Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:54

"Küt, dayaz adamlara üstünlük verilir"


Nadir Qocabəyli
Nadir Qocabəyli

-

"Azərbaycanda hara getsən, kiminsə qohumu, tanışı, yaxını olmalısan, yoxsa heç bir şansın yoxdur. İqtidarda da, müxalifətdə də eyni prinsiplər işləyir".

"Mən əminəm ki, Afaq xanım göndərilən əsərləri oxumadan, əlinə bir qələm alıb, istəmədiyi tərcüməçilərin adını ordan çıxarıb..."

Tərcüməçi Nadir Qocabəyli ilə söhbət

- Nadir bəy, bildiyim qədəriylə, ilk ixtisasının tərcüməçilik deyil, necə oldu bu sənətlə məşğul olmağa başladınız?

- Mən ixtisasca filoloqam, filologiya fakültəsində oxuyanda Azərbaycan dilində ədəbiyyatın çox az olduğunu gördüm. İnsanlar rusca oxumaq məcburiyyətində idi. İlk dəfə, 18 yaşım olanda ruscadan Somerset Moemin bir hekayəsini çevirdim.

Sonrakı illərdə çörəkpulu qazanmaq üçün tərcüməylə yenidən məşğul olmağa başladım. Bir tərcümə mərkəzi yaratdım, ondan sonra boş vaxtlarımda baş qatmaq üçün bədii tərcümə ilə məşğul olmağa başladım. Peşəkar səviyyədə 2003-cü ildən bəri bədii tərcümə ilə məşğulam.

- Adətən deyirlər ki, tərcüməçi ədəbiyyatda yan sahələrlə məşğuldur, onu tam ədəbiyyat adamı hesab etmək olmaz. Sizcə, tərcüməçilər yazıçı olmağa istedadı çatmayan, amma yenə də yazmaq istəyənlərdi, yoxsa fərqli mədəniyyəti öz xalqına çatdırmaq arzusu ilə yanan xeyirxahlardır?

- Heç birini doğru hesab etmirəm. Doğrudur, əsər yazmaq əsər tərcümə etməkdən qat-qat çox enerji tələb edir. Əgər gündə 5 səhifə əsər tərcümə edirəmsə, özüm yazanda bundan xeyli az yaza bilərəm.

Nadir Qocabəylinin çevirdiyi kitablar
Nadir Qocabəylinin çevirdiyi kitablar

Hər halda tərcüməçi süjet qurmur, hadisələrin sonunu düşünmür, tərcüməçinin yeganə dərdi, başqa dildə yazılan mətni çevirməkdir. Ancaq bununla bərabər yazıçıların çoxu həm də tərcümə ilə məşğul olub. Mənə görə, tərcüməçilik, yazıçılıq yolunda bir mərhələdir.

Mənim tərcüməylə məşğul olmağımın səbəbi budur ki, yazıçılıq tərcüməçilikdən ikiqat ağır işdir. O ağır işin nəticəsində ortaya çıxan məhsulun bizim ölkədə alıcısı yoxdur. Tərcümələrimi nəşriyyatlar alır, yazılarımı isə almırlar. Bu halda nəyə görə iki-üç qat güc, enerji sərf etməliyəm? Mənə yazıçı deyilməsi üçünmü?

Bizdə əksər yazıçılar ancaq onlara yazıçı deyilməsi üçün tələsik bir roman yazıb ortaya atırlar. Onların əksəriyyəti makulaturadır, hal-hazırkı dövrdə ciddi nəsr əsərlərinin yarandığına inanmıram. Bizim ədəbi mühitdə əsgərliyə getməmiş roman yazanlar var.

- Sizcə, tərcümə cəmiyyətə hansı faydaları verir, nəyi dəyişir?

- Çox geniş sualdır, bu suala tərcümə nəzəriyyəsi ilə məşğul olanlar cavab verməlidir, təəssüf ki, bizdə bu sahə yerli-dibli yoxdur. Məsəlçün, akademik Avtonomova fəlsəfi mətnlərin tərcüməsi ilə məşğuldur, həm də filosofdur, onun bir fikri var: Yunan fəlsəfəsi istisna olmaqla, Avropadakı bütün fəlsəfi cərəyanlar tərcümə vasitəsilə ortaya çıxıb.

Biz bilirik ki, modern ədəbiyyatın bütün janrları bizə Avropadan gəlib, əvvəlcə o dövrün əsərlərini tərcümə ediblər, sonra ona uyğun milli əsərlərimizi yaradıblar, digər bir tərəfdən hər hansı bir xalqın yaratdığı əsərləri tərcümə edəndə istər-istəməz özümüzü onlarla müqayisə edirik, onların adət-ənənələri haqda düşünməyə məcbur oluruq. Beləliklə, tərcümə bəşəri mədəniyyəti geniş şəkildə yayan vasitələrdən biridir. Bir dəfə bu haqda yazmışam: Hələlik bizdə hər şey tərcümədir, özümüzün heç nəyimiz yoxdur. Biz hələ qərbdəki mədəniyyətə çatmağa çalışırıq. Təəssüf ki, bizdə tərcümənin institutu formalaşmayıb, hələlik rüşeym halındadır.

- Bəziləri hazırkı hakimiyyətin bilərəkdən ölkədə kitabın, tərcümənin, ədəbiyyatın, təhsilin tərəqqisinə yol vermədiyini iddia edirlər. Sizcə kitabın ölkədəki indiki vəziyyəti yanlış siyasətin, qəsdən kütləşdirmənin nəticəsi sayıla bilərmi?

- Hökümətin kitab çapına, təbliğinə qayğı göstərməsi vacibdir, bu məsələ ilə bağlı aydın, dəqiq proqram olmalıdır, mərhələ-mərhələ həyata keçməlidir. Ancaq bu o demək deyil ki, hakimiyyət bu sahəyə can yandıran kimi, hər şey həll olunacaq. Məsələ ondadır ki, cəmiyyətin özünün kitaba münasibəti birmənalı deyil. Görürük ki, insanlar toylara, yemək-içməklərə, əyləncəyə pul tapırlar, amma kitaba tapmırlar.

Məndə olan məlumata görə, “Qanun” nəşriyyatının kitablarını alan cəmi 300 nəfər daimi oxucu var. Ancaq mənə elə gəlir ki, Azərbaycanda 30 minə yaxın potensial oxucu mövcuddur. Bəs bu kitab oxuyanlar hardadır?

(Ardı aşağıda)

"Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu ilə
"Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu ilə

Deyim sizə, kim necə iddia edirsə-etsin, mən elə düşünürəm ki, restorana gedənlərlə kitab oxuyanlar tamamilə ayrı-ayrı kontingentlərdir, onların maddi durumu bir-birindən fərqlidir, kitab oxuyan adamlar əsasən yoxsullardır. Uzağa niyə gedirik, biri mən özüm, kitab ala bilmirəm. Mənim gəlirim kitab almağa çatmır, məcburən internetdən yükləyib oxuyuram. Mən hesab etmirəm ki, hakimiyyət düşünülmüş şəkildə kitaba maneə yaradır.

Sadəcə olaraq, bizim məmurların fəaliyyəti bütün sahələrdə olduğu kimi, mədəni sahədə də yarıtmazdır. Məmurların başı başqa işlərə qarışıb, bir məmurun öz işi ilə məşğul olması üçün gərək fikrində başqa şeylər olmasın. Halbuki, bizim məmurlar daim gəlir götürmək, götürdüyü gəlirdən kiməsə nəsə vermək haqda düşünürlər. Nəzərə alın ki, bizdə mədəniyyət sahəsində maaşlar çox aşağıdır. Və o sahələrdə fərqli, təşəbbüskar adamlara da yer yoxdur. Orda daha çox düşünə bilməyən, küt, dayaz adamlara üstünlük verilir.

- Belə çıxır ki, bunun zərərini də hökümət və məmurlar özləri çəkir, ölkədə işləməyə savadlı kadrlar tapmaq çətinləşir...

- Əgər bizim hökümət savadlı adamlara qiymət versəydi, mən sizinlə razılaşardım. Axı, savadlı adamlar küçədə qalıb, heç onlara yer yoxdur. Fərqli fikirli yaradıcı adamların cəmiyyətin dəyişdirilməsindəki rolunu sıfra endiriblər.

- Yeri gəlmişkən, bu yaxınlarda Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin keçirdiyi müsabiqədən uzaqlaşdırıldınız, bu haqda verdiyiniz açıqlamada səbəbləri tam aydın sezə bilmədim. Fərqli fikirli bir yaradıcı adam kimi, hökumətin mədəni layihələrində sizə münasibət necə olur?

- Əvvəla, mən həmişə hökumətin bütün layihələrində iştirak etməyə, cəmiyyətin dəyişimində bir rola sahib olmağa çalışmışam. Məsəlçün, Bilik fondu yarananda onlara əməkdaşlıq istəyimi bildirdim, bu istəyimdən dolayı mənə təşəkkürlərini bildirdilər.

Ancaq hökumətin mədəni layihələri elan olunanda ilk növbədə onun məqsədinin nə olduğunu düşünmək lazımdır. Məsəlçün, “150 cildlik dünya ədəbiyyatı” layihəsi elan edildi, görünən məqsəd dünyanın tanınmış yazıçılarının əsərlərini Azərbaycan oxucusuna çatdırmaq idi, görünməyən, əsl məqsəd isə, dövlətin büdcəsindən müəyyən vəsait ayrılmasına nail olmaq və sonra o vəsaitin xərclənməsini nəzarətə almaq idi.

Əsas məqsəd ikincidir, mən buna öz şəxsi təcrübəm sayəsində tam əmin olmuşam. Vaxtilə o layihənin ideyavericilərindən biri mən olmuşam. Onda Şərq-Qərb nəşriyyatında işləyirdim, ideyamı bildirdim, sonra prezident aparatından mənə zəng vurdular, məndən tərcümə olunmalı müəlliflərin siyahısını soruşdular, layihə ərsəyə gələndə məlum oldu ki, mənimlə işləmək istəmirlər.

Səbəb kimi də onu göstərdilər ki, biz səni tanımırıq. O layihənin başında dayananlar istəyirdilər yalnız tanıdıqları adamları ora yığsınlar, qohumbazlıq, dostbazlıqla məşğul olsunlar. Mən radikallıq etmək istəmirəm, hansısa formada əməkdaşlıq etmək, işi irəliyə aparmaq lazımdır. Ancaq adını çəkmək istəmədiyim, o layihədə iştirak edən bir şair, mənə etiraf etdi ki, layihə rəhbərləri kitabları qohumlarına, dost-tanışına payladılar.

Deməli, Azərbaycanda hara getsən, kiminsə qohumu, tanışı, yaxını olmalısan, yoxsa heç bir şansın yoxdur. İqtidarda da, müxalifətdə də eyni prinsiplər işləyir.

İndi dostlar, tanışlar məni inandırmağa çalışır ki, Tərcümə Mərkəzinin rəhbəri Afaq Məsudun mənim müsabiqədən uzaqlaşdırılmağımla heç bir əlaqəsi yoxdur, amma mən əminəm ki, Afaq xanım göndərilən əsərləri oxumadan, əlinə bir qələm alıb, istəmədiyi tərcüməçilərin adını ordan çıxarıb, çünki mənim onların çirkli niyyətlərində iştirak etməyəcəyim öncədən bəlliydi, çünki onlar müstəqil bir adamın varlığını həzm etmək durumunda olmayan adamlardır.

XS
SM
MD
LG