Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:01

«The Economist» Azərbaycanda insan haqlarından yazır


Arxiv fotosu: Araşdırmaçı jurnalist Xədicə İsmayıl Bakı hava limanında saxlanarkən.
Arxiv fotosu: Araşdırmaçı jurnalist Xədicə İsmayıl Bakı hava limanında saxlanarkən.

-

«The Economist» yazır ki, Azərbaycanda korrupsiyanı araşdıran jurnalist Xədicə İsmayıl dərin sularda üzdüyünü bilirdi. O, 2012-ci ildə özəl həyatına dair video alır və ona xəbərdarlıq olunur ki, araşdırmalar dayanmasa, video yayılacaq. X.İsmayıl bu hədəni gözardı edir və video yayılır. Ancaq yenə də işinə davam edir, ötən ilin dekabrında həmkarını intihar həddinə çatdırma ittihamıyla saxlanır. Fevralda ona vergidən yayınma daxil olmaqla, əlavə ittihamlar irəli sürülür.

«Ancaq xanım İsmayıl tək deyil. Azərbaycanda azı 33 fəal, jurnalist, bloqqer siyasi ittihamla həbsdədir». Məqalədə vurğulanır ki, vətəndaş cəmiyyətinə hücumların vaxtı təsadüfən seçilməyib. İyunda ilk Avropa Oyunları keçiriləcək. İnsan haqları qurumları dünya liderlərini çağırır ki, bu tədbiri boykot etsinlər. «Azərbaycanın avtoritar prezidenti İlham Əliyev, görünür, qorxur ki, tənqidçiləri fürsətdən istifadə edib şikayətlərini yayacaqlar».

«Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə, İran və Xəzər dənizi ilə həmsərhəd olan Azərbaycan strateji mükafatdır. Dünyəvi mövqeyə üstünlük verən Azərbaycan amerikalıların Əfqanıstanda müsəlman ekstremistlərə hücumlar üçün bazalarından istifadəyə şərait yaradıb. Ola bilsin, bu səbəbdən Azərbaycanın narazıları həbsə atmasına baxmayaraq, Avropa Şurasına sədrlik etməsinə icazə verilib. Kürü payı və lobbi maşınının başqa hədiyyələrindən inciyən olmayıb».

Yazıda qeyd olunur ki, cənab Əliyevin ən böyük başağrısı iqtisadiyyatdır, neftin qiymətlərinin düşməsi maliyyə sisteminə zərbə vurub. İnflyasiya artır, dövlət qulluqçularının maaşları gecikir. Hökumət də hər şeyi Avropa Oyunlarının üzərinə yıxır. «Bu, hökumətdə əsl qəzəb yaradır, fəalların həbsi bu qəzəbi doğura bilməzdi», - bunu Vaşinqtonda «North Caucasus Caucus» bloqunda yazan təhlilçi deyir.

«The Economist» digər narahatlığın Ermənistanla Dağlıq Qarabağ münaqişəsi olduğunu yazır. «Cənab Əliyev Qarabağ münaqişəsindən yararlanaraq milli hissləri səfərbər edir və ölkədəki korrupsiyadan diqqəti yayındırır».

Angela Merkel və Vladimir Putin Moskvada hərbi paradı seyr edirlər- 9 may 2010
Angela Merkel və Vladimir Putin Moskvada hərbi paradı seyr edirlər- 9 may 2010

«Cənab Əliyev odla oynayır. Ötən ilin avqustunda Ermənistanla münaqişə güclənəndə, insanlar döyüşə çağırır, qan istəyirdilər», - bunu Vaşinqtondakı təhlilçi deyir. «Hökumət həqiqətən də ictimai qəzəbi yatızdırmalı oldu, yoxsa məsələ nəzarətdən çıxırdı», - «The Economist» yazır.

QƏRBDƏN RUSİYAYA İLDÖNÜMÜ MESAJI

«The Financial Times» yazır ki, İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 70 illiyi xüsusilə önəmlidir. Ola bilsin, veteranların, müharibədən sağ çıxanların qatıldığı sonuncu Qələbə günü ildönümüdür. Ancaq bu tədbirlər Rusiya ilə Qərb arasında diplomatik gərginliklə eyni vaxta təsadüf edir. Məqalədə xatırladılır ki, 10 il öncə, qələbənin 60-cı ildönümü bayram tədbirlərində ABŞ, Fransa və Almaniya liderləri prezident Vladimir Putin-in yanındaydı. Yəqin, cənab Putin bu tədbirdən istifadə edərək Krımı almasını, Ukraynanın şərqinə müdaxiləsindən bəhs edəcək.

«Rusiyanın Ukraynanın şərqinə müdaxiləsinin qarşısı alınıb, ancaq dayandırılmayıb. Bu da göstərir ki, hazırda cənab Putin-lə Qərbin hər hansı həmrəylik göstərisi mümkün deyil… Rusiya dövlət təbliğatı nasizm üzərində qələbəni Ukrayna hadisələri ilə əlaqələndirir… Bu məqamda Qərb liderləri elan etməlidirlər ki, cənab Putin-lə fikir ayrılıqlarının Rusiya xalqına dəxili yoxdur. Cənab Putin Qələbə günündən istifadə edib rejiminin tərifini göyə qaldıra bilər. Ancaq qəhrəmanlıqla vuruşmuş milyonlarla rusiyalı və keçmiş sovet xalqları daha yaxşısına layiqdir. Rusiyada və kənarda olanları qeyri-adi qurbanlar verdiklərinə görə şərəfləndirmək gərəkdir, bundan başqa məqsədlə istifadə olunmamalıdır».

XS
SM
MD
LG