Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:48

Gömrükdən rüşvət götürülsə...


Arxiv fotosu
Arxiv fotosu

-

«Bu, bahalaşma yox, soyğunçuluğun başlanğıcıdır. 18 manat 70 qəpiyə aldığım keçi südünü bu gün 24 manata aldım. Heç dağ keçisi bir gecəyə bu qədər yüksəyə qalxa bilməzdi».

Əhməd Muxtar adlı istifadəçi fevralın 22-də – manat dəyərdən dünşəndən bir gün sonra öz facebook hesabında belə yazıb.

NAZİRLİK: ƏVVƏLKİ QİYMƏTLƏR TƏMİN EDİLİB...

Mərkəzi Bankın qərarı ilə manat bir gündə təxminən 34 faiz uculaşaraq 1 ABŞ dolları – 1,05 AZ​N oldu. Bundan sonra marketlərdə, aptek və bazarlarda məişət əşyalarından tutmuş, dərmana qədər – az qala bütün məhsullar bahalaşdı.

Fevralın 25-də İqtisadiyyat və Sənaye Nazirliyi istehlak bazarında süni qiymət artımının və sui-istifadə hallarının qarşısının alınması məqsədilə intensiv nəzarət tədbirləri haqda məlumat yayıb. Məlumatda deyilir ki, adiyyəti dövlət qurumları ilə birlikdə görülmüş tədbirlər nəticəsində əsas ərzaq məhsullarının və dərman preparatlarının satış qiymətlərinin əvvəlki səviyyədə saxlanılması təmin edilib.

«XALQ HAKİMİYYƏTƏ İNAMINI İTİRİB»​

30 ilin müəllimi Salam Mahmudov deyir ki, nazirliyin bu məlumatını eşidib, lap hirslənib. Aylıq 180 manat əməkhaqqı qarşılığında nə edəcəyini bilmir:

«Bazarda adicə göy-göyərtinin qiyməti belə bahalanıb. Hansı tənzimlənmədən söhbət gedir. Bunlar ən yüksək səviyyədə çıxıb xalqı əmin etdilər ki, manat ucuzlaşmayacaq, amma bir gecənin içində manatı 34 faiz ucuzlaşdırdılar. Sözlərinin kəsəri olmayan məmurlara, nazirlərə xaql öz inamını itirib».

Sahibkarlara tam azad, inhisarsız iqtisadi şərait yaradılmalıdır, islahatlar aparılmalıdır

Keçmiş millət vəkili, iqtisadçı Nazim Məmmədov hökumətə tövsiyyə edir ki, sahibkarlara tam azad, inhisarsız iqtisadi şərait yaradılmalıdır, islahatlar aparılmalıdır. Nazim Məmmədov özəlliklə, gömrük komitəsini vurğulayır.

GÖMRÜKDƏ RÜŞVƏT ARADAN QALXSA...

Vidadi Ağayev İran Azərbaycan sərhədi açılandan bəri – azı 20 ildir Arazın o tayından bu tayına mal gətirir. Deyir ki, gömrükdə normal vəziyyət yaradılsa, rüşvət aradan qalxsa, hər kəs istədiyi məhsulu gətirə bilsə, vəziyyət bu qədər pis olmaz:

Amma nə olsun sərhəddən keçirməyə qoymurlar. Adicə kartof nədir ki, onu belə buraxmırlar sərhəddən. Kartof ikinci çörək sayılır. Bunlar xalqı düşünmür...

«Deyirlər ki, görünən dağa bələdçi gərək deyil. Gömrükdə rüşvət, qadağalar aradan qalxsa əksinə ucuzlaşma olar. Təsəvvür edin İranda şəkər tozu 50 qəpik, burda 1 - 1 manat 20 qəpikdir, orda kilosu 3 manata olan yağ burda 10-12 manatdır. Hər şey ucuzdur orada. Amma nə olsun sərhəddən keçirməyə qoymurlar. Adicə kartof nədir ki, onu belə buraxmırlar sərhəddən. Kartof ikinci çörək sayılır. Bunlar xalqı düşünmür. Xalqı düşünsəydilər bir gecədə manatı 35 faiz ucuzlaşdırıb, insanları bu günə salmazdılar».

İLHAM ƏLİYEV: BELƏ GETSƏYDİ...

Prezident İlham Əliyev fevralın 24-də manatın ucuzlaşmasından danışıb. Prezident deyib ki, əslində Mərkəzi Bank manatın məzənnəsinin dəyərdən düşəcəyinə siqnal verib:

İlham Əliyevin Mingəçevirdə görüşü
İlham Əliyevin Mingəçevirdə görüşü

«Mərkəzi Bank ilin sonunadək manatın məzənnəsinin düşəcəyi ilə bağlı açıqlaması bir siqnal idi ki, insanlar buna hazır olsunlar. Bəzi spekulyantlar, möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün bundan istifadə etdilər. Belə olan halda bizim valyuta ehtiyatlarımız, Mərkəzi Bankın valyuta ehtiyatları azalmağa başladı. Hər gün minimum 500 milyon dollar bazardan alınıb. Əgər belə getsə idi, ilin axırına qədər Mərkəzi Bankın valyuta ehtiyatları kəskin azalardı. Belə olan halda qərar qəbul edildi ki, manat ucuzlaşsın, əslində əvvəlki səviyyəyə endirilsin».

Valyuta bazarında dolların digər məzənnələrə nisbətdə bahalaşmasından sonra müstəqil iqtisadçılar hökumətə manatın bazar qiymətinə uyğun ucuzlaşmasını təklif edirdilər. Xəbərdarlıq edirdilər ki, manatı sabit saxlayıb, birdən-birə uzulaşdırmaq ciddi fəsadlar verə bilər.

QİYMƏT ARTIMI QAÇILMAZDIR...

Azərbaycan bu gün bu fəsadlarla üz-üzə qalıb. Məhsul bahalanır, insanların dollarla götürdükləri kreditlər, banklara manatla qoyduqları əmanətlər. Sahibkarlar dolların ucuz olan vaxtı aldıqları məhsulu indi bahalanan vaxtı satsalar itirəcəklər. Odur ki, belə halda qiymət artımı gözləniləndir.

Arxiv fotosu
Arxiv fotosu

REAL Hərəkatı Azərbaycanda qiymət artımı ilə bağlı mövqeyini açıqlayıb. Sənəddə deyilir ki, manatın ucuzlaşmasından sonra ölkədə kiçik və orta sahibkarlara «süni qiymət artımı» və «möhtəkirliklə mübarizə» tədbirləri adı ilə sərt basqılar, nəzarətin gücləndirilməsi ilə bağlı xəbərlər gəlir. REAL hesab edir ki, bu addımların əsas məqsədi sərt devalvasiyasının doğurduğu sosial nəticələrin məsuliyyətini hökumətin üzərindən kiçik və orta sahibkarların üzərinə keçirməkdi:

«Xarici valyutaların bahalandığı şəraitdə həmin valyutalarla ölkəyə idxal olunan məhsulların, xammalın və son məhsulun hazırlanması üçün yarımfabrikatların qiymət artımı qaçılmazdı. Lakin aydın məsələdir ki, bazar iqtisadiyyatı qanunlarının, məhkəmə sisteminin effektiv çalışdığı sağlam və ədalətli rəqabət mühiti şəraitndə rəsmi təbliğatda tez-tez istifadə olunan «süni qiymət artımı», «möhtəkirlik» mümkün deyil».

ÇIXIŞ YOLU...

REAL sonda problemin çıxış yolu kimi aşağıdakı təklifləri verir:

· idxal üzərində inhisarçılıqla mübarizə

· istənilən sahibkarın idxal fəaliyyətinə şərait yaratmaq və inzibati maneləri aradan qaldırmaq

· ölkədə istehsal olunmayan, yaxud daxili tələbatın əhəmiyyətli hissəsi idxal hesabına ödənilən zəruri qida məhsullarına təbiq olunan gömrük ödənişləri azaldılmalı və ya müəyyən müddətə vergidən azad edilməli

· Sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələr ölkəyə daha ucuz və insan sağlamlığı üçün keyfiyyətsiz məhsulların idxalını genişləndirə bilər. Bu artıq ölkənin qida təhlükəsizliyinin təhdid altına atılmasıdır.

· Sərt qiymət müdaxilələri rəsmi satış yerlərində qida məhsullarının qıtlaşmasına və sovet dövründə olduğu kimi “qara bazar”ın genişlənməsinə səbəb ola bilər

· Hökumətin ölkənin düşdüyü ağır durumdan çıxarmaq üçün düşünülmüş bir proqramı yoxdur. Həmin proqramı hazılamaq

· pərakəndə satışla məşğul olan xırda sahibkarlara deyil, ölkədə inhisar yaratmış, birbaşa məmurlara bağlı olan strukturlarla mübarizə aparmalıdır.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu gün daha bir xəbərdarlıq yayıb. Orada deyilir ki, süni qiymət artımına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək.

XS
SM
MD
LG