Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:00

Şekspirin doğulduğu kənddə qətl FOTOLAR


Şekspirin anadan olduğu ev
Şekspirin anadan olduğu ev

-

"Yoxsa ki, bu qətl olmasa, Stratford bayağılaşmış dərəcədə turistik yerdir"

Şekspir turizmi

Şekspirin doğulduğu kənddə bu həftə adam öldürüblər. Küçənin ortasında həyatına son qoyublar 36 yaşlı kişinin. Öldürülməzdən əvvəl sürətlə qaçdığı məlum olub. Özü də düz Royal Şekspir Teatrının arxasında.

Polis teatrın küçəsinə giriş-çıxışı bağlayıb, şübhəli bilinən iki qadınla iki kişini həbs edib.

“Bu kənddə həmişə çoxlu turist olur, çox güman ki, turistlərdən kimsə qətli görüb də. İstəməzdik Stratford haqda belə təəssürat yaransın insanlarda. Burda belə şeylər nadir hallarda olur, bura təhlükəsiz yerdir,” - deyə, polis mətbuata müsahibə verib.

Hərçənd, narahat olmaq lazım deyil, Şekspirin kəndinə yaraşan da elə budur, - daim dramatik hadisələrin, həyat teatrının şahidi olmaq. Yoxsa ki, bu qətl olmasa, Stratford bayağılaşmış dərəcədə turistik yerdir.

Şekspirin adından pul qazanmaqdan ötrü insan xəyalına gələ biləcək hər nə varsa, ediblər. Bayaqdan "kənd" deyirik, bura şəhərə oxşayır, Qəbələ boyda bir yerdir.

Təbiəti gözəl, Avon çayı və insan əli də bu gözəlliyə min gözəllik qatıb.

Stratfordun iki böyük küçəsini başdan-ayağa Şekspirə həsr ediblər, qalan yerlərində camaat öz həyatını yaşayır, məktəbə gedir, işə gedir...

Şekspirə həsr olunmuş mərkəzi küçələrdə Şekspir muzeyi, onun yanında Şekspir mərkəzi, onunsa yanında Şekspirin doğulduğu ev yerləşir. Bu üç vacib məkanın ətrafında çoxlu Şekspir kitab, şirniyyat və suvenir dükanları, Şekspir kafeləri...

Şekspir teatrına gedənlərsə buna paralel küçəyə keçməlidirlər.

Şekspirin doğulduğu evin qapı-pəncərəsi bağlıdır, içi boşdur, ona ancaq kənardan baxmaq olar. Bu boş, köhnə ev doğrudan da adamın xoşuna gəlir. Nə yaxşı ki, onu boş, qapısını bağlı saxlayırlar. Ev "avariynı" vəziyyətdədir. Restavrasiya olunsa da, qonaq-qara qəbul edəcək dərəcədə deyil.

Şekspirin muzeyində onun həyatında, yaradıcılığında vacib yer tutan əşyalar nümayiş olunur. Şekspir Teatrında isə il boyu yalnız Şekspirin pyesləri göstərilir.

Dükanlara gəlincə, əgər onların dediyini eləsən, gərək başına ortasında Şekspirin şəkli olan şlyapa, əyninə Şekspir şəkilli köynək-şalvar, ayağına Şekspirli uzunboğaz çəkmə geyinəsən, əlində Şekspir çətiri tutasan, çiynindən Şekspirin aforizmlərilə bəzədilmiş çanta asasan. Hələ bunun Şekspir gün eynəyi var. Heç Vyanada Motsart biznesi bu dərəcədə deyil.

Böyük dramaturqa həsr olunmuş mərkəzi küçələrdə ədəbiyyat ruhu, Şekspir ruhu yoxdur, güclü kommersiya ruhu var, al-ver var, selfi çəkənlərin kamera şaqqıltıları var.

Hər tərəfdən Şekspir brelokları sallanır. Hər bir misrasını soyuducu maqnitlərinin üstünə həkk edərək, bazara çıxarıblar. Satan da, alan da məmnun görünür.

Bu əraziyə hökumətin "Şekspirin İngiltərəsi" adlanan ayrıca turizm qurumu baxır.

XS
SM
MD
LG