Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:14

Ekspert: Banklar çökmək təhlükəsi ilə üz-üzədir


Foto illüstrasiya
Foto illüstrasiya

-

Fevral devalvasiyasından sonra Azərbaycanda bank krediti götürmək şərtləri çətinləşib. Devalvasiyadan dərhal sonra bankların əksəriyyəti manatla kredit verməyi dayandırsalar da, artıq yavaş-yavaş bərpa etməyə başlayıblar. Bəzi banklar, məsələn, «Bank Technique», «Atabank» kimi banklar isə kredit şərtlərini yenilədiklərini bildirib, ümumiyyətlə, kredit verilişini dayandırıblar.

AzadlıqRadiosunun müxbiri «Bank Respublika»ya müştəri kimi müraciət edib, kredit götürmək istədiyini deyib. Ona bankın məlumat xidmətindən bildiriblər ki,istehlak kreditinin verilməsi dayandırılıb, indi kredit götürmək üçün ya mütləq daşınmaz əmlak, ya da qızıl girov qoymalısan.

Devalvasiyadan sonra manatla kredit şərtləri dollarla kredit götürməkdən daha çətindir. «Bank Standard»ın internet saytında yerləşdirilmiş məlumata görə, dollarla kreditlər illik 26 faizlə verilsə də, manat kreditləri üçün bu, 32 faizdir.

Bu bankda manatla kreditlər yalnız 24 aylığa, dollarla isə 60 aylığa verilir.

Bakı sakini Tural AzadlıqRadiosuna deyir ki, əlbəttə, ona manatla kredit götürmək sərf edir, çünki manatın ucuzlaşma ehtimalı daha böyükdür.

Bank üzrə ekspert Samir Əliyev deyir ki, manatla kredit ala bilməmək vətəndaşı pis vəziyyətdə qoyur:

«Əvvəllər maddi imkanı aşağı olanlar iş yerindən arayışla kredit götürə, minimum ehtiyaclarını kreditlərlə həll edə bilirdilər. İndi bu yol da bağlanır. Üstəlik, insanlarda olan devalvasiya qorxusunu nəzərə alanda, manatla kredit götürmək vətəndaşa daha sərfəlidir. Banklar isə dollar üstünlük verirlər. Bu da vətəndaş üçün çətinlik yaradır».

«ARAŞDIRMAQ LAZIMDIR, BU, TƏXRİBAT DA OLA BİLƏR»

Hüquqşünas Müzəffər Baxışov AzadlıqRadiosuna müsahibəsində deyir ki, qanunla kredit şərtlərini tənzimləmək və krediti hansı valyutada vermək kommersiya banklarının daxili işidir:

Müzəffər Baxışov
Müzəffər Baxışov

«Amma araşdırmaq lazımdır ki, banklar bu məhdudiyyəti niyə qoyurlar. Devalvasiya olacağını əvvəlcədən bilirlərsə və ona görə dollarla verirlərsə, bu məsələ araşdırılmalıdır, bunu hətta təxribat kimi də qiymətləndirmək olar. Bu işi Mərkəzi Bank araşdırmalıdır».

AzadlıqRadiosunun banklarla danışmaq cəhdləri uğursuz olub, onların mövqeyini dərc etməyə hazırıq.

«Bank Respublika»dan Əli Daşdəmirov eurasianet.org-a deyib ki, krediti dollarla verməyə üstünlük verirlər, çünki depozitləri dollarla alırlar.

apa-nın aprelin 24-də yaydığı xəbərə görə, Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Alim Quliyev bildirib ki, devalvasiya ilə əlaqədar dollarlaşma prosesi gedib: «Bu gün bankların resursları dollarladır. Devalvasiyadan sonra əhali banklarda manatda olan əmanətlərini dollara çevirir. Buna görə bankların resursları dollarladır».

Alim Quliyev deyib ki, Mərkəzi Bank vəziyyəti düzəltmək üçün çalışır.

DOLLARLA ƏMANƏTLƏR ARTIB, MANATLA AZALIB

İqtisadçı Samir Əliyev AzadlıqRadiosuna deyir ki, banklar doğrudan da çıxılmaz vəziyyətdə qalıblar. Mərkəzi Bank böyük ehtimalla inflyasiya təhlükəsini nəzərə alaraq dövriyyəyə manat çıxarmır, banklar doğrudan da manat qıtlığı yaşayır. Ölkədə pul bazası getdikcə azalır. (Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir).

Samir Əliyev
Samir Əliyev

Devalvasiyadan əvvəl bu rəqəm 10 milyard 551 milyon AZN idisə, indi 7 milyard 418.6 milyon AZN təşkil edir. Bu da ölkə iqtisadiyyatında nağd manatın azalması deməkdir:

«Devalvasiyadan sonra Mərkəzi Bank intervensiya etdi, dolları satıb, manatı aldı və bazardan dörd milyarddan çox manat yığdı. Həmin manat iqtisadiyyata qayıtmalıdır. İqtisadiyyata isə bu, banklar vasitəsilə, xüsusilə də kreditlər şəklində qayıtmalıdır. Bu, baş vermir. Mərkəzi Bankın sərəncamında qalıb. Banklar isə manat qıtlığından əziyyət çəkirlər».

«MƏRKƏZİ BANK İNFLYASİYADAN ÇƏKİNİR»

Samir Əliyev hesab edir ki, bankların ikinci qorxusu devalvasiyadır: «Banklar dollarla kredit verirlər ki, devalvasiya baş verərsə, bu onları vurmasın».

Ekspertin fikrincə, banklar həm Mərkəzi Bankdan, həm də əhalidən manat ala bilmədiyi üçün çıxılmaz vəziyyətdə qalıb, kredit verməkdə çətinliklər yaşayır: «Devalvasiyadan sonra banklar çökmək təhlükəsi ilə üz-üzədir».

İqtisadçı deyir ki, kreditlərin verilməsinin çətin olması, ölkədə iqtisadi aktivliyi aşağı salır, bu da son nəticədə iqtisadiyyatı tənəzzülə aparır.

Fevralın 21-də Azərbaycan manatı dollara nəzərən 33.5 faiz ucuzlaşıb.

XS
SM
MD
LG