Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:01

İntiqam Əliyev 7 il 6 ay azadlıqdan məhrum edildi


İntiqam Əliyev
İntiqam Əliyev

-

Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevi 7 il 6 ay azadlıqdan məhrum edib. Hökmə görə, o, 3 il dövlət vəzifəsi tuta bilməz.

Hakim Rasim Sadıqov onu da deyib ki, İntiqam Əliyev Avropa İnsan Haqları Məhkəməsinə 100 iş göndərib. Ancaq onların heç birində qaçqın və məcburi köçkünlərin problemləri öz əksini tapmayıb.

İntiqam Əliyev son sözlə çıxışında deyib ki, həbsi siyasi sifarişdir, cinayət işi isə tamamilə saxtadır. O, Avropa İsan Haqları Məhkəməsinə 200 şikayət göndərdiyini, bu işlərdən 40-da qalib gəlindiyini bildirib. Bu işlərdən 14-ü 2005-ci ildə keçilmiş parlament seçkilərində namizədlərin hüquqlarının pozulması ilə bağlı olub.

İntiqam Əliyev deyib ki, o, fəaliyyətini həbsdə də, həbsdən sonra da davam etdirəcək:

«Həbsdə olan dostlarımla, əqidə yoldaşlarımla məhbusluq həyatını bölüşməkdən şərəf duyuram. Həbslər bizim azadlığımızı əlimizdən ala bilər, azadlıq istəyimizi yox. Azad insan hər yerdə azaddır».

İntiqam Əliyev çıxışını bu sözlərlə bitirib:

«Sizə ədalətli cəmiyyətdə yaşamağı arzulayıram. Elə bir cəmiyyətdə ki, insanları siyasi fəaliyyətinə görə tutmaq ləyaqətsizlik sayılır».

İNTİQAM ƏLİYEVİN MƏHKƏMƏDƏ SON SÖZÜNÜN TAM MƏTNİNİ BURADA OXU

İntiqam Əliyev keçən il avqustun 8-də həbs olunub. O, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə və israf etmədə ittiham olunur. Dövlət ittihamçısı İntiqam Əliyevin 10 il azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Yerli və beynəlxalq hüquq müdafiəçiləri İntiqam Əliyevin həbsini siyasi sifariş hesab edir.

Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» İntiqam Əliyevi «vicdan məhbusu» elan edib.​

XS
SM
MD
LG