Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:55

Onlar bizə "qeyrətsiz" deyirlər...


Tural Şahtaxtinski
Tural Şahtaxtinski

-

Baxın, "qaqaş", "yaxşı oğlan" "Tükəzban" və s. dediyimiz, özümüzdən aşağı bildiyimiz toplum eyni qaydada bizə "dəli", "peysər", "qeyrətsiz" sözlərini həkk edib təhqir edirlər...

Tural Şahtaxtinski

NECƏ OLDU BİR-BİRİMİZİ SÖYDÜK...

Tabuları dağıtmaq səni cəmiyyətdən, ailədən, dostdan uzaq salacaq.

Hamı bir söz deyəcək: "Dəlidir".

İnsanın öz fikrilə yaşaması dəlilik hesab olunan cəmiyyətdə sağlam rəqabətdən danışmaq ağılsızlıqdır.

Məktəb illərindəki dostlarımın heç biri bu gün yanımda deyil. Bizim aramızda böyük bir uçurum var.

Bu yaxınlarda çoxdan görüşmədiyim bir sinif yoldaşımla rastlaşdım. Uşaqlıq dostumla təsadüfən qarşılaşmağım məni çox sevindirdi. Amma nə yazıq ki, bu sevinc çox çəkmədi. Əl verib salamlaşdıqdan sonra, - "Eşitdim, boş-boş yazılar yazırsan, başın qaçıb, dəli olubsan. Elə kitab söhbətini də eşitdim, eşidən kimi dedim, kitab da yazdısa, demək, başı həqiqətən xarab olub", - dedi.

Mən də yarızarafat, yarıciddi fikirlərimi dilə gətirib onu başımdan elədim. Lakin, bu hadisə məni çox düşündürdü. Axı, bu insan mənim uşaqlıq dostumdur! Necə oldu ki, bu insandan uzaq düşdüm? Niyə təsadüfən görüşdüyümüz vaxt aramızdan qara ilan keçdi?

Bizi belə ayırdılar, aramıza sədd çəkdilər. Gəncləri öz ata-anaları başda olmaqla bütün ətrafı “dəli” olmaqdan belə xilas etdi. Bir şeyi diqqətinizə çatdırım. Fikir verin, bizim cəmiyət harada əqli cəhətdən zəif insan görür, həmin an onun haqqında bir nağıl quraşdırır: "Bədbəxt oğlu o qədər çox oxudu ki, axırda dəli oldu".

Bir az mütaliəsi olan, dünyagörüşlü insanlar mentalitetə, tabulara qarşı fikir deyən kimi deyirlər, aha, dəli oldu. Sizcə, bu cəmiyyəti dəlilik qorxusundan xilas etmək asandır? Bizim səvhimiz böyükdür, bizə “dəli” deyənlərdən qaçmışıq, onları özümüzdən uzaq salmışıq. Aramızda böyük bir uçurum yaranıb.

Bir-birmizi aşağılaya-aşağılaya heç nə əldə edə bilmərik. Dəyişmək üçün fərqli düşüncəyə dözmək lazımdır. Baxın, "qaqaş", "yaxşı oğlan" "Tükəzban" və s. dediyimiz, özümüzdən aşağı bildiyimiz toplum eyni qaydada bizə "dəli", "peysər", "qeyrətsiz" sözlərini həkk edib təhqir edirlər. Onların içində kitaba, elmə , mütaliəyə nifrət yaranır. Qaçırlar bizdən.

Bir dəfə bir xanıma sual verdim: “Mütaliə edirsən?" Cavaba fikir verin: “Oxuyub sənin gününə düşəcəmsə, oxumaram”. Onlar bizdən iyrənirlər, hər fürsətdə təhqir etmək istəyirlər. Niyə? Çünki öz uğursuzluqlarına haqq qazandırmalı, bizə qarşı tutarlı silah işlətməlidirlər. Bizimsə ən zəif yerimiz azlıqdır. Onları müdafiə edən çox olacaq, ağsaqqalından tutmuş uşağına, yerli universitetlərdə oxumuşundan tutmuş Avropada təhsil almışına qədər.

Dəyişmək üçün ilk addımlardan biri də dözməkdir. Biz dəyişmək istəyirik, onlar yox. Ona görə, onların içində olmaq lazımdır. Onlardan qaçdıqca uduzuruq.

Bu mövzuda uğur əldə edə bilməməyimizin ən böyük səbəbi səmimi ola bilməməyimizdir. “Ağıllılar”ın içinə düşmüş “dəli”lər də var. Onlar səmimi deyillər, təhqirə, söyüşə tuş gəlməmək üçün öz düşüncəsinin əksinə gedərək qəhrəmanlığa başlayır, başqa dünyada yaşayan həmyerlilərinin fikirlərinə haqq qazandırırlar.

Aydın desək: əslində onların da düşüncələri mentaldır, “təsbehlidir”, heç nə dəyişməyib. Bu tiplərin arasında həqiqətən azadlıq sevəni də var, amma iki rolu oynamağa məcburdur. Biz böyük bir qorxunun əsirinə çevrilmişik. Necə ki, mentaliteti əslində sevməyən, ancaq qınaqdan qorxub yaşayanlar var, eləcə də azadlığa bel bağlamayıb özünü elə göstərənlər var.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG