Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:21

Konqresmenlərin qalmaqallı Bakı səfəri: yeni detallar var


Azərbaycana səfər etmiş konqresmenlər.
Azərbaycana səfər etmiş konqresmenlər.

-

ABŞ Nümayəndələr Palatasının Etika Komitəsi bir qrup konqresmenin 2013-cü ildə Bakıya səfərindən öncə bəzi gərəkən sənədləri tələb etməyib. «USA Today» yazır ki, bu boşluq indi həmin səfəri araşdıran komitənin özü üçün maraqlı durum yaradıb.

AZI 30 GÜN QALMIŞ

Nümayəndələr Palatasının 2012-ci ilin dekabrında müəyyən etdiyi qaydalara görə, hökumət deyil, özəl qrupların maliyyələşdirdiyi səfərə çıxan bütün konqresmenlər səfərə azı 30 gün qalmış Etika Komitəsindən icazə almalıdır.

Ancaq «USA Today» araşdırıb ki, 10 konqresmen və onların işçiləri 2013-cü ilin mayında Azərbaycana səfərə gedərkən komitə həmin qaydanı tətbiq etməyib.

Hazırda Komitə həmin səfərin necə maliyyələşdirildiyini araşdırır. Bir müddət əvvəl «The Washington Post» Konqresin Etika Ofisinin hesabatı əsasında yazdı ki, konqresmenlərin Bakıya səfərini əslində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) maliyyələşdirib. SOCAR-ın pulu iki özəl qrupun hesabına köçürdüyü iddia olunurdu. Konqresmenlərin başqa dövlətin maliyyəsini qəbul etməsi qadağandır. SOCAR sonradan yaydığı bəyanatda həmin konfransa sponsorluğu gizlətmədiyini açıqladı.

SƏFƏRDƏN SONRA İMZALANAN SƏNƏDLƏR

Konqres işçilərindən birinin səyahət sənədinə onun rəhbəri, Palatanın katibi Hank Johnson mayın 23-də, səfərdən bir gün öncə imza atıb. Digər iki əməkdaşın sənədləri iyunun 11-də və 13-də imzalanıb – yəni səfərdən qayıdandan bir həftədən də çox keçəndən sonra. Beləliklə, azı 30 gün əvvəl icazə alınması qaydası pozulub.

Həmin dönəmdə, elə indi də Etika Komitəsinin üzvü olan Yvette Clarke-ın sənədlərində isə ümumiyyətlə, səyahət anketi yoxdur.

O vaxt başqa bir konqresmen Robert Aderholt-un Kosovoya səfərinə icazə veriləndə də 30 gün məsələsi pozulub.

Səyahət anketlərində səfəri kimin maliyyələşdirməsi, dəvətin səbəbi, səfərin istirahət deyil, rəsmiliyini təsdiqləyən qəbz tələb edilir.

XƏCALƏT

Konqresin Etika Ofisi həmin səfəri araşdırmağa başlayanda, Komitə ondan təhqiqatı dayandırmağı xahiş edib. 2007-ci ildə Etika Ofisi yaradılandan birinci dəfəydi belə bir xahişlə üzləşirdi.

Konqresmenlər Etika Komitəsinin səfərə icazə verdiyini söyləyib. Komitə isə iyunun 22-də bildirib ki, hər bir hal üzrə materialları araşdırır.

Konqresin əvvəlki səyahət qaydalarının hazırlanmasında iştirak etmiş Meredith McGehee deyir ki, komitənin Azərbaycan səfərinin maliyyə mənbəyini aşkarlaya bilməməsi Konqres üzvlərinə zərbə vurub:

«Etika Komitəsi ayıq-sayıqlıq göstərmədiyi üçün üzvlər xəcalət çəkməli oldular».

«Komitə o halda özəl maliyyələşən səfərə icazə verir ki, səyahət edən hər bir kəsdən lazımi sənədləri alsın və nəzərdən keçirsin», - bunu komitənin heyət üzrə direktoru Tom Rust deyir.

«USA Today» yazır ki, Etika Komitəsinin hazırkı 10 üzvündən 8-i 2013-cü ildə də komitədə idi.

XS
SM
MD
LG