Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:53

Azərbaycanda ərzağın qiymətini endirmək olar... hökumət istəsə (İnfoqrafika)


.

“Bazar od tutub yanır”... Bayram ərəfəsində bu ifadə daha çox eşidilir desək, yəqin ki, yanılmarıq. Alıcı bahalıqdan, satıcı zəif alverdən şikayətlənir. Azərbaycanda qiymətlər nə qədər bahadır? Bahalığa səbəb və ya səbəblər nədir?

“DURU YAĞI FANTA QUTUSUNDA KEÇİRİRLƏR Kİ...”
Astara sakini Nizami Şərifov bayram öncəsi gedib İrana. Ucuz qiymətə düyü, yağ və əlinə keçən digər ərzaqlardan almağa. Ümid edib ki, Novruz bayramı öncəsi gömrükdə ona dəyib-dolaşan olmaz. O da ailəsi üçün daha yaxşı bayram süfrəsi açar. Amma bayram qabağı sərhəddə yoxlamaların daha da sərtləşdiyinə şahid olub:

“Düyü, yağ, toyuq, kişmiş, bir sözlə, heç nəyi gətirməyə icazə vermədilər. Yazıq camaat qorxusundan duru yağı fanta qutusunda keçirirdi ki, bəlkə sərhədçilərin gözündən yayına bildilər. Özləri baha satırlar. Camaata da ucuz qiymətə alış-verişə imkan vermirlər”.

BİR TOYUQ 57 QƏPİK?
Az qala saatlarla sərhədi keçmək üçün sırada dayanan, bir-birləini itəliyib, yağ, düyü almağa min bir əziyyətlə Arazın o tayına keçməyə insanları nə vadar edir? Nizami Şərifovun bu suala bircə cavabı var: ucuzluq.

Dövlət Statistika Komitəsinin bu yaxınlarda 2014-cü ilin idxal mallarının göstəricisi ilə bağlı yaydığı məlumatdan sonra Nizami Şərifovun nə demək istədiyi anlaşılır. Məlum olur ki, bir ədəd diri toyuq Azərbaycan Gömrüyündə idxal dəyəri 57 qəpiyə rəsmiləşdirirlir. Və ya Azərbaycan bazarında 1 manat 80 qəpiyə satılan düyünün kilosu cəmi 25 qəpikdir:

İRANLI SAHİBKAR: “3 MANATLIQ MAL 15 MANATADIR”
Azı 10 ildir İrandan Azərbaycana mal gətirib satan sahibkar Lütfəli Nəzərzadə deyir ki, əksər malları gömrükdən keçirməyə icazə verilmir. Tutalım, banan, düyü, yağ, quru meyvə və s. Bütün bu malları ölkəyə gətirməyə yalnız bir nəfərin icazəsi var:

“Onlar üçün şərait yaradılır, böyük tirlərə vurub, ölkəyə gətirirlər. Sonra biz gedib malları onlardan alıb satırıq. Onlar da bizə İranda 3 manata olan malı 15 manata satır. Biz də məcbur olub üstünə qəpik-quruş qoyub, alıcıya satırıq. Sonra da alıcı bizi bahaçılıqda qınayır. Daha biz alıcını necə başa salaq ki, malı ölkəyə gətirməyə icazə verilsəyidi azı 2 dəfə daha ucuzluq olardı”.

VERGİDƏN YAYINMAQ ÜÇÜN?
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, gömrükdə idxal mallarının dəyəri ilə bazar qiyməti arasında kəskin fərq var. Bu fərq həm də vergidən yayınmaq üçün qiymətin bilərəkdən aşağı qiymətə rəsmiləşdirilməsinə şübhə yaradır:

“Azərbaycanda malların bir neçə dəfə daha bahaya satıldığı hər kəsə məlumdur. Amma həmin siyahıda bəzi malların rəsmiləşdirilmiş idxal dəyəri hətta həmin məhsulun satıldığı ölkədən daha ucuzdur. Bu isə müəyyən şübhələrə yol açır. Görünün də odur ki, malı bilərəkdən ucuz qiymətə rəsmiləşdirirlər ki, daha az vergi ödəsinlər”.

“ÖLKƏDƏKİ BAHALIĞIN SƏBƏBİ GÖMRÜKDƏN BAŞLAYIR”
Millət vəkili İlyas İsmayılov bu günlərdə yerli mediaya müsahibəsində Azərbaycandakı bahalığa görə Gömrük Komitəsini suçlayıb. Bildirib ki, əvvəlla Gömrükdə hər kəsə bərabər imkanlar yaradılmır, heç bir qanuni əsas olmadan bəzi malların ölkəyə buraxılmasına qadağa qoyulur, rüşvət və digər hallar daxili bazarda bahalaşma yaradır.

Azərbaycanda İqtisadiyyat və Sənaye Nazirliyi Yanında Anti-İnhisar Siyasəti və İshelakçıların Hüquqlarını Müdafiəsi Dövlət Xidməti fəaliyyət göstərir. Bu xidmətin əsas məqsədlərindən biri də ölkədə inhisarın qarşısını almaqdır.

“HÖKUMƏT İSTƏSƏ, UCUZLUQ OLAR”
İqtisadçı Qubad İbadoğlu bildirir ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yalnız mağazalarda deyil, həm də idxalla bağlı monitorinqlər aparmalıdır. Ayda bir dəfə əsas istehlak mallarının idxal qiymətləri ilə pərakəndə satış qiymətlərinin müqayisəli cədvəlini hazırlayıb, dövrü mətbuatda nəşr etməlidir. Q.İbadoğlunun fikrincə, Azərbaycanın istehlak bazarında idxal mallarının qiyməti bir neçə dəfə uzulaşa bilər.

Dövlət Gömrük Komitəsi illərdir ölkədə inhisarçılığa şərait yaradan əsas qurum kimi tənqid edilir. Amma nadir hallarda olsa da Komitə rəsmiləri jurnalistlərlə ünsiyyətlərində ittihamları rədd edir, əksinə Gömrük Komitəsinin bir neçə istiqamət üzrə əsas şəffaflıq mükafatlarına layiq görüldüyünü, bu Komitədə çoxdandır bir pəncərə qaydasının tətbiq edildiyini bildirirlər.

XS
SM
MD
LG