Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:24

Əli Həsənov yandırılan itlər videosunun Azərbaycanda çəkildiyinə şübhə edir - [video]


Əli Həsənov
Əli Həsənov

-

"Təəssüf ki, bəzi yerli qruplar və xarici dairələr I Avropa Oyunlarını ölkəmizə qarşı “qara piar” kampaniyasının baş mövzusuna çevirməyə çalışırlarlar”.
Bu barədə Trend informasiya agentliyinə prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. O, buna misal kimi xarici təşkilat və KİV-lərin yaydıqları materialları göstərib:

“Amnesty İnternational” təşkilatının I Avropa Oyunlarını boykot çağırışı bu cəhdlərin bariz nümunısidir.Oyunlara hazırlıqla bağlı həyata keçirilən tədbirlər haqqında dezinformasiyaların dövriyyəyə buraxılması, xarici KİV-lərdə sifarişlə yerləşdirilən qərəzli, qeyri-obyektiv materiallar və digər məsələlər də buna misaldır."

"YENİ İDMAN QURĞULARI TİKİLİB"
Əli Həsənov bildirib ki, Təşkilat Komitəsi bu mühüm Avropa Oyunlarının yüksək səviyyədə təşkili üçün mühüm işlər görüb:

“Yeni idman qurğularının tikintisi, mövcud olan qurğuların yenidən bərpa olunması, sosial və nəqliyyat infrastrukturunun dünyada mövcud olan qabaqcıl standartlara uyğun təkmilləşdirilməsi, qonaqların yerləşdirilməsi, təhlükəsizlik və digər bu kimi məsələlər uğurla həll olunur və artıq başa çatmaq üzrədir. Avropa Olimpiya Komitəsi öz açıqlamalarında görülən işləri yüksək qiymətləndirib. Bütün bunlar əminliklə onu deməyə əsas verir ki, Azərbaycanda keçiriləcək I Avropa Oyunları öz möhtəşəmliyi ilə yaddaşlarda qalacaq.”

Əli Həsənov sosial şəbəkələrdə heyvanlarla qəddar davranıldığını əks etdirən videoların yayılmasına və bunun Avropa Oyunları ilə əlaqələndirilməsinə də münasibət bildirib:

"Halbuki, həmin videoda hadisənin məhz Azərbaycanda baş verdiyini təsdiq edən heç bir dəlil yoxdur. Bu da bir daha sübut edir ki, bu kimi “faktları” ortaya atanlar Avropa Oyunları ərəfəsində Azərbaycanın imicini ləkələməyə və mühüm beynəlxalq idman tədbirinə qarşı açıq təxribat törətməyə çalışırlar. Biz belə təxribatlarla əvvəllər də, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi keçiriləndə də rastlaşmışıq. Həmin dövrdə beynəlxalq ictimaiyyət əmin oldu ki, bütün bunlar Azərbaycana təzyiq göstərmək, onun müstəqil siyasətinə öz iradəsini qəbul etdirmək istəyən qüvvələrin qurduğu məkrli oyundan başqa bir şey deyil”.

Martın 4-də sosial şəbəkələrdə öldürülmüş itlərin sobada yandırılması görüntüləri yayımlanıb. Həmin görüntülərin Bakının Balaxanı qəsəbəsində çəkildiyi iddia olunur.

Sosial şəbəkələrdə yayılmış sözü gedən videonu burada izlə:

"GÖZDƏN SALMA CƏHDLƏRİ NƏTİCƏ VERMƏYƏCƏK"
Əli Həsənov sonda bildirib ki, bu cür üsullar Azərbaycanı gözdən salmaq cəhdləri nəticə verməyəcək:

“Əmin olduğumuzu bildiririk ki, Azərbaycanı gözdən salmaq üçün istifadə olunan bu tipli primitiv, ucuz metodlar heç bir nəticə verməyəcək və nə qədər ki gec deyil, həmin qüvvələri öz məkrli niyyətlərindən geri çəkilməyə dəvət edirik".

İyunun 12-də Azərbaycanda 1-ci Avropa Yay Oyunları keçiriləcək. Həmin oyunlarda 50 ölkədən 6 min atlet 20 olimpiya və qeyri-olimpiya idman növləri üzrə yarışacaq.

Bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda insan haqlarının pozulmasını əsas gətirərək Avropa oyunlarını baykota çağırır. Martın 4-də, Avropa Oyunlarına 100 gün qalmış «Amnesty International» beynəlxalq hüquq-müdafiə təşkilatı da bu çağırışla çıxış edib.

Təşkilat yeni hesabatında bildirir ki, Azərbaycanda hazırda azı 22 vicdan məhbusu «saxtakarlıq, mənimsəmə, qanunsuz narkotik maddələrdən istifadə və hətta casusluq kimi qurama ittihamlarla mühakiməsini gözləyir».

Human Rights Watch: “İnsan haqları böhranı Avropa Oyunlarına kölgə salır”

Martın 2-də Human Rights Watch hüquq-müdafiə təşkilatı da Bakının Avropa Oyunları ərəfəsində ölkə daxilindəki narazıları susdurmağa çalışmasından narahatlıq bildirib.

Qurum hökuməti Avropa Oyunlarına 100 gün qalmış bütün fəalları və jurnalistləri azadlığa buraxmağa çağırır. Təşkilatın hazırladığı fotosessiyada “açıq-aşkar hökuməti tənqid etməsinə görə uzunmüddətli həbs cəzasına məhkum edilmiş” 12 nəfərdən bəhs olunur.

“Yeni Avropa oyunlarının ilk ev sahibi olan ölkə kimi Azərbaycan bu layihənin onun müasir və proqressiv imicini gücləndirəcəyinə ümid edir. Avropa Oyunlarının məqsədi müsbət miras qoymaqdırsa, siyasi motivli ittihamlarla həbs olunmuş hər bir jurnalist və fəal açılış mərasimindən öncə azadlığa buraxılmalıdır,” qurumun Avropa və Orta Asiya üzrə direktoru Jane Buchanan Buchanan deyib.

“Avropa liderləri də Bakıya bildirməlidirlər ki, yanlış olaraq həbsə atılmışlar buraxılmasa, narazılara təzyiqlər dayanmasa, Bakıya yüksək səviyyəli nümayəndə heyəti göndərməyəcəklər,” qurum bildirir.

XS
SM
MD
LG