiyədə, ara-sıra, hələ dumanlı romantizm buludlarından amansız reallığın sərt zəmininə düşməyə macal tapmayan bəzi alovlu və cavan beyinlərdən bizi – Qafqaz həmrəyliyi ideyasını yayan azərbaycanlıları “türkçülükdən geri çəkilməkdə”qınayan səslər də gəlir. Ancaq biz, cümhuriyyət Türkiyəsindəki dövlət adamlarının siyasi fəaliyyətini görərək, hər halda əminik ki, Türkiyə bizim konsepsiyaya rəğbət bəsləyir.

Bir halda ki Türkiyə öz milli istiqlal mücadiləsinin qanlı əleyhdarı olan Yunanıstanla dostluq sazişi imzalayır və Balkan Federasiyasından həyati zəruri və xilaskar ideya kimi söz açır, o halda nədən Azərbaycan heç vaxt qanlı toqquşma yaşamadığı Gürcüstanla anlaşa bilməsin? Nədən Azərbaycanın Qafqaz Konfederasına daxil olması yanlış addım sayılsın?

“AZƏRBAYCAN DA... “CİNAYƏTKAR” OLSUN”

Balkan Federasiyasına qoşulmaqla Türkiyə “türk ideyasına münasibətdə cinayət” işləyirsə, qoy elə Azərbaycan da belə “cinayətkar” olsun!.. Biz özümüzə arxayınıq. İşdir, nə vaxtsa tarixin xəyali prokuroru önündə sorğuya çəkilsək, o zaman şükürlər ki, meydanda tək qalmaz və Türkiyənin Balkan federalistləriylə birgə özünümüdafiəyə qalxarıq.

Türkçülüyə gerçəkdən bağlı adamlar bilirlər ki, Azərbaycan Milli Hərəkatı heç vaxt ümumtürk mədəni dəyərlərinə zərər gətirəcək siyasi gedişlərə getməyib və getməz də. Elə bundan ötrü milli Azərbaycan həmin mədəniyyətin meyvələrini dadmaq imkanından onu məhrum qoyan sovet işğalından qurtulmaq üçün çıxış yolu axtarır. Fikrimizcə, məhz Qafqaz Konfederasiyası belə çıxış yoludur.

Azərbaycanı ümumtürk mədəniyyətinin qucağında saxlamaqdan ötrü Rusiyanı Qafqazdan qovmaqdan daha doğru yol yoxdur. Bu isə yalnız bir halda mümkündür – Qafqazın bütün xalqları birləşərsə.

Qafqaz Konfederasiyasına qoşulan Azərbaycan Rusiyanın və ya daha müasir deyilişlə - SSRİ-nin tərkibindəki Azərbaycana bənzəməyəcək. Azərbaycanın müstəqil və konfederativ Qafqazdakı rolu heç vaxt passiv olmayacaq. Qafqaz Birliyindəki xalqların bir-birinə qarşılıqlı təsiri tam sərbəst və könüllü əsaslarda, hər hansı kənar basqı və məcburiyyət olmadan baş verəcək.

“XƏYALPƏRƏSTLƏRİN AĞZINDAN DÜŞMƏYƏN TÜRK MİLLİ GÜCÜ...”

Hər cür iqtisadi və mədəni yarışlarda ola biləcək təbii birinciliyə gəlincə, Azərbaycan nədən qorxacaq ki?!. Axı xəyalpərəstlərin yorulub-usanmadan haqqında söz açdığı türk milli gücü bu zaman niyə özünü göstərməsin ki?!.

Çox səciyyəvi bir hala da diqqət yetirməyə dəyər. Hər çeşid və qılıqdan olan rus imperialistləri Qafqaz Konfederasiyası fikrinə düşməncə yanaşırlar. Nə yazıqlar ki, Rusiyaya meylini hələ tükətməyən ermənilər də həmin fikrə alışa bilmirlər. Elə bu üzdən də Qafqaz Birliyi ideyasını bölüşməyərək kənarda qalıblar. Qəribədir ki, özünü türkçü kimi qələmə verən, amma ideya düşmənlərimizin qərəzli və araqarışdıcı pıçıltılarının təsirinə qapılan bəzi şəxslər də bu fikrə qarşı çıxırlar. Kimlərinsə bu faktı dərindən düşünməsinə dəyər.

Bizi tənqidə tutanlar buna diqqət yetirsəydilər, bəlkə də reallığı belə kor inadla o

uzaq və qopuq arzularına qurban verməzdilər.

“ƏN YAXŞI MİSAL...”

Xalqların milli müstəqillik uğrunda mübarizəsi bizim yüzilin bir özəlliyidir. Başqa bir özəllik də odur ki, milli-suveren dövlətlər iqtisadi və siyasi səciyyəli ortaq və aktual maraqlarını qorumaq üçün öz aralarında anlaşaraq, federativ bağlarla birləşirlər

Xalqların milli müstəqillik uğrunda mübarizəsi bizim yüzilin bir özəlliyidir. Başqa bir özəllik də odur ki, milli-suveren dövlətlər iqtisadi və siyasi səciyyəli ortaq və aktual maraqlarını qorumaq üçün öz aralarında anlaşaraq, federativ bağlarla birləşirlər. Bu duruma ən yaxşı misal elə milli Türkiyənin özüdür: hələ dünən öz suverenliyi uğrunda az qala bütün dünyaya qarşı savaşan bu ölkə indi Balkan Birliyi ideyasıyla çıxış edərək, özünü könüllü şəkildə federasiya çərçivəsinə salır.

İtirilmiş müstəqilliyin bərpasına və gələcəkdə uğurla qorunmasına çalışan azərbaycanlılar Qafqazdakı qonşularıyla konfederasiya qurmağı gərəkli sayırlar. Onların bu canatımı tarixi zərurətə və zamanın ruhuna tam cavab verir, çünki Azərbaycanın birbaşa həyati maraqlarından qaynaqlanır.

Bu canatımın ayrıntılarıyla dolğun tanış olmaq istəyən şəxslərə Mir Yaqub bəyin kitabını oxumağı tövsiyə edirik.

“Горцы Кавказа” (“Qafqaz dağlıları”). 1933-cü il, n.44, səh. 8-10

XS
SM
MD
LG