Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:15

Bəxtiyar Hacıyev: «Azərbaycanda genişmiqyaslı etirazları təşkil edə biləcək şəxslər həbsdədir»


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

-

«Azərbaycan vətəndaşları qonşu ölkələrin uğurundan fəxrlə danışırlar, amma eyni vətəndaş fəallığı göstərməyə heç bir ciddi cəhd göstərmirlər».

İctimai fəal Bəxtiyar Hacıyev Gürcüstandakı antihökumət nümayişlərini dəyərləndirərkən belə deyir.

Martın 21-də bu ölkədə son illərin ən böyük nümayişi keçirilib. Nümayişçilər baş nazir Irakli Garibashvili hökumətini dinc şəkildə istefa verməyə çağırıblar.

«ÜSTƏLİK, FƏAL VƏTƏNDAŞLAR, LİDERLƏR LAZIMDIR»

Gürcüstandakı dəyişiklikləri demokratik inkişafın göstəricisi sayan Bəxtiyar Hacıyev baş verənlərdə Qərbin siyasi iradəsini də danmır və Azərbaycana eyni beynəlxalq dəstəyin olmadığını vurğulayır:

«Düşünürəm ki, Gürcüstan bu demokratik dəyişiklikləri, sadəcə, gürcü xalqının iradəsi hesabına əldə etməyib. Gürcüstandakı bu demokratik dəyişikliklərdə beynəlxalq güclərin, özəlliklə ABŞ və Avropa dövlətlərinin ciddi siyasi iradəsi rol oynayıb. Xalqın etimad göstərdiyi Qərbyönümlü siyasi liderə dəstək verilib, vətəndaş cəmiyyətinin güclənməsinə xeyli resurs xərclənib və vətəndaş cəmiyyəti təzyiqlərdən qorunub. Bir çox siyasətçi xalqı passivlikdə, biganəlikdə ittiham etsə də, düşünürəm ki, Azərbaycanda müxalif düşərgəyə beynəlxalq dəstəyin olmaması da Azərbaycanla Gürcüstan arasındakı bu fərqi yaradır. Demokratik islahatlar vəd edən siyasətçilər, bu islahatlar uğrunda çalışan vətəndaş cəmiyyəti liderləri, gənc fəallar uzun müddətdir həbsdədir. Azərbaycan hakimiyyəti Qərb fondlarını, donorlarını ölkədən çıxarıb. Nəticədə vətəndaş cəmiyyətinin fəaliyyəti, əslində, dayanıb. Demokratik dəyişiklik və islahatlara yol açan proseslərin təşkili və yönəldilməsi digər resurslarla yanaşı, fəal vətəndaş və liderlər tələb edir. Belə liderlərin həbsdə olması Azərbaycanla Gürcüstan arasında bu gün gördüyümüz fərqi yaradır».

Bəxtiyar Hacıyevin sözlərinə görə, Gürcüstanda 2003-cü il «qızılgül inqilabı»ndan bəri həm gürcü siyasətçilər, həm də seçicilər arasında demokratik ənənələrin formalaşıb və hakimiyyət konstitusion yolla dəyişir. Dinc etiraz aksiyaları, söz və mətbuat azadlığından tam istifadə və s. də öz yerində. Bütün bunlar Azərbaycan vətəndaşlarına nə qədər qeyri-adi hadisə kimi görünsə də, əslində, demokratik cəmiyyət üçün ən adi hallardır.

«AZƏRBAYCAN VƏTƏNDAŞLARI ÜÇÜN, SADƏCƏ, MÜZAKİRƏ MÖVZUSU OLACAQ»

Hazırda qonşu ölkədə yaşanan olayların regiona, xüsusən Azərbaycana təsirinə gəlincə:

«Bu hadisələrin Azərbaycandakı siyasi proseslərə birbaşa təsiri olmasa da, qonşu ölkədə baş verənlər Azərbaycan vətəndaşlarında, o cümlədən seçicilərində maraq doğurur. Amma... yaxın gələcəkdə, sadəcə, xoş arzu və gündəlik müzakirə mövzusu kimi qalacaq. Gürcüstanda korrupsiya əleyhinə uğurlu islahatlar aparılarkən, Azərbaycan vətəndaşları qonşu ölkənin uğurlarından fəxrlə söz açmırdılarmı? Onlar hər dəfə bu ölkədən dönərkən Gürcüstanın polis və gömrüyündəki, tibb və təhsil sahələrindəki müsbət dəyişikliklərdən bəhs etmirdilərmi? Söz açır, təcrübəni paylaşır, amma eyni dəyişikliklərin Azərbaycanda da gerçəkləşməsini tələb etmirdilər. Necə o vaxt, indi də qonşu ölkədə siyasi fəallıqdan ağızdolusu danışılacaq, di gəl, Azərbaycanda da eyni vətəndaş fəallığına nail olmaq üçün ciddi cəhd göstərilməyəcək».

«AZƏRBAYCANDA RƏSMİ ŞƏXSİN İSTEFA VERƏRƏK MÜXALİF KOALİSİYAYA QOŞULMASINI TƏSƏVVÜR EDİRSİNİZ?»

Bəxtiyar Hacıyev yaxın gələcəkdə hər hansı siyasi gücün Azərbaycan xalqını genişmiqyaslı etirazlara cəlb edəcəyini düşünmür və bu fikrini 2 səbəblə əsaslandırır:

«Birincisi, bu prosesləri təşkil edə biləcək, həm xalqdan, həm beynəlxalq aləmdən dəstək ala biləcək şəxslər həbsdədir.

İkincisi, Gürcüstanda siyasi mühit dinamikdir. Son 15 ildə orada prezident, baş nazir, parlament spikeri, nazirlər kabineti üzvlərinin siyahısına baxsanız, bu siyahının neçə dəfə dəyişdiyini görə bilərsiniz. Onların bir qismi iqtidar partiyasından istefa verərək, yaxud istefaya göndərilərək başqa siyasi qruplara transfer olub. Məsələn, Irakli Alasania M.Saakashvili dönəmində Gürcüstanın BMT-dəki daimi nümayəndəsi idi. O, 2008-ci ildə istefa verərək müxtəlif müxalif koalisiyalara qatılıb. Ardından öz partiyasını qurub, yeni iqtidarda müdafiə naziri postunu tutub. Daha sonra vəzifəsindən kənarlaşdırılsa da, yenə fəal siyasətdə qalıb. Azərbaycanda hansısa rəsmi şəxsin istefa verərək müxalif koalisiyalarda iştirakını təsəvvür edə bilirsiniz? Buna imkan verilmir, çünki bir müddət hansısa vəzifədə olmuş şəxs özü ilə bir çox resursları da müxalifətə transfer edir. Azərbaycanda buna yol verilmədiyindən nəinki iqtidar komandasında, hətta müxalifət komandasında da adlar, sima və yanaşmalar dəyişmir. O üzdən, iqtisadi və sosial problemlərə Gürcüstanda gördüyümüz kütləvi etirazları Azərbaycanda görə bilmirik. İndiki siyasi mühit dəyişməsə, Azərbaycanda iqtisadi və sosial problemlərə etirazlar kortəbii xalq ayaqlanması və sosial partlayış şəklində olacaq. Başqa sözlə, etirazçılar hər hansı siyasi gücün arxasınca gedib, dinc siyasi aksiya yolunu tutmayacaq».

XS
SM
MD
LG