Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:47

Ölüm-dirim savaşı yenidən start götürüb...


Azad Qaradərəli
Azad Qaradərəli

-

Ədəbiyyatımızda min il əvvəl başlayan və sovet dövründə pik nöqtəsinə qalxan ölüm-dirim savaşı yenidən start götürüb...

Azad Qaradərəli

NƏ OLSUN Kİ BURA ŞƏRQDİR...

(Yazıçılarımızın mövqe müharibələri tarixindən)

Şirvanşahlar sarayında məliküşşüəra Əbül Üla Gəncəvinin başçılığı ilə böyük bir ədəbi mühit yaranmışdı.

Şahın mehr-ülfətini qazanmaq üçün qafiyə, vəzn şairlərə yetmirdi. İş o yerə çatmışdı ki, mədhiyyə ustaları onların hamısından daha ötkün sözə sahib gənc Xaqanini şərləməkdən belə çəkinmirdilər. Hətta qaynatası Əbül-Üla ilə də aralarını vurdular – o da Xaqani poeziyasından qopan söz çınqıllarından qorxdu. Zatən qorxulası idi də.

İstəmirəm adımı çağırsınlar Xaqani,

Mən yoxsullar şairi xəlqaniyəm, xəlqani, -

deyən birindən nə desən gözləmək olardı. Söz döyüşü gizli qılınc döyüşünə çevrilirdi. “Gedər qılınc yarası, getməz söz yarası” deyiblər. Nəticə gecikmədi: Şamaxıda parlayan bu istedadı – Əfzələddin Xaqanini həbs edib Şamaxı qalasında zindana atdılar. Sanki istedadsızlar duymuşdular: “Töhfətül-İraqeyn” kimi parlaq bir əsər yazacaq bu yetənək sahibi onların onsuz da qısıq olan ədəbi istedadlarına kölgə salacaqdı.

Şair həbsxanada da dinc durmadı. Bir-birindən gözəl əsərlər yazdı. Xüsusilə, onun “Həbsiyyə” əsəri həbsxanada olan şairi bütün Şərqdə tanıtdı. Qorxuya düşən şirvanşah onu azad etməyə məcbur oldu. Təbii ki, şərtlə: əslində bu, zorən mühacirətə göndərilmə idi. Şair doğma torpağa – Təbrizə gedəsi oldu. Bütün Şərqdə adı dillərdə dolaşan Xaqani Təbrizdə vəfat etdi.

Xaqani Şirvani
Xaqani Şirvani

Kiçik ürəkli və ürəkləri qədər də yaradıcılıqları olan saray avantüristlərindən fərqli olaraq heç bir saraya sığmayan böyük Nizami o vaxt ustadı Xaqaniyə mərsiyə yazdı:”İstərdim sən mənim mərsiyəxanım olasan, Amma mən sənə mərsiyə yazası oldum.”

***

Zaman-zaman şahların davalarına şairləri də qatıblar həmişə. Ya bəlkə şairlər özləri qarışıblar bu savaşa. Bu davaların pik nöqtəsi Qacar-İbrahim xan davasında Vaqifin başının getməsi olub. Vaqifin şairliyinə sözüm yox, amma iç və dış savaşlara tərəf olmağı onun mübarək başının vurulmasıyla nəticələndi. Vidadi ona mərsiyəxanlıq etdi.

***

Və gəldik çıxdıq mütəqəlqəl sovet dövrünə.

Əvvəl-əvvəl S.Rüstəm, S.Vurğun, R.Rza qılınclarını sıyırıb düşdülər Hüseyn Cavidin, Əhməd Cavadın və Mikayıl Müşfiq də daxil millətsevər gənclərin üstünə. Döy ki döyəcəksən, kəs ki kəsəcəksən. “Bəs mənim ölkəmin varlığı hanı?” deyən S.Vurğun ustad Cavidə dərs keçməyə başladı. R.Rza dostlarıyla birləşib Müşfiqə zərbə vurandan xeyli sonra “Qızılgül olmayaydı” poemasını yazdı. S.Vurğun Ə.Cavadın məhv edildiyinə əmin olandan sonra onun “Azərbaycan” şeirini imitasiya edərək özününküləşdirdi. Sonra “Bakının sayrışan ulduzlarından, çadrasız, boyasız türk qızlarından rəhbərə (oxu –Stalinə) salam” apardı. Bir başqası isə isə lap gül vurdu:

Stalin, sənə qurban olsun, canım, başım,

Bir də evimizdəki həyat yoldaşım.

Bu da cəhənnəmə, onlar təbiətin də işinə əl apardılar - özlərinin kanalizasiya qoxulu misralarını artıq məhv edilmiş şairlərdən Leninə, partiyaya çevirdilər, özü də necə!

Günəş şimaldan doğmaz deyir təbiət elmi,

Lenin şimaldan doğdu, Lenin günəş deyilmı?!

Hüseyn Cavid
Hüseyn Cavid

Cavid getdi, Cavad getdi, Müşfiq getdi... Amma yazıçıların iç davası səngimədi. Səməd Vurğun cəbhəsiylə Rəsul Rza cəbhəsi uzun illər Azərbaycan ədəbiyyatını düz yolundan sapdırdı. Məqsəd xalqın rifahı, quldur sovet rejiminə qarşı mübarizə, azadlıq idealları olmalıykən, “seyid atı”yla (R.Rza 11 hecalı şeirə ironiya ilə belə deyirdi) sərbəst şeir tərəfdarlarının davası oldu. “Sərbəst şeiri” uzun-qısa misralardan ibarət şeir kimi başa düşənlər anlamadılar ki, “sərbəst” sözü ancaq Nazimə yaraşırdı –“Bəylər, bu vətənə necə qıydınız?!” deyən Nazimə! Yoxsa Lenin haqqında poema yazan R.Rzaya yox!

Özlərindən ağsaqqal şairləri gedər-gəlməzə göndərənlər əsl istedadlara da qənim kəsilmişdilər: Əli Kərimi işsiz qoyduqları yetmədi, onu alkoqolun girovuna çevirib məhv etdilər. Uzun zaman işsiz qalan Sərdar Əsəd özünü asdı. Məsud Əlioğlu da, Tofiq Qəhrəmanov da elə...

R.Rza ilə S.Vurğun savaşı bu gün də sürür Azərbaycanda. Dəyişən adlardır. Mahiyyət qalır. Bir tərəfdə Cavanşir Yusiflinin qılınc qurşamasına baxır cavanlar, o biri tərəfdə adı bəlli şairin qalxan tutmasına. Əcəba, bunlar özlərimi? Təəssüf ki, ayıq olanlar bilir belə olmadığını. İşin mahiyyəti çoooox dərindədir. Arxada görünməyən qüvvələr var. Amma xoruzun quyruğu çöldədir axı...

Bir gənclə bu yaxınlarda söhbət edirdik. Onun sözləridir: “Müəllim, biz gənclər sizi çox istəyirik. Amma niyə orta nəsil, yaxud sizdən yaşlılar sizi və sizin min bir əziyyətlə buraxdığınız dərgini ciddiyə almırlar, görməməzliyə vururlar?” dedi. Mən güldüm və sevindim də. Demək, mən o mənasız savaşlarçün doğulmamışam.

Facebook səhifəmdə yazdığım statusu burada təkrarlamaq zorundayam:”

Tələbələrimə və yazıya yeni başlayan gənclərə: Sükut pozuldu.

Ədəbiyyatımızda min il əvvəl başlayan və sovet dövründə pik nöqtəsinə qalxan ölüm-dirim savaşı yenidən start götürüb. Heç bir tərəfə qoşulmamaq şərtilə bu şər savaşına tamaşaçı olun və özünüzçün qeydlər edin. Lazımınız olar.”

Bir neçə kəlmə də “cinah döyüşü” aparanlara: nə etdiyinizlə işim yox, gəncliyə pis örnək olmayın. Daha vacib, daha önəmli iş üçün vuruşun. Həyat çox qısadır. Nə olsun ki, bura Şərqdir, nə olsun ki, sizin tarixdə “şair şairin başın istəyib?”

Baş vurdurmaqdan baş işlətmək daha sərfəlidir.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG