Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:08

Günel Mövlud. Erməni və Azərbaycan əsgərinin oxşar cəhəti


Günel Mövlud
Günel Mövlud

-

O erməni anaya baxanda, onun dişsiz ağzına, cır-cındır paltarına, fağırlığına baxanda diqqətli adam o dəqiqə görər ki, oğlunu cəbhədə itirmiş azərbaycanlı ana ilə onun arasında fərq çox azdır...

Günel Mövlud

ANDRANİKİN MÜDRİK SÖZÜ

Erməni əsgərin Azərbaycan tərəfə keçib təslim olmasından sonra günlərdir, Vətən, torpaq, ana yurd söhbətləri ilə manipulyasiyanın ən son həddini yaşamaqdayıq.

Andranikin Azərbaycan tərəfə keçər-keçməyini hamı böyük coşğu ilə qarşıladı. Amma onun dediyi bir cümlə çox adamın diqqətindən kənarda qaldı. Bu, müharibə dəhşətlərinin, qətllərinin, qanların üzünə çırpılmış bir cümlə idi: mən mənasız, boş yerə ölmək istəmirəm!

Təbii, bu başqa söhbətdir ki, onun dedikləri, ya da ona zorla dedizdirilənlərdən maksimum istifadə olunacaq, televiziyalar, mətbuat, lazımi orqanlar, 20 ildir xalqı “Bizim Qarabağ boyda dərdimiz var” zəncirində əsir saxlayanlar bu möhtəşəm fürsəti əldən verməyəcəklər.

Təbliğat maşını var gücü ilə işləyəcək, insanlar coşdurulacaq, virtual müharibə başlanacaq, biz bu virtual müharibədə qəhrəmancasına qalib gələcəyik və daha nələr, nələr...

Və təbii ki, qarşı tərəf də öz əsgərlərinin Azərbaycan tərəfə keçməyinin pərtliyini ört-basdır örtməkdən ötrü min cür lüzumsuz bəhanələr gətirəcəklər. Elə təkcə ondan götürək ki, dövlət məmurunun “o həmişə əclaf, pis adam olub” sözlərini bu fağır əsgərin kəndlilərinin “o, çox yaxşı insandır” etirafı puça çıxardı. Nə olur-olsun, necə olur-olsun, nə o tərəfin, nə də bu tərəfin heç bir təbliğat vasitəsi “Mən boş, mənasız yerə ölmək istəmirəm” cümləsinin həqiqi mənasını malalamaq iqtidarında deyil. Təbii ki, bu həqiqi mənanı anlayanlar üçün...

Amma o əsgərin anasının üzü, paltarı, danışığı, davranışı oğlunun dediklərindən yüzqat daha çox deyirdi. O qadının üzünə baxanda bir az həssas adam bu erməni əsgərinin hansı şəraitdə, necə böyüdüyünü o dəqiqə anlayardı. Üzü-gözü qırışmış, üzündə, allərindəki qırışlarda, boz-bulanıq gözlərində illərin kasıbçılığı, məhrumiyyətləri, əzabı gizlənmiş fağır, kəndli qadının oğlu... İndi bütün ölkə onu söyür, lənətləyir, vətən xaini elan edir. Onun necə pis adam olduğundan, xəyanətkarlığından, naqisliyindən danışırlar. Kimin nə dediyindən asılı olmayaraq, hətta dinməzcə, sakit dayansa, bircə kəlmə deməsə belə, dogma anası daha çox şey deyir bu “vətən xaini” barəsində...

O erməni anaya baxanda, onun dişsiz ağzına, cır-cındır paltarına, fağırlığına baxanda diqqətli adam o dəqiqə görər ki, oğlunu cəbhədə itirmiş azərbaycanlı ana ilə onun arasında fərq çox azdır. Bəyəm bizim oğlunu itirmiş, şəhid vermiş kasıb valideynlərdən, analaradan çoxmu fərqlənir o qadın? Başının üstünü icra hakimiyyəti kəsdirir, televiziya mikrofonu gətirib ağzına dayayır, millət vəkilləri qapısını kəsdirir. Həyətinə bir kisə qənd, bir kisə düyü atıb, əlinə beş-üç manat uzadıblar. Həmin an, o sarsıntının, o basqının ortasında nə deyə bilər kasıb, yetim valideyn: mən fəxr edirəm ki, oğlum Vətən yolunda şəhid oldu... Sonra icra hakimi gedir, deputat gedir, televiziya gedir, bir kisə qənd, bir kisə düyü qurtarır, övladını itirmiş fağır, kasıb valideyn öz dərdi, öz faciəsi ilə tək qalır...

Bu erməni oğlan da belə bir ailədən çıxmış adamdır. Kasıb, yarıac, yarıtox uşaqlıq, fərəhsiz, sevincsiz yeniyetməlik keçirmiş, həyatın hələ heç bir xoş üzünü görməmiş gənc. Qəfildən onun əlinə silah verib, cəbhə xəttinə göndərirlər ki, sən Vətəni qorumalısan. Onun arıq, cılız çiyinlərinə qəfildən bu boyda bir məsuliyyət qoyurlar. O arıq, cılız, kasıb erməni oğlan gəlib, Vətəni qorumalı, ölkəsini idarə edənlərin, varlıların, məmurların əzələli, çiyinli, bədənli oğulları isə kef etməlidir.

Düşmən adlandırdığımız ölkədə heç nə burdakından fərqli deyil Vətən məsələsində. Orda da Vətəni qorumaq, Vətən uğrunda ən təhlükəli yerdə, güllə-baranın qarşısında dayanmaq, həyatını Vətən uğrunda təhlükəyə atmaq ölkənin ən kasıb, ən kimsəsiz, ən fağır ailələrinin övladlarına tapşırılıb. Orda da Vətəni ancaq kasıb qorumalıdır. Bəli, Vətən müqəddəsdir, alidir, Vətəni qorumaq lazımdır, onun uğrunda candan keçmək lazımdır. Amma niyə hər iki tərəfdə də Vətən uğrunda ən fağır, ən kasıb ailənin övladları candan keçməli, özlərini təhlükəyə atmalıdılar? Vətən bir dəfə də nazir, məmur, icra hakimi, rektor, polis rəisinin oğlunun ola bilməzmi? Bir dəfə də onlar Vətən uğrunda canlarını təhlükəyə ata bilməzlərmi? Niyə polis rəisinin, rektorun, icra hakiminin, nazirin, prokurorun, hakimin va onların qohumlarının bütün oğulları villalarda yaşamalı, xaricdə əylənməli, bahalı maşınlar sürməli, Vətəni qorumağa isə həmişə kasıb ailələrin min bir məhrumiyyətlə böyütdüyü arıq-uruq uşaqlar getməli, candan keçməlidir? Niyə vətənin pulu, səfası, kefi varlının, cəfası, əzabı, təhlükəsi isə kasıbın, fağırın olmalıdır? Niyə nazir oğlu ayı kababı, prokuror oğlu qara kürü yeməli, biznesmenin oğulları gecə qız döyməli, oliqarx oğulları istirahət

kompleksləri tikməli, xizəkdə sürüşməli olduğu halda, soyuğun, sazağın, güllənin, alovun qarşısında dişsiz, ac, fağır valideynin cır-cındırla, şor-çörəklə böyütdüyü uşaq dayanmalıdır? Onları əlləri qabar ola-ola, yağış-qar deməyib mal saxlayan, əkin əkən, palçığa bata-bata, islaq corabla yata-yata böyüdən valideynin günahı nədir? Ömründə bir dəfə karuselə minməyən, dondurma yeməyən, allahın bir tikə yavan çörəyini də bəzən doyunca yeməyən bu gənclərin günahı nədir? Allah onları ancaq zülm çəkmək üçünmü yaradıb?

Bu hansı ədalətə, hansı qanuna uyğundur?

Müharibə haqqında yazılan romanlara baxaq. İdeologiyaya xidmət, təbliğat üçün yazılmış romanlar tarixin sınağından çıxa bilmir. Ədəbiyyat tarixində ancaq və ancaq müharibənin mənasızlığını, dəhşətlərini ifşa edən, müharibəni lənətləyən əsərlər qalır. Ədəbiyyat tarixi Riçard Oldinqtonun “Qəhrəmanın ölümü”, Erix Mariya Remarkın “Qərb cəbhəsində yenilik yoxdur”, Anri Barbüsün “Atəş” romanları kimi sülhə çağıran, pasifist əsərlərin yanındadır. Müharibə məsələsində tarix qarşısında ancaq sülhpərvər romanların, pasifist əsərlərin üzü ağdır.

Müharibəyə çağırış, düşmənçiliyə səsləniş isə yalnız müharibədən hansısa yolla öz qazancını götürənlərə sərf edir...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG