Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:53

"Gaga, aldığın 2 milyonu siyasi məhbuslara ver!"


Lady Gaga
Lady Gaga

"Avtoritar rejim sizin çıxışınızı öz imicini yuyub-təmizləmək üçün istifadə edib"

-

“Bakıda aldığınız 2 milyon dollar qonorarı siyasi məhbus ailələrinə verin!"

Bu çağırışla məşhur müğənni Lady Gaga-ya "Haqlar naminə İdman” beynəlxalq kampaniya qrupu müraciət edib.

Qrup bildirir ki, Azərbaycanda insan haqlarına qarşı hücumların şiddətləndiyi bir vaxtda Lady Gaga-nın Bakıdakı Avropa Oyunlarının açılış mərasimində çıxış etməsi təəssüf doğurur.

“Əgər sizin bir qayda olaraq insan haqları və bərabərlik uğrunda səsinizi ucaltdığınızı nəzərə alsaq, ehtimal edə bilərik ki, siz Azərbaycandakı vəziyyətdən xəbərdar deyilsiniz” – deyilir məktubda.

“Ört-basdırın bir parçası”

Məktub müəllifləri həbsxanada olan jurnalsit Xədicə İsmayılovanın belə bir bəyanatını təkrar səsləndiriblər ki, “Azərbaycan hazırda insan haqları böhranının içindədir və vəziyyət heç vaxt indiki qədər pis olmayıb”:

“Azərbaycan rejimi Avropa Oyunlarından öz imicini yuyub-təmizləmək, beynəlxalq diqqəti ölkədə baş verən insan haqları pozuntularından yayındırmaq üçün istifadə edir. Kədərlidir ki, sizin çıxışınız da həmin ört-basdırın, öz xalqına qarşı getdikcə daha düşmən mövqe tutan avtoritar rejimin misilsiz təbliğatının bir parçasına çevrilmişdir”.

Kədərlidir ki, sizin çıxışınız da həmin ört-basdırın, öz xalqına qarşı getdikcə daha düşmən mövqe tutan avtoritar rejimin misilsiz təbliğatının bir parçasına çevrilmişdir

Qrup Lady Gaga-ya yazır ki, U2 qrupunun başçısı Bono-dan nümunə götürsün. Azərbaycan hökumətini həbs edilmiş jurnalist və hüquq müdafiəçilərini azad etməyə çağırsın.

Bono Monrealdakı konsertlərində azərbaycanlı məhbuslara dəstəyini bildirib.

Məktuba əlavədə jurnalistlər Nicat Əliyev, Araz Quliyev, Pərviz Həşimli, Seymur Həzi, Xədicə İsmayılova, Hilal Məmmədov, Rauf Mirqədirov, Tofiq Yaqublu, habelə insan haqları müdafiəçiləri İntiqam Əliyev, Rəsul Cəfərov, Anar Məmmədli, Arif Yunus və Leyla Yunusun adları göstərilir.

Qrup vurğulayır ki, həbs edilənlər təkcə azadlıqlarını deyil, həm də “hakimiyyətin iddialarına baxmayaraq hələ də tüğyan edən yoxsulluq şəraitində həyati qazanc vasitəsini itiriblər.

XS
SM
MD
LG