Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:59

Mayın sonlarında yeni əfv fərmanı imzalana bilər


Foto illüstrasiya
Foto illüstrasiya

-

Avropa Şurasının baş katibi Thorbjørn Jagland Azərbaycanda İnsan Hüquqları üzrə Birgə Qrupun fəaliyyətini diqqətlə izləyir. Aprelin 9-da Qrupun üzvləri ilə görüşdə Avropa Şurasının siyasi məsələlər üzrə direktorluğunun rəhbəri Alexandre Guessel belə deyib.

Görüşdə siyasi məhbusların azad edilməsi məsələləri diqqət mərkəzində olub. Hüquq müdafiəçiləri NİDA fəallarının, İlqar Məmmədovun, İntiqam Əliyevin, Hilal Məmmədovun və digər siyasi məhbusların azad edilməsi məsələsini qaldırıblar.

Bunu AzadlıqRadiosuna Birgə Qrupun üzvü, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva bildirib.

Hüquq müdafiəçinin sözlərincə, əfv komissiyasının üzvləri deyib ki, mayın sonlarında yeni əfv fərmanı imzalana bilər.

«YARIM İLDƏ PREZİDENT 15 NƏFƏRİ ƏFV EDİB»

Rəsmi məlumata görə, Birgə Qrupun həmsədri, Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov komissiya ilə əfv məsələləri üzrə qarşılıqlı fəaliyyətdən danışıb. Deyib ki, bu əməkdaşlıq nəticəsində yarım ildə Azərbaycan prezidenti 15 nəfəri əfv edib. Fuad Ələsgərov bu istiqamətdə fəaliyyətin davam etdiyini deyib.

Prezident Administrasiyasının rəsmisi bildirib ki, «biz qrupun fəaliyyətinin daha səmərəli olmasına çalışırıq».

Hər əfv fərmanı ilə təxminən 100 nəfər əfv olunur. Bu səbəbdən Fuad Ələsgərovun dediyi 15 məhbusun məhz yerli və beynəlxalq hüquq təşkilatlarının «siyasi məhbus» adlandırdığı şəxslər olduğunu güman etmək olar.

SƏMƏD SEYİDOV: «AZƏRBYCAN DÜZGÜN YOLDADIR»

«Azərbaycanın inkişafı və buradakı sabitlik Azərbaycanın nə qədər düzgün yolda olduğunu göstərir. Ölkəmiz Avropa Şurasının qaldırdığı bütün məsələlərə həssaslıqla yanaşır».

Bunu görüşdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Səməd Seyidov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi nizamlanmayanadək insan haqlarının müdafiəsi, terrorizmə, separatizmə qarşı mübarizə istiqamətində aparılan iş səmərə verməyəcək. Seyidov Birgə Qrupun insan haqları ilə bağlı problemlərin həlli istiqamətində altı ayda səmərəli fəaliyyət göstərdiyini vurğulayıb. Məlumatı Milli Məclisin saytı yayıb.

İnsan Hüquqları üzrə Birgə Qrup hakimiyyət və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə 2014-cü ilin oktyabrında yaradılıb. Bu təşəbbüsü Avropa Şurasını baş katibi Thorbjørn Jagland irəli sürüb.

Hakimiyyət «siyasi məhbus» termininə qarşı olduğu üçün qrupun adında bu ifadə yer almayıb. Ancaq məqsədlərdən biri məhz siyasi məhbuslar probleminin həllinə yardımdır.

Birgə Qrupda 30 siyasi məhbusun işi ilə yanaşı, müxtəlif islamçı qrupların, ümumilikdə 90 nəfərədək məhbusun işləri müzakirə olunur.​

XS
SM
MD
LG