Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:05

Keçmiş ABŞ səfiri: «Kerry və Obama-ya şəxsi hücum təhlükəli inkişafdır»


Richard Kauzlarich
Richard Kauzlarich

-

Müsahibimiz ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (1994-1997) Richard Kauzlarich-dir.

- Cənab Kauzlarich, bilirsiniz ki, son aylar Azərbaycanın hökumət rəsmiləri ABŞ-ı kəskin tənqid edir, bu ölkəni Azərbaycanda inqilab hazırlamaqda ittiham edir. Hakimiyyətyönümlü media ABŞ prezidenti Barack Obama və dövlət katibi John Kerry-ni hədəfə alıb. John Kerry həm də ermənipərəst olmaqda ittiham edilir. Sizin hər iki hökumət rəsmiləri ilə iş təcrübənizi nəzərə alaraq soruşmaq istərdik ki, bu ritorika dövlətlərarası münasibətlər üçün nə dərəcədə real problem yarada bilər?

- Məncə, bu, ABŞ-a qarşı hücumların davamıdır. Bu hücumlar keçən ilin dekabrında Ramiz Mehdiyev ABŞ əleyhinə məqaləsini yazanda daha aydın bir məqama çatmışdı. Son tənqidlər isə daha kəskindir, çünki ABŞ prezidenti və xüsusilə də dövlət katibi John Kerry-ni hədəfə alıb. Hansısa məsələ ilə bağlı fikir ayrılıqlarının olması bir məsələdir, başqa bir hökumətdə əsas siyasəti müəyyən edən adamlara şəxsi səviyyədə hücum etmək başqa məsələ. Məncə, bu, çox narahatedici, kədərli və təhlükəli bir inkişafdır.

- Bəs sizcə, bütün bunlar iki ölkə arasında münasibətləri pisləşdirə bilərmi? Bu hücumlar Ağ evdə necə qarşılanır?

- Mən ABŞ prezidentinin və ya John Kerry-nin bu haqda nə düşündüyünü deyə bilmərəm. Onların hər ikisi məşğul adamlardır, çoxlu işləri var. Dövlət Departamentini sözçüləri məsələ ilə bağlı kifayət qədər aydın şəkildə mövqelərini açıqlayıblar. Amma biz ABŞ mətbuatında Azərbaycan rəsmilərinin adından çıxan yazılarda iki ölkə arasında strateji əməkdaşlıq haqqında oxuyuruq. ABŞ liderlərinə qarşı belə arzuolunmaz hücumlardan sonra bu yazıları dəyərli qəbul etmək çətindir. İndiki yanaşma məhsuldar deyil və belə yanaşma münasibətlərin yaxşılaşdırılmasına aparmayacaq. ABŞ-la 20 illik diplomatik münasibətlərdən sonra Azərbaycan hökuməti iki ölkənin hansı dəyərlər əsasında münasibət quracağını müəyyənləşdirməyibsə, bu, yaxşı bir şeyə işarə deyil.

- Bir müddət əvvəl politoloq Zərdüşt Əlizadə AzadlıqRadiosuna müsahibəsində demişdi ki, ABŞ-la Azərbaycan arasında real siyasi münasibətlər çox yaxşıdır- neft axır, qaz axır. Söz hücumları isə yalnız Azərbaycanda daxili auditoriyaya hesablanıb və hökumətin hətta ABŞ-a meydan oxuyacaq qədər güclü olduğunu göstərmək məqsədi daşıyır.

-Əminəm ki, mətbuatda yazılanların böyük hissəsi Azərbaycan xalqına ünvanlanıb. Şərhçi haqlıdır- göstərmək istəyir ki, baxın Azərbaycan hökuməti necə güclüdür. Amma onlar anlamalıdırlar ki, bu yazıları oxuyan yalnız Azərbaycan xalqı deyil, bu yazıları ABŞ-da da oxuyurlar və yazılanlar ABŞ-dan fərqli görünür. Enerjiyə gəldikdə isə, burda bir az amneziya (unutqanlıq) əlamətləri var. Azərbaycan neftin istehsalı və ixracı istiqamətində uğuru necə qazandı? Bu, bircə yolla mümkün oldu - ABŞ-ın güclü siyasi dəstəyi nəticəsində. Azərbaycan üçün bu, enerji resurslarının inkişafı idi. İndi enerji bazarı kifayət qədər dəyişib. Azərbaycanın enerji resursları vacibdir, amma 1994-cü ildəki qədər yox. ABŞ-da və Şimali Amerikada enerji istehsalı ilə bağlı baş verənlər haqda yazılanları oxumaq lazımdır, dünyanın enerji mənzərəsi dəyişib. Burda problem var. Bu problem Vaşinqtonda deyil, Bakıdadır. Bir qrup adam çox vacib məsələlərdən diqqəti yayındırmağa çalışır. Bu problemlər Azərbaycanın iqtisadiyyatı, insan haqlarının boğulması, söz azadlığının vəziyyətidir. Onlar bu haqda danışmaq istəmirlər. Onların istədikləri dövlət katibinin guya ermənipərəst olması və başqa əsas problemlərə aidiyyəti olmayan məsələlərdən danışmaqdır.

XS
SM
MD
LG