Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:53

Boris Nemtsov öldürüldü


Öldürülmüş Boris Nemtsov (Social media)
Öldürülmüş Boris Nemtsov (Social media)

-

Rusiya müxalifətinin tanınmış liderlərindən olan Boris Nemtsov fevralın 27-də Moskvada öldürülüb. İnformasiya agentlikləri Boris Nemtsovun gecə saatlarında Moskvanın mərkəzində gəzinti zamanı naməlum adamlar tərəfindən gülllələndiyini, aldığı 4 güllə yarasından isə öldüyünü xəbər verirlər.

Rəsmilər müxalifət liderinin qətlə yetirildiyini təsdiqləsələr də hələlik hadisənin təfərrüatları barədə ətraflı məlumat yoxdur.

Boris Nemtsov Rusiya prezidenti Vladimir Putinin ən sərt tənqidçilərindən idi.

O, Rusiya Baş nazirinin müavini olmuşdu. Keçmiş prezident Boris Yeltsindən sonra ölkə rəhbərliyinə ən şanslı namizəd kimi uzun müddət adı hallanmışdı.

Amma sonradan müxalifətə keçmiş, prezident Vladimir Putinin sərt tənqidçisinə çevrilmişdi.

Boris Nemtsovun 55 yaşı vardı.

O, 1991-ci ildə - hələ 31 yaşında Nijeqorodsk vilayətinin ilk qubernatoru təyin edilmişdi. 1997-ci ildə Yanacaq Energetika naziri kimi hökumətə daxil olmuşdu. 1997-1998-ci illərdə həm bu vəzifədə işləmiş, həm də Baş nazirin Birinci müavini olmuşdu.

1998-ci ildə liberal gənclər hərəkatı təsis etdi. Sonradan həmin gənclər hərəkatı "Sağ qüvvələrin birliyi" partiyasının əsasını təşkil etdi.

Boris Nemtsov 1990-2003-cü illərdə parlament seçkilərində qalib gəlib, parlamentdə müxtəlif komissiyalara rəhbərlik edib.

Rusiya müxalifətinin əsas təşkilatlarından olan "RPR-Parnas" siyasi partiyasının həmsədri, müxalifətin koordinasiya şurasının üzvü idi.

Rusiyada son illər prezident Vladimir Putinin əleyhinə keçirilən çoxminlik "Narazıların yürüşü", "Ədalətli seçkilər naminə" aksiyalarının təşkilatçılarından olub.

O, həmçinin prezident Vlaimir Putini böyük korrupsiya əməllərində ittiham edən səs-küylü hesabatların müəlliflərindən biri idi.

XS
SM
MD
LG