Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:58

Yanan binanın tüstüsü Avropadan çıxdı


Arif Məmmədov
Arif Məmmədov

-

«Allah rəhmətə gedənlərə rəhmət eləsin. Bu faciə hər bir azərbaycanlının kədəri və faciəsidir. Allah xalqımıza səbri qalıbsa, səbir versin. Heç bir xalq bu qədər haqsızlığa və biabırçılığa dözməz. Xalqın zülmündən milyonlar əldə edən məmurlar çox səbirli xalqımızın qəzəbindən qorxmurlarsa, Allahın qəzəbindən qorxsunlar».

Bunu İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı səfiri Arif Məmmədov «facebook» profilində yazıb. O, bu statusla mayın 19-da Bakıda yanan, 15 nəfərin ölümünə səbəb olan yanğınla bağlı öz fikirlərini bildirib.

Arif Məmmədov

Arif Məmmədov

1964-cü il sentyabrın 22-də anadan olub.

1983-1988-ci illərdə Moskva Hərbi Xarici Dillər İnstitutunda təhsil alıb.

2000-ci ilin mayından 2006-cı ilin noyabrınadək Brüsseldə Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri işləyib.

2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi olub.

2013-cü ilin iyunundan etibarən Brüsseldə yerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri və bu təşkilatın ilk səfiridir.

Səfirin statusu ölkədaxili diplomatik qalmaqal yaradıb. Arif Məmmədovun statusundan qəzəb payı biçənlər onun profilində təhqiqat aparıb və məlum olub ki, səfir əvvəlki status və şərhlərində də «dinc dayanmayıb», narazı və narahat olduğu məsələlər barədə fikirlərini «facebook» dostları ilə bölüşüb.

Bundan sonra səfir Arif Məmmədova cəbhə açılıb və söz-söhbət onun geri çağırılmasına qədər irəliləyib. Hələlik, Arif Məmmədovun geri çağırılması xəbəri öz təsdiqini tapmayıb.

XİN ARAŞDIRIR

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev apa-ya bildirib ki, onlar məlumatla tanış olublar:

«Xarici İşlər Nazirliyinin daxili prosedurlarına uyğun olaraq, məsələ tam şəkildə araşdırılacaq. Məlumat öz təsdiqini taparsa, bu, diplomat adına və adi etik qaydalara yaraşan hal deyil, qəbuledilməzdir, məsuliyyətsiz və qeyri-peşəkar davranışdır».

«PROFİLİMİ BƏYƏNDİYİNƏ GÖRƏ TƏCRÜBƏLİ DİPLOMATLAR ÇİRKAB VƏ TƏHQİR DALĞASINA TUŞ GƏLİB»

Arif Məmmədov hakimiyyətə yaxın mətbuat orqanlarında barəsində yazılanlara öz «facebook» səhifəsində cavab yazıb. O deyib ki, statusunda prezidentin son günlər dediklərini təkrarlayıb və buna görə ünvanına «axıdılan böyük çirkab selindən» xeyli təəccüblənib və hiddətlənib:

«Xoşbəxtlikdən Azərbaycanın peşəkar jurnalistləri və bir çox başqaları məni kifayət qədər yaxşı tanıyır və Azərbaycan dövlətçiliyinə, xalqıma sədaqətli olduğumu bilir. İyirmi il ərzində müxtəlif beynəlxalq təşkilatlarda ölkəmin maraqlarını müdafiə etmişəm. Fəxr edirəm ki, bu işin öhdəsindən pis gəlməmişəm. Bu barədə bizim bütün diplomatlar, jurnalistlər və sadə adamlar yaxşı bilir. Təəssüf edirəm ki, mənim profilimi bəyəndiyinə görə («facebook» profili nəzərdə tutulur-red.) bir çox peşəkar diplomatlar da çirkab və təhqir dalğasına tuş gəlib. Həm də ona görə təəssüflənirəm ki, bütün bunları Azərbaycandakı və xaricdəki diplomatik nümayəndəliklər də oxuyur. Ölkənin xarici siyasət idarəsini xəyanətdə ittiham etmək yalnız qeyri-sağlam psixikaya malik adamın ağlına gələ bilərdi. Kimsə bu böhtanın ölkənin imicinə, Qarabağla bağlı danışıqlar prosesinə və digər məsələlərə təsiri barədə heç düşünübmü?».

DİPLOMATIN ETİK SƏRHƏDİ HARADA BİTİR?

Arif Məmmədovun ritorik sualına yox, hələ ki, onun statuslarına cavablar gəlir.

Fikrət Sadıqov
Fikrət Sadıqov

Bir diplomat üçün etik çərçivə nələri əhatə edir və o, nə zaman qeyri-etik davranışda ittiham oluna bilər?

Keçmiş diplomat Fikrət Sadıqov deyir ki, diplomatiya sahəsində bütün ölkələr üçün xarakterik etik çərçivələr var: «Diplomatiyada protokol qaydaları var. Buna hər kəs riayət etməlidir. Diplomat bir dövlətin təmsilçisidir və onun istənilən platformada verdiyi bəyanat dövlətin mövqeyi kimi səslənir. O, şəxsi fikirlərini yalnız ailəsində, yaxınlarının yanında səsləndirə bilər».

Fikrət Sadıqov əlavə edir ki, səfir dövlətin siyasəti ilə razılaşmırsa, hansısa nöqsan bildiyi hallarla rastlaşırsa, onda ya postundan istefa verməlidir, ya da narazılığını mənsub olduğu qurumun iclaslarında, rəsmi toplantılarında bildirməlidir. Müsahibimiz deyir ki, dövlət rəhbəri məmurları tənqid edə bilər, ancaq diplomatlar bu məsələdə ehtiyatlı davranmalıdır. Fikrət Sadıqov diplomatların söz azadlığında müəyyən sərhədlərin olduğunu vurğulayır:

«Diplomatların da söz azadlığı var. Ancaq bunun konkret forması var, yəni diplomat öz fikirlərini bu forma altında gizlədə bilir».

«ARİF MƏMMƏDOV DA AZƏRBAYCAN VƏTƏNDAŞIDIR»

Politoloq Zərdüşt Əlizadə hesab edir ki, Arif Məmmədov heç bir etik çərçivəni pozmayıb, bir Azərbaycan vətəndaşı kimi baş verənlərə öz münasibətini bildirib:

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

«Arif Məmmədov Avropada oturub, açır kanalları, hamısı göstərir ki, hündür bir bina kibrit çöpü kimi necə yanır. O da vətəndaşdır, insandır, hamı da bilir bu yanğının səbəbi nədir. Səfir də baxıb qəzəblənir, fikirlərini söyləyir. İndi bunu diplomatik dillə necə deməli idi ki?».

Zərdüşt Əlizadənin fikrincə, Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşları hakimiyyətdaxili intriqalarda iştirak etmir. «Arif Məmmədova yönələn hücumlar nəticəsində «təcrübəli səfir geri çağırılarsa, bu, hakimiyyətin yanlış mövqeyini göstərəcək», - politoloq deyir.

«DİPLOMATİK TİTULLARI ALINSIN»

«Arif Məmmədov Azərbaycan xalqına qarşı hörmətsizlik edib. Buna görə də, o, dərhal tutduğu vəzifədən geri çağırılmalı və ona verilən bütün diplomatik titullar alınmalıdır». Bunu YAP-ın icraçı direktorunun müavini, deputat Siyavuş Novruzov Trend-ə bildirib.

«Turan» İnformasiya Agentliyi isə bir statusdan doğan qalmaqala belə şərh verib: «Məşhur diplomat ətrafında qalmaqal hakimiyyətdə növbəti sistem böhranına səbəb olub. Bu, ondan ibarətdir ki, dövlət məmuru öz fikrinə malik olmamalıdır. Daha doğrusu, bu fikir yalnız müsbət olmalıdır. Fikir mənfidirsə, birinci şəxslərin mövqeyini təkrar etsə belə, bu fikir yolverilməzdir. Belə çıxır ki, mahiyyətcə dövlət başçısının məmurların ünvanına tənqidini təkrar etmiş Məmmədov dövlət aparatı tərəfindən «inqilabçı» və «sui-qəsdçi» kimi qəbul edilir».

Rəşad Şirin
Rəşad Şirin

«ARTIQ XƏTT İQTİDAR-MÜXALİFƏT ARASINDAN KEÇMİR»

Rəşad Şirin adlı «facebook» istifadəçisi yazır:

«Əslində dəyərli Arif Məmmədov ilə bağlı bu olay həm də ona görə önəmlidir ki, Arif müəllimə yönəlmiş ittihamlar, şərti olaraq desək, həm müxalifətdə, həm də iqtidarda olan vətəndaşlarımızı narahat etdi. Bu hadisə onu göstərir ki, ölkədəki narahatlıq artıq hansısa siyasi qrupun deyil - daha geniş siyasi spektri əhatə edir. Artıq xətt iqtidar və müxalifət arasından yox, ölkənin daha yaxşı, daha müasir idarə edilməsini istəyən və bunu istəməyənlər arasından keçir. Bütün tərəflər bunu yaxşı anlamalıdır, buna uyğun fikir və mülahizələr irəli sürülməlidir. Bu hadisə sübut etdi ki, «iqtidar pisdir, müxalifət yaxşıdır» ayrımı artıq bir çox şeyi həll etmir. Məsələlər və həllər daha mürəkkəb siyasi və sosial transformasiyalardan keçir».

Səfir Arif Məmmədov isə sözünü deyib və hələ ki, susur.

XS
SM
MD
LG