Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:38

Zərərçəkəndən vəkillərə iddia: «Özünüzü reklam edirsiz»


Hüquqşünas İntiqam Əliyev (arxiv fotosu)
Hüquqşünas İntiqam Əliyev (arxiv fotosu)

-
Martın 3-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hüquqşünas İntiqam Əliyevin məhkəmə prosesi davam edib. Məhkəmədə İntiqam Əliyevin rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətində mühasib olmuş Gülşən Orucovanın zərərçəkən kimi dindirilib.

Gülşən Orucova vəkillərin suallarını cavablandırıb. Vəkillər onun istintaqa verdiyi ifadə ilə məhkəmə ifadəsi arasında ziddiyyətin olduğunu bildiriblər. Gülşən Orucova istintaqda İntiqam Əliyevdən qeyri-qanuni pul almadığını desə də, məhkəmədəki ifadəsində ona 500 manat məbləğində qeyri-qanuni ödənişin olduğunu bildirib. Gülşən Orucova bu ziddiyyəti vəkillərin onu düzgün başa düşməməsi ilə izah edib.

Daha sonra vəkillər bildiriblər ki, istintaqa ifadəsindən və bank sənədlərindən görünür ki, Gülşən Orucova bacısı Əfsanə Orucovanın hesabına guya onun tərcüməçi xidmətinə görə ödəmələr edib. Halbuki qurum rəhbəri İntiqam Əliyev Əfsanə Orucovanın tərcüməçi kimi xidmət göstərmədiyini iddia edir. Gülşən Orucova isə məhkəməyə bildirib ki, tərcüməçi kimi xidmət göstərən şəxs rəsmi sənəd təqdim edə bilmədiyinə görə, o, sənədləşmə işlərini bacısının adına etməli olub.

«SƏNƏDLƏRİ QAYTARIN, SÜBUT EDƏK»

Gülşən Orucova bu işlərdən, maliyyə hesabatlarından İntiqam Əliyevin xəbərdar olduğunu iddia etsə də, İntiqam Əliyev bu cür iddiaları əsassız sayıb. İntiqam Əliyev bildirib ki, donor təşkilatlara təqdim olunan maliyyə hesabatlarının heç birində Əfsanə Orucovanın adı keçmir:

Bunu sübut edən bütün sənədlər istintaq orqanının əlindədir və dəfələrlə vəsatət qaldırmağımıza baxmayaraq, o sənədlər bizə qaytarılmır ki, burada onlardan sübut kimi istifadə edək...

«Bunu sübut edən bütün sənədlər istintaq orqanının əlindədir və dəfələrlə vəsatət qaldırmağımıza baxmayaraq, o sənədlər bizə qaytarılmır ki, burada onlardan sübut kimi istifadə edək».

Gülşən Orucova vəkillərin bəzi suallarını cavablandırmaqdan imtina edib.

Nümayəndəsinin Orucovaya verilən suallara müdaxilə etməsi vəkillərin etirazına səbəb olub. Onlar nümayəndəni zərərçəkənin ifadəsinə təsir göstərməkdə ittiham ediblər. Bu zaman yaranan qarışıqlıqda Gülşən Orucova da müdafiə tərəfinin özünüreklam etməsini vurğulayıb:
«İntiqam Əliyevin yanında oturan vəkillər ancaq özlərini reklam etməklə məşğuldurlar».

«SİZ, GƏRƏK, MÜSAHİBƏ VERMƏYƏSİZ»

Bu fikir məhkəmə zalında gülüşə səbəb olsa da, hakimin bu söhbətə müdaxiləsi gülüşlə yanaşı təəccüb də doğurub.

Hakim Rasim Sadıqov: «Keçən dəfə internetə baxıram, görürəm ki, Elçin Sadıqov (vəkil-red.) məhkəmə binasının qarşısında jurnalistə müsahibə verir. Siz vəkilsiz, gərək müsahibə verməyəsiz».

Vəkil Cavad Cavadov
Vəkil Cavad Cavadov

Daha sonra vəkil Cavad Cavadov Gülşən Orucovaya sual edib:

C. Cavadov: Siz əmək haqqını vaxtlı-vaxtında tam almısız?

G.Orucova: Bəli? almışam.

C.Cavadov: İndi nədən şikayətçisiz?

G.Orucova: Keçən ilin yanvar ayına görə 214 manat maaşımı almamışam.
Buna İntiqam Əliyevin cavabı isə belə olub:

«Bu, heç o adama oxşayır ki, onun 214 manatı məndə qala və onu ala bilməyə? Sənədlərimizi qaytarın, sübut edim».

Bundan sonra məhkəmədə fasilə elan olunub.

«SÜBUT EDİN Kİ, 119 MİN MANATİ İNTİQAM ƏLİYEVƏ VERMİSİZ»

Daha sonra vəkil Şəhla Hümbətovanın suallarını cavablandıran Gülşən Orucova deyib ki, İntiqam Əliyev xaricdə olan müddətdə ödəniş tapşırıqlarını getməmişdən imzalayırmış. Vəkilin «bir gün sonra qayıdacağı halda İntiqam Əliyev niyə sənədə əvvəlcədən qol çəksin ki?» sualını zərərçəkən cavablandıra bilməyib.

Gülşən Orucovaya növbəti suallardan biri belə olub:

«Deyirsiniz 119 min manatı çıxarıb İntiqam Əliyevə təqdim etmisiniz. Bununla bağlı sizin şifahi ifadənizdən savayı hər hansı sənəd varmı? Bunu necə sübut edə bilərsiniz?»

Gülşən Orucova: «Xeyr burada hər hansı sənəddən söhbət gedə bilməz. Axı qanundankənar işdir».

Vəkil Şəhla Hümbətova onu da bildirib ki, Gülşən Orucova hansı təşkilatlarda işləyibsə, onların hesabından bacısının hesabına pullar köçürüb:

«Bəs Media Hüququ İnstitutunun hesabından bacının hesabına köçürülən vəsaitlə bağlı nə deyə bilərsiniz? Həmin köçürməni siz etmisiniz?»

Gülşən Orucova: Xatırlamıram.

Vəkillərin bundan başqa bir sıra suallarına da zərərçəkən «xatırlamıram» deyə cavab verib.

«BURDA BİRGƏ OTURMALIYDIQ»

Daha sonra çıxışında İntiqam Əliyev bildirib ki, əgər doğrudan da Gülşən Orucova bacısının hesabından çıxardığı 119 mini ona veribsə, bu gün onun kimi Gülşən Orucova da təqsirləndirilən kürsüsündə olmalı idi:

«Belə olan halda biz burada birgə oturmalı idik».

Bu zaman hakim İntiqam Əliyevə bildirib ki, belə çıxır ki, Gülşən Orucovanı 2009-cu ildən işdən çıxarmalı imiş: «Siz bu xanımı təşkilatın pulunu mənimsədiyinə görə çoxdan çıxarmalıydınız işdən. Sizin bütün olanlardan xəbəriniz olmalı idi».

«DÖVLƏT BÜDCƏSİ HƏR GÜN TALANIR. SİZİN BUNDAN XƏBƏRİNİZ VAR?»​

İntiqam ƏLiyev: «Mən maliyyə hesabatlarını baş mühasib olaraq Gülşən Orucovaya etibar etmişdim. Odur ki, onun təşkilatın hesabından bacısının hesabına köçürdüyü pullardan xəbərim olmayıb».

Hakim: «Necə yəni, siz təşkilat rəhbərisiniz, bütün bunlardan xəbəriniz olmalıydı».

İntiqam Əliiyev: «Dövlət büdcəsi hər gün talanır. Boş-boş işlərə, yolların yenidən bərpasına, hasarlara və s. xərclənir. Sizin bütün bunlardan xəbəriniz varmı?»

«İNTİQAM MÜƏLLİMƏ ÇOX ŞEY BORCLUYAM»​

Daha sonra ikinci zərərçəkmiş Sadiq Bağırov ifadə verib. Bildirib ki, İntiqam Əliyev onun müəllimi olub və öyrəndiklərinə görə ona minnətdardır. O ki qaldı çəkdiyi zərərə:

«Orda çalışdığım müddətdə əmək haqqımı vaxtlı-vaxtında almışam. Maddiyat baxımından heç bir şikayətim yoxdur. Ancaq mən bu gün zərərçəkmiş statusundan ona görə imtina etmirəm ki, bu günə qədər məhkəmələrə, istintaqa gedib-gəldiyim müddətdə mənə zərərçəkmiş kimi sual dolu baxışlarla baxıblar. Bunun səbəbkarı da İntiqam müəllimdir. Mən bu gün mənəvi zərərçəkmişəm sadəcə».

«​ZƏRƏR ÇƏKMİŞƏM, AMMA GÜNAHKAR KİMDİR BİLMİRƏM»

Növbəti zərərçəkən Könül Bayramovadır. Bir müddət Hüquq Maarifçiliyi Cəmiyyətində könüllülük əsasında, daha sonra isə müəyyən əmək haqqı müqabilində çalışıb. İfadəsində bildirdi ki, istintaq zamanı ona əmək haqqı cədvəlləri göstərilib ki, işdən çıxdığı müddətdə onun adına müəyyən məbləğdə pul yazılıb. Halbuki Könül Bayramova həmin vaxt Almaniyada təhsil alırmış:

«3 ay ərzində mənə hər ay 243 manat olmaqla əmək haqqı yazılıb. Mən isə həmin vaxt işləməmmişəm və düşünmürəm ki, həmin vəsait mənim haqqım idi, almalıyam. Mən bu gün özümü hər hansı haqqı tapdanmış, əmək haqqı verilməmiş zərərçəkmiş saymıram. Zərərçəkmiş qismində olmağımın səbəbi sənədlərdə adımın olmasıdır. İstintaqa cəlb edildiyim gündən bu günə qədər burada olmağım mənə sadəcə mənəvi zərbədir. Mənəvi zərər çəkdiyimi düşünürəm. Buna səbəb olan şəxsin isə hələ ki, İntiqam Əliyev olduğunu düşünürəm. Düzdür, İntiqam müəllim deyir ki, onun imzası və sənədlər saxtalaşdırılıb. Bu baxımdan düşünürəm ki, mənim mənəvi zərər çəkməyimim səbəbkarının kim olması məhkəmə araşdırmasından bəlli olacaq. Hələlik isə heç nə bilmirəm».

Bu zaman İntiqam Əliyev üzünü hakimə tutaraq Hüquq Maarifçiliyi Cəmiyyətində yoxlama zamanı aparılan sənədlərin onlara qaytarılmasını tələb etdi. Bildirdi ki, sənədlərini, təşkilatın möhürünü və s. aparmaqla asanlıqla sənədləri saxtalaşdırmaq mümkündür: «İstintaq zamanı bizə göstərilən əmək haqqı cədvəlləri bomboş idi. Sonradan orada nələr yazılıb bilmirəm. Xahiş edirəm sənədlərimiz bizə qaytarılsın. Daha sonra isə imzalarla bağlı ekspertiza təyin edilsin. Mən bilirəm bütün bunalar məni gözdən salmaq üçündür».

Növbəti proses martın 10-a təyin olunub.

İttihama görə, 119 min manat vəsait Gülşən Orucovanın bacısının bank hesabına köçürülüb. Bacıların həmin vəsaiti bankdan çıxarıb İntiqam Əliyevə verdikləri iddia olunur. Qarşı tərəf bu iddianı rədd edir və bunu sübut edən hər hansı faktın olmadığını deyirlər. Vəkillər həmin pulların hesabdan çıxarılıb-çıxarılmaması ilə bağlı bank məlumatlarının tələb olunmasını vacib sayırlar.

İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunur.

Özü ittihamları qəbul etmir. Beynəlxalq qurumlar bu həbsi siyasi motivli sayıb.

XS
SM
MD
LG