Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:01

AI: «Hakimiyyət bir əli ilə verdiyini digər əliylə alır»


Bakıda cəzaçəkmə müəssisəsi
Bakıda cəzaçəkmə müəssisəsi

-

«Azərbaycanın iki vicdan məhbusunu azad etməsi müsbət addımdır, ancaq həbsxanada hələ də 20 belə məhbus qalır. Buna görə də, bu əfvi Avropa Oyunları ərəfəsində tənqidləri azaltmaq üçün formal jest saymaq olar», - «Amnesty International» hüquq-müdafiə təşkilatı bildirir.

Prezident İlham Əliyevin martın 18-də imzaladığı əfv sərəncamı ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin koordinatoru Bəşir Süleymanlı ilə bloqqer Orxan Eyyubzadə də azadlığa çıxıb.

«Bu, yaxşı xəbərdir, ancaq bəs rejimin tənqidindən savayı real cinayət törətməyən başqaları necə olacaq? Azərbaycan hakimiyyəti bir əli ilə verdiyini digər əliylə alır. İki gün əvvəl məhkəmə bir müxalifətçinin qardaşına uydurma ittihamlarla altı il cəza kəsib», - «Amnesty International»ın Avropa və Orta Asiya üzrə direktor müavini Denis Krivosheev deyir. «Azərbaycanda rejim insan haqları barədə doğrudan ciddi düşünürsə, bütün vicdan məhbuslarını dərhal və qeyd-şərtsiz buraxacaq. Hökumət tənqidçilərinin siyasi motivli ittihamlarla həbsi dayandırılmalıdır».

«Amnesty International» Bəşirlə Orxanın azad olunmasını yetərli saymır, onlara qarşı ittihamların dərhal ləğvinə, eləcə də Orxan Eyyubzadənin həbsdə pis rəftara məruz qalması iddialarının araşdırılmasına çağırır.

Hakimiyyət təmsilçiləri «Amnesty International»ın öncəki bəyanatlarını qərəzli sayıb, bu təşkilatın Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı «qara piar» kampaniyası apardığını bildirib.

NYT KADYROV-DAN YAZIR

«Çeçenistan lideri Ramzan Kadyrov Rusiyada müxalifət lideri Boris Nemtsov-un qətlindən sonra diqqət mərkəzinə düşüb. Zəngin həftəsonundan sonra Kadyrov sanki nəyisə aydınlaşdırmaq istəyirdi. «Vladimir Putin-ə tam sadiqəm və həyatımın sonunadək Rusiyanın düşmənlərinə qarşı durmağa hazıram», - o, «Instagram»da yazırdı».

David M.Herszenhorn «The New York Times» qəzetində yazır ki, bu gün sual Kadyrov-un Putin-ə sadiqliyi ilə bağlı deyil, Putin-in Çeçenistanda sabitliyi əldə etmək üçün Faustsayağı sövdələşməyə, şeytanla alverə getməsindədir.

«Putin-in tənqidçiləri xəbərdarlıq edir ki, o, 38 yaşlı Kadyrov-un çeçen separatçılarının arzuladığı İslam respublikası yaratmasına icazə verir. Ancaq bu respublika Moskvanın maliyyə dəstəyindən asılıdır, şəriət qanunu da mütləq deyil, seçimlədir. İndi də Kadyrov-un Şimali Qafqaz dağlarından kənarda da hakimiyyət axtardığını deyirlər», - müəllif yazır.

Vladimir Putin və Ramzan Kadyrov - 2007
Vladimir Putin və Ramzan Kadyrov - 2007

«Digər regionlarda olduğu kimi, Kadyrov-un da özünün «Kadırovtsı» (Kadyrov-çular) adlanan daxili təhlükəsizlik qüvvələri var. O, ölkə daxilində və xaricdə tənqidçilərini qəddarlıqla susdurmaqla tanınıb. Moskvada isə toxunulmazlığına görə təhlükəsizlik qüvvələri onu elə də sevmir. FSB Ramzan-ı idarə edə bilmədiyinə görə ona nifrət edir», - Karneqi Moskva Mərkəzinin Qafqaz üzrə eksperti Alexey Malashenko deyir.

Nemtsov bu yaxınlarda «facebook»da yazmışdı:

«Anlamıram, 20 min «kadyrov-çu»nun bu gün Qroznı stadionunda toplaşmasından Putin nə gözləyir».

Müəllif Nemtsov-un qətlinə görə 5 çeçenin saxlanmasına diqqət çəkir. «Hətta Kremlin bu qətlin arxasında olmasına inananlar deyirlər ki, Moskvanın təhlükəsizlik qüvvələri ilə Çeçenistan lideri arasında təhlükəli uçurum yaranıb».

«Bu uçurumu Putin yaradıb. Səkkiz il ərzində o, Kadyrov-un amansız idarəçiliyinə icazə verib, qətllərə, işgəncəyə, digər insan haqları pozuntularına göz yumub. Digər tərəfdən Kreml Qroznıda bahalı yenidənqurma işləri aparıb, Kadyrov isə şəxsi yaraqlılarını toplamaqla məşğul olub. Nəticədə Rusiyanın heç vaxt görmədiyi siyasi persona meydana çıxıb: islamçı hərbi komandir, rusiyalı millətçi və Putin-in qəti tərəfdarı – hər halda indilik».

Müəllif yazır ki, Nemtsov-un qətlində Kadyrov-un roluna dair spekulyasiya beş çeçen saxlanandan sonra yaranıb. Kadyrov isə «Instagram»da yazıb ki, vaxtilə özünün təhlükəsizlik batalyonunda xidmət etmiş Zaur Dadayev-i şəxsən «əsl rusiyalı vətənpərvər» kimi tanıyır.

Kadyrov-un tərəfdarları isə bu fikirdədir ki, onun Moskvadakı düşmənləri Putin-lə münasibətlərini korlamağa çalışırlar.

XS
SM
MD
LG