Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 03:05

Vəkil: 'Bu qətlin üstü açılmazsa, bu millətin yaşama haqqı yoxdur'


Elmar Hüseynov
Elmar Hüseynov

Martın 2-də Elmar Hüseynovun mənzilinin kandarında öldürülməsindən 13 il ötür. O hakimiyyəti tənqid edən «Monitor» jurnalının redaktoru idi. Ölümündən sonra xanımı və azyaşlı oğlu Norveçə mühacirət etdi. 2005-ci il martın 2-də törədilən qətlə görə məsuliyyət daşıyanlar hələ də cəzalandırılmayıb.

Hüquqşünas Aslan İsmayılov E.Hüseynovun yaxın dostlarından biri idi. «Monitor» jurnalının təsisçiliyində A.İsmayılovun da payı vardı. Qətlinin 10-ci ildönümündə sosial şəbəkədə Elmarla bağlı paylaşdığı yazı marağa səbəb olub. AzadlıqRadiosuna müsahibəsində A.İsmayılov Elmarlı xatirələrinin bu yazı ilə bitmədiyini deyir, xatirələri gələcəkdə kitab halında çap etdirmək niyyətindədir.

- Aslan bəy, sosial şəbəkədə paylaşdığınız yazı Elmarla çox yaxın dost olduğunuzu göstərir. Amma onu da yazırsız ki, bu günədək onun barəsində heç vaxt yazmamısız, anım tədbirlərinə qoşulmamısız. Amma xatirənizdə çoxuna maraqlı gələ bilən məqamlar az deyil. Niyə bunları bölüşmək istəməmisiz?

- Elmarla son iki ili danışmırdıq. Aramızda bir inciklik var idi. Amma bundan öncə düz 3 il gündə demək olar 20 saat birlikdə olmuşuq. Ona görə də Elmarın kimlərə necə yanaşdığını çox yaxşı bilirdim. Çünki biz demək olar ki, hər şeyi bölüşürdük. Bilirdim ki, kimlər Elmara nifrət edir. Elmar özü heç kimə nifrət etmirdi, amma xoşlamadığı insanlar var idi, onlarla hətta bir məclisdə də oturmaq istəmirdi. Öldürüləndən sonra Elmar Fondu yaradılanda belə bir fikir var idi ki, fonda mən rəhbərlik edim. İclasa bir qədər gecikmişdim, gəlib görəndə

Elmara nifrət edənlərin çoxu onun istedadına həsəd aparan insanlar idi...

ki, orada kimlər var, kimlər çıxış edir, sakitcə tərk etdim. Çünki iclasda Elmara sağ ikən ən ciddi zərbələr vurmuş insanlar da danışırdı. Elmara nifrət edənlərin çoxu onun istedadına həsəd aparan insanlar idi.

- İndi nə baş verdi ki, birdən bu xatirələri vərəqlədiz?

Aslan İsmayılov
Aslan İsmayılov

- Düzü belə bir yazı yazmaq fikrində deyildim. Xatirələr, əlimdə olan materiallardan kitab yazmaq niyyətindəyəm və kitab çıxana kimi heç nə yazmaq istəmirdim. Amma dünən Elmarın heç həyatda tanımadığım qohumunun mənim facebook səhifəmə yazması ki, «Elmar sizin haqqınızda çox danışırdı, oğluna da sizin adınızı qoyub» mənə bir stimul verdi və həmin yazını bir nəfəsə yazdım. Arxiv materiallarım var, amma yazıda bunların heç birindən istifadə etmədim, yalnız hafizəmdə olanları yazdım.

- Necə oldu ki, birlikdə yola çıxdığınız halda sonradan yollarınız ayrıldı?

Elmar Hüseynov ailəsiylə birlikdə
Elmar Hüseynov ailəsiylə birlikdə

- Aramızdaki inciklik mənim günahım deyildi. Amma indiki ağlım olsaydı belə bir səhvə yol verməzdim, böyüklük edib özüm birinci addım atardım. Bizi o vaxt üz-üzə qoymaq istəyən çox qüvvələr var idi və o qüvvələr qalib gəldilər. Aramızda çox xırda söhbət olmuşdu, içki məclislərinin birində mənlə bağlı bir ifadə işlətmişdi, onu da mənə çatdırmışdılar. Bircə cümləyə görə inciklik yarandı aramızda. Ikimiz də qürurlu olduğumuza görə birinci addımı atmadıq. Amma indi düşünürəm ki, o, yəqin məni təhlükədən uzaq tutmaq üçün belə edib. Çünki həmişə deyirdi ki, üç övladın var, təhlükədən uzaq dur.

- Xatirələrinizdən bəlli olur ki, oğlu Aslana məhz sizin adınızı verib. Adaşınızla görüşürsüz, atası ilə bağlı xatirələrinizi onunla bölüşürsüz?

- Yox, həyatda görməmişəm onu. Amma iki oğlumun ikisinə də demişəm ki, sizin Aslan adında da qardaşınız var, ona həmişə dayaq olun.

- Bir gün Elmarla bağlı kitab yazacağınızı istisna etmirsiz. Sizcə, o gün yetişməyib?

- Fikrim var ki, 60 yaşımdan sonra kitab yazmağa başlayım. Oturub xatirələrimi yazacam.

- Sizcə bu günün işini sabaha qoymursuz?

«Monitor»u buraxmaq nə qədər çətin idisə, o qədər də şərəfli idi...

- O xatirələr elə bir şeydir ki, hafizəmdən heç vaxt silinməz. Elmarla keçən dövr həyatımın ən məzmunlu dövrüdür. «Monitor»u buraxmaq nə qədər çətin idisə, o qədər də şərəfli idi. Elmar isə həyatda mənə mənəvi baxımdan ən yaxın insan olub. Onunla bağlı fikirlərim heç vaxt yaddan çıxmaz.

- Bir vəkil, hüquqşünas kimi necə düşünürsüz, bu cinayətin açılması belə çətindir ki, 10 ilə heç nə dəyişməyib?

- Elmar dəfn olunan gün hərə qətllə bağlı bir versiya səsləndirirdi. Mən isə sözümü onda dedim və o fikir indi də aktualdır. Hökumət istəsə çox qısa vaxt ərzində qətlin üstünü açar, çünki bunu açmaqda heç bir problem yoxdur, əgər qətlin üstünü açmırsa, demək ki, bunda maraqlıdır.

- Sizcə bu cinayətin üstünün açılacağı gün olacaq?

- Yüz faiz olacaq. Əgər bu qətlin üstü açılmazsa, bu millətin yaşama haqqı yoxdur. Bu məsələdə sadəcə zamana ehtiyac var. Gec, ya tez qətli sifariş edənin də, həyata keçirənin də kimliyi bəlli olacaq.

- Yazdıqlarınızdan görünür ki, 10 il əvvəl bu proseslərin, medianın az-çox içində olmusuz. O dövrlə bu günü necə müqayisə edərdiz?

- Az yox, medianın içində kifayət qədər çox olmuşam. O zaman senzura əlindən ağ vərəqdə çıxan qəzetlər məhz bizim çap evi yaranandan sonra nəşr olunmağa başladı. O dövrlə bugünkü gün müqayisə olunmaz dərəcədə fərqlidir. İndi ən tanınmış qəzetlərdən birinin prezident aparatı tərəfindən idarə olunmasını hamı bilir. O dövrdə belə bir şey yox idi, həqiqətən də müstəqil mətbuat var idi. İndi istər iqtidar, istərsə də müxalifətdən asılı olmayan müstəqil mətbuat yox səviyyəsindədir, qismən «Azadlıq» qəzetini çıxmaq şərtilə. O dövrdə mediadan bir qorxu, bir hesablaşma var idi. «Monitor»a basqılar da onunla bağlı idi. Amma qorxu var idi deyə, basqılar da bugünkü kimi sərt deyildi. İndi isə xüsusən də hakimiyyətin mediadan qorxusu yoxdur, yazılanlar heç bir təsir gücünə malik deyil. İndi isə basqı kifayət qədər güclüdür və mən bu basqının jurnalistlərdən çox müxalifətə qarşı olduğunu deyərdim.

- Amma bu gün həbsdə təkcə müxalifətçilər yox, həm də jurnalistlər var…

- Mən deyərdim ki, elə həbsdə olan jurnalistlər də sırf müxalifətlə əməkdaşlıq edənlərdir.

- Sizcə bu günün Elmarı kimdir?

- Bu günün Elmarı yoxdur, heç onunla müqayisə olunacaq biri də yoxdur. O, sözün əsl mənasında müstəqil jurnalist idi ki, ona hakimiyyət necə nifrət edirdisə, müxalifət də elə nifrət edirdi. Mən onun qədər əqidəli, vicdanlı ikinci bir insan tanımıram.

XS
SM
MD
LG