Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:51

Satirik şair Tofiq Həsənli hədələndiyini deyir


Şair Tofiq Həsənli
Şair Tofiq Həsənli

-

Gözlə

No media source currently available

0:00 0:06:03 0:00
Direct-ə keçid

«Görürəm mən yuxuda var yağımız, var ətimiz,
Bizə pulsuz verilir, bizdə olan sərvətimiz.
Kredit borcumuzu tam ödəyib dövlətimiz,
Atılıb şadlığımızdan vururuq jazz yuxuda»

Bu misralar son vaxtlar sosial şəbəkə istifadəçilərinin maraq dairəsinə daxil olan satirik şair, Lənkəran rayon sakini Tofiq Həsənlinindir. O, əvvəllər də tənqidi şeirləri ilə tanınıb. Özünün dediyinə gör, həm hakimiyyəti, həm də müxalifəti tənqid etdiyindən uzun müddət sözünü deməyə meydan tapmayıb və unudulub. Sözünü deməyə yer tapmayan şair fikirlərini sosial şəbəkələrdə bölüşməyə qərar verib. Tofiq Həsənli deyir ki, sosial şəbəkələrdə fəallaşandan sonra, ona qarşı təzyiqlər başlayıb.

- Bu günlərdə “Facebook” səhifənizdə sizə gözlənilən təhlükə haqda yazmışdız. Nədir bu təhlükə?

- Bu yaxınlarda “Azərbaycan saatı” verilişində çıxış etdikdən sonra biraz problemlər yarandı. Lənkəran rayon icra orqanları mənimlə maraqlanmağa başladı. Eşidirdim ki, mənim haqqımda məlumat toplayırlar. Hiss edirəm ki, mənə təhlükə gözlənir. Mənə bir neçə dəfə susmaq, artıq-əskik yazmamaq təklif olunub, razılaşmamışam. Onlara bildirmişəm ki, sözümü axıra kimi deyəcəyəm. Buna görə də mənə hər şey edə bilərlər.

- Tənqidi şeirlərə nə vaxtdan başlamısız? Necə oldu ki, sosial şəbəkələrdə birdən-birə məşhurlaşdız?

- İlk dəfə 2000-ci ildə “Qulp” verlişinə çıxmağa başlamışam. Əvvəllər məni ciddi qəbul etmədilər. Sonra “Dirsək” adlı şeirimi oxudum, Baba Pünhanın çox xoşuna gəldi. Bundan sonra davamlı olaraq məni verilişə dəvət edirdi. Mən də “baltanı kökündən” vururdum.

Bundan sonra məni Universitetə müəllim təyin etdilər, bir az da puldan zaddan verdilər. Biraz işlədim, baxdım gördüm, sözümü heç yerdə deyə bilmirəm.

Sonra “Millətin səsi” qəzeti çıxdı. Həmin qəzetin arxa səhifəsində başladım “Heydərnamə”lər yazmağa. 7 dənə “Heydərnamə” yazdım. Sonra qəzeti bağladılar. Bundan sonra məni yenə çağırdılar, Bakıda 3 otaqlı ev verdilər, bir az da pul-filan. Dedilər ki, dərinə getməyim. Bildirdilər ki, 3 nəfərlə işim olmasın: ata-oğul və şeyx. Bundan sonra yenə baxdım ki, sözümü deyə bilmirəm.

- Fəaliyyətinizi dayandırdınızmı?

- Yox, dözə bilmədim. Bir müddət sonra müxalifət qəzetlərinə müraciət etdim. Burada da dedilər ki, sən gərək ancaq hakimiyyəti tənqid edəsən ki, səni çap edək. Dedim mən obyektiv tənqid etmək istəyirəm. Həm hakimiyyətin, həm də sizin çatışmazlıqlarınızı göstərmək istəyirəm. Razılaşmadılar.

2003-cü ildə mənə bir televiziyadan təklif gəldi, getdim ora. Müxalifətdən yanıqlı idim deyə, burada onları tənqid etməyə başladım. Senzuradan keçirdi deyə, hakimiyyət haqqında heç nə deyə bilmirdim. Paralel olaraq “Xural” qəzetində hakimiyyəti tənqid etməyə başladım. Burada “İlhamlı nəğmələr” silsiləsindən 3 şeirim çıxdı.

Türmədən çıxandan sonra məni sıxışdırmağa başladılar. Elə sıxışdırdılar ki, səsimi çıxara bilmədim. Boğulurdum. Axı, mən söz adamıyam, deməsəm rahat ola bilmirəm...

2005-ci ildə buna görə məni şərləyib, 3 il iş verdilər. 2007-ci ildə aministiyaya düşdüm. Türmədən çıxandan sonra məni sıxışdırmağa başladılar. Elə sıxışdırdılar ki, səsimi çıxara bilmədim. Boğulurdum. Axı, mən söz adamıyam, deməsəm rahat ola bilmirəm.

Verdikləri 3 otaqlı ev mənə qəfəs kimi görünürdü, elə bilirdim qan qusuram ora. Həmin evi satdım, yarısını kasıb-kusuba payladım, qalanını özüm sağa-sola xərclədim getdi. Nə vermişdilər hamısını dağıtdım, xərclədim. Dedim ki, bunların pulu mənə lazım deyil.

- Kəskin tənqidi şeirlər yazmaqda davam edirsiz. Yenə həbs olunacağınızdan qorxmursuz?

- Açığı ehtiyat edirəm ki, yenə tutarlar. Mən yazanda bilirəm ki, bunun qabağında tutulmaq da var, ölüm də var. Yolda getdiyin yerdə maşın da vura bilər, ağzının içindən güllə ilə də vura bilərlər. Bunları görə-görə gəlirik, tarixdi.

Desəm ki, mən heç qorxmuram, düz olmaz. Haradasa ürəyimdə düşünürəm ki, yenə tutulacağam, əziyyət çəkəcəyəm. İndi məni alqışlayanlar heç qapımı da açmayaq. Bunu bilirəm, başıma gəlib. Həbs olunanda qardaşımdan başqa kimsə yanıma gəlmirdi. Ancaq, bir tərəfdən də bu, o demək deyil ki, mən xalqın sözünü deməməliyəm.

- Yenidən həbs olunmaqdan çəkinirsiz. Sizi nə məcbur edir ki, yazmağa davam edirsiz?

- Haqsızlıq və buna qarşı olan ilahi qüvvə. Bu mənim öz istəyimlə deyil. Sanki, məni buna məcbur edirlər. Xalqın güzəranı göz qabağındadır. Yaşada bilərlər, yaşatmırlar. Bilə-bilə əziyyət verirlər.

Xalq kommunal xərclərin ödəyə bilmir. Rayonlara gedin baxın, xalq acından ölür. Bunu mən deməyim, susum? Mən vətənpərvər adamam. Sözümü sona kimi deyəcəm...

- Sənət aləmində özünüzü kimin davamçısı sayırsınız?

- Mənə biri deyir Baba Pünhanın, biri deyir M.Ə.Sabirin davamçısı. Mənim onların hər ikisinə böyük hörmətim var. Ancaq, mənim yolum başqdır. Mən öz yolumu tutmuşam, heç kimi də təkrar etmək fikrim yoxdur.

P.S. Tofiq Həsənli 2005-ci ildə narkotik maddələr ittihamı tutulmuşdu. Özününün dediyinə görə onu şeirlərinə görə şərləyərək həbs ediblər. İddiasına görə ona ev bağışlayan o zamankı nazirlərdən biri tələb edib ki, 3 nəfər (keçmiş prezident Heydər Əliyev, onun oğlu İlham Əliyev və Şeyxülislma Allahşükür Paşazadə) nəfər haqqında yazmasın.

Tofis Həsənlinin iddialarında ittiham olunan tərəflərin də mövqelərini əks etdirməyə hazırıq.

XS
SM
MD
LG