Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:52

İntiqam Əliyev: «Siyasi məhbuslarla birgə dustaq həyatı yaşamaq mənim üçün şərəfdir»


İntiqam Əliyev: «Siyasi məhbuslarla birgə dustaq həyatı yaşamaq mənim üçün şərəfdir»
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

İntiqam Əliyev: «Siyasi məhbuslarla birgə dustaq həyatı yaşamaq mənim üçün şərəfdir»

-

«Xədicə İsmayıl, Leyla Yunus, Rəşadət Axundov, Rəsul Cəfərov, İlqar Məmmədov, Tofiq Yaqublu və digər siyasi məhbuslarla birgə dustaq həyatı yaşamaq mənim üçün şərəfdir».

Hazırda həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyev fevralın 3-də keçirilən məhkəmə prosesində belə deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisinin bundan əvvəl verdiyi və təmin edilməyən vəsatəti yerinə yetirildi. O, dəmir barmaqlıqlar arasından çıxarıldı. Hakimin bu qərarı zaldakıların alqışı ilə qarşılandı.

Məhkəmədə daha çox adamın iştirak edə bilməsi üçün proses əvvəlkindən daha iri zala keçirildi.

«MƏN BU ÖLKƏDƏ QALACAM»

Proses başlayan kimi hakim 10 dəqiqəlik fasilə elan etməli olub. Səbəb İntiqam Əliyevin özünü pis hiss etməsi idi.

Fasilədən sonra İntiqam Əliyev hakimə müraciət edərək ötən prosesdə də səsləndirdiyi şikayətini bir daha təkrarladı:

«Sizə ötən dəfə də dedim ki, məhkəməyə gətirilərkən maşında tabut boyda havasız yerdə otururam. Bu da səhhətimə pis təsir edir. Bu hal qeyri-insani haldır. Təkcə özümə görə demirəm, ümumiyyətlə, heç kəs bu cür şəraitdə aparıla bilməz. Bu, insan ləyaqətinin alçaldılmasıdır. Heç heyvanı da elə daşımazlar».

Daha sonra vəkillər hüquq müdafiəçisinin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsinə dair vəsatət qaldırdılar. Vəsatəti müdafiə edərkən İntiqam Əliyev həbsdə saxlanması üçün heç bir səbəbin olmadığını bir daha vurğuladı:

«Xaricdə olanda həbs olunacağımı bilirdim. Qaçmaq fikrim olsaydı, heç ölkəyə qayıtmazdım. Qaçmaq fikrim yoxdur. Mən bu ölkədə qalacam. Xədicə İsmayıl, Leyla Yunus, Rəşadət Axundov, Rəsul Cəfərov, İlqar Məmmədov, Tofiq Yaqublu və digər siyasi məhbuslarla birgə dustaq həyatı yaşamaq mənim üçün şərəfdir. İstintaq bitib, həm indi, həm də elə istintaq gedəndə heç kimə təzyiq etmək fikrim olmayıb və yoxdur. Kiməsə təzyiq etmək bizə yox, prokurorluğa xas xüsusiyyətdir. Pasportum istintaq orqanındadır. Keçən prosesdə dövlət ittihamçısı dedi ki, ölkəni qeyri-qanuni yolla tərk edə bilərəm. Onda bu məntiqlə gərək doğum evləri də qapadılsın. Çünki bu gün doğulanlardan kimsə böyüyəndə cinayətkar ola bilər».

«HƏBSLƏR İRADƏMİZİ SINDIRA BİLMƏZ»

İntiqam Əliyev üzünü hakimlərə tutaraq onlardan heç nə istəməyəcəyini, xahiş etməyəcəyini də dedi:

«Sizdən heç nə xahiş etmək istəmirəm. Vəsatətləri də ona görə qaldırmıram ki, sizdən nəsə gözləyirəm. Belə bir illüziyam yoxdur. Məqsədim, sadəcə, bu sistemin işləmədiyini, həbslərin insanları qorxutmaq, sındırmaq məqsədi daşıdığını bir daha dünyaya çatdırmaqdır. Həbslər, tabutlarda daşınmalar bizim iradəmizi sındıra bilməz».

Hakim İntiqam Əliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etmədi. Məhkəmə gətirilmə şəraiti ilə bağlı şikayəti isə nəzərə aldı, bildirdi ki, bununla bağlı Penitensiar Xidmətə müraciət olunacaq.

«AZADLIQRADİOSU BAĞLANIB, MƏN BUNA MÜNASİBƏT BİLDİRMƏK İSTƏYİRƏM...»

Daha sonra İntiqam Əliyev qeydlərinin əlindən alınmasına, surətlərinin rəisə çatdırılmasına, fasilə zamanı zalda oturanlarla ünsiyyətinə imkan verilməməsinə etiraz etdi:

«Mən nəyə görə zaldakılara, jurnalistlərə öz sözümü deyə bilmirəm. AzadlıqRadiosu bağlanıb, mən buna münasibət bildirmək istəyirəm. Gültəkin Hacıbəyli ilə bağlı məhkəmə prosesi, Asif Yusiflinin həbsi ilə bağlı fikirlərimi çatdırmaq istəyirəm. Mənim bu hüquqlarım əlimdən alınır».

Vəkillər və İntiqam Əliyev bugünədək olan təcrübədən çıxış edərək məhkəmə protokollarının düzgün tərtib olunmadığını, təhriflərə yol verildiyini əsas gətirərək prosesdə audio-video yazılış aparılması ilə bağlı vəsatət qaldırdılar. Bu zaman vəsatətə münasibət bildirən zərərçəkən Gülşən Orucova da mətbuatdan şikayətçi olduğunu dillə gətirdi. Bildirdi ki, mediada ötən prosesdə dövlət ittihamçısı və hakimin guya onu müdafiə etməyə çalışdığı yazılıb. Gülşən Orucova mətbuatı düz yazmağa çağırdı.

Hakim audio-video ilə bağlı vəsatəti təmin etmədi.

«İSTƏNİLƏN TƏŞKİLATI GÖSTƏR, BAĞLAYAQ»

Daha bir vəsatət bəzi sənədlərin sübutlar siyahısından çıxarılması və ofisdə axtarış zamanı qeyri-qanuni, sənədləşmə aparılmadan torbalara yığılıb aparılan sənədlərin, möhürün qaytarılması ilə bağlı oldu. Vəkillər bu sənədlərin müdafiə zamanı vacib olduğunu bildirdilər. Həm də sənədlər arasında İntiqam Əliyevin tibbi sənədlərinin, dərman reseptlərinin olduğu və onlara ehtiyac yarandığını qeyd etdilər.

İntiqam Əliyev bildirdi ki, onu layihələri Ədliyyə Nazirliyinin qeydiyyatından keçirməməkdə, vergidən yayınmada ittiham edirlər. Bildirdi ki, aparılan sənədlər arasında bu ittihamları inkar edən sənədlər, vergi hesabatları var:

«Girib Ədliyyə Nazirliyinin saytını dağıdırlar, sonra da asanlıqla insanları həbs edirlər. Bizim bütün layihələr Ədliyyə Nazirliyinin qeydiyyatından keçib. Bugünədək bizim layihələrin dövlət qeydiyyatından keçməməsi ilə bağlı heç bir şikayət olmayıb. Bu isə o deməkdir ki, istənilən təşkilata bir gün deyə bilərlər ki, «sən qanunsuz fəaliyyət göstərirsən». Yəni, bu baxımdan hər bir kəs potensial məhbusdur. Hətta prokurorluq orqanlarında belə bir zarafat var ki, istənilən təşkilatı göstər, sənədləri yığıb-yığışdıraq, bağlayaq».

Hakim bəzi sübutların siyahıdan çıxarılması ilə bağlı vəsatəti təmin etmədi. Sənədlərin qaytarılması ilə bağlı vəsatəti isə qismən təmin etdi, bildirdi ki, sənədlərin arasında tibbi sənədlər varsa, onların geri qaytarılması ilə bağlı müraciət olunacaq.

«ÖZÜMÜ HEÇ NƏDƏ TƏQSİRKAR BİLMİRƏM»

Daha sonra prosesdə ittiham aktı elan olundu. Bundan sonra İntiqam Əliyev ittihamın mahiyyətinin ona aydın olmadığını, özünü heç nədə təqsirkar saymadığını bildirdi:

«Mənə qarşı mənimsəmə ittihamı irəli sürülüb. Bunun üçün pulu, ya mülki mənimsənilən şikayətçi olmalıdır. Hanı o şəxs? Qanunsuz sahibkarlıq, vergidən yayınma ittihamları da saxtadır».

İntiqam Əliyev onu da dedi ki, sənədlərin onlara qaytarılması, o cümlədən digər əksər vəsatətlər təmin olunmadığına görə o, özünümüdafiə hüququndan məhrum olunmuş olur. Ona görə də, indiki məqamda ifadə verməkdən imtina etdiyini bildirdi.

Zərərçəkən Gülşən Orucova isə məhkəmədə dindirilərkən prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırdı. Bu vəsatət həm müdafiə tərəfinin, həm də dövlət ittihamçısının etirazına səbəb oldu. Hakim bu vəsatəti təmin etmədi.

Növbəti proses zərərçəkənlərin dindirilməsi ilə bağlayacaq. Məhkəmə prosesi fevralın 17-də davam edəcək.

İ.Əliyev 2014-cü ilin avqustunda həbs olunub. O, vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə və qanunsuz sahibkarlıqda ittiham olunur.

«Amnesty International» İ.Əliyevi «vicdan məhbusu» kimi tanıyıb.

XS
SM
MD
LG