Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:53

"Polis idarəsindən buraxıldım, gəlib gördüm ev yerində yoxdur"


Arxiv fotosu
Arxiv fotosu

-

2 ildən çoxdur ki, Ülvi Quliyevin və ailəsinin getməyə yeri yoxdur. Bir sahibkar ailəyə sahibi olduğu ticarət mərkəzinin zirzəmisində yer verib. Bura sığınana qədər Ülvi və ailə üzvləri (həyat yoldaşı, üç azyaşlı övladı) Sumqayıt şəhəri, 11-ci mikrorayonda «BTZ» adlanan ərazidəki evlərdən birində yaşayıb. Qəflətən döyülən qapı ailənin müqəddətarını bir gündəcə "həll edib". Ülvini polis idarəsinə aparıblar, evi sökəndən sonra azad ediblər.

BİR FİLM KİMİ, YƏNİ...

"Ailəm qohum-qonşu qoltuğunda yaşaya-yaşaya mən o evi tikdim. İlkin sənədi bələdiyyə sənədi idi. Evi 5 ilə tikmişdim, icra hakimiyyətinin işçiləri qəflətən gəldilər, bütün sakitlik pozuldu. Başladılar adamları evlərdən çıxartmağa. Dedilər, qanunsuz tikililərdir. Hətta bağ müqaviləsi olan və çoxdandır ki, ordan yaşayan adamların da evlərini sökdülər. Etiraz edənləri maşınlara doldurub polis idarəsinə apardılar. Mən də onların arasında idim. Bir neçə saatdan sonra idarədən buraxıldım, gəldim gördüm ev yerində yoxdur".

Deyir, o anlar həyat səhifəsinə ən ağır, silinməz anları kimi yazılıb:

- Dəyənək gücünə evini söksünlər yəni... Rüşvət alıb, evin tikintisinə icazə verən də özləridir, "qanunsuz tikilidir" deyib sökən də. Gəlib görəsən ki, illərlə, dövlətdən bir qara qəpik yardım almadan qurduğun yuvanı dövlətin məmurları bir neçə saatın içərisində yerlə-yeksan edib... Hər gün dəfələrlə film kimi keçir gözümün önündən".

Sumqayıt şəhər İcra Hakimiyyətindən "Qaynar xətt"ə 2 il əvvəl qeyd olunan ərazidəki söküntünü təsdiqləsələr də əlavə heç bir məlumat verməyiblər.

ADIMIZ MÜSƏLMAN ÖLKƏSİ, ƏMƏLİMİZ İSƏ...

Hüquqşünas Namizəd Səfərov deyir, əgər vətəndaşın əlində bağ müqaviləsi varsa, tikintiyə dair yerli icra hakimiyyətinin xüsusi icazəsinə ehtiyac yoxdur. Hətta belə bir müqaviləsi olmayanın da tikilisi məhkəmə qərarı olmadan sökülə bilməz.

"Çölün ortasında sənədsiz tikilin olsa da, onun sökülməsi artıq mübahisəlidir. Buna mütləq məhkəmə qərar verməlidir".

Ülvi Quliyev deyir, sığındığı zirzəmidən başqa getməyə yeri yoxdur. Orada da gizli yaşayır. Deyir, ticarət mərkəzinin zirzəmisində ailə saxladığını görüb bilsələr, sahibkara başağrısı olar.

"Xəbərdarlıq etmədən. vaxt vermədən, kompensasiya ödəmədən qəflətən peyda olub adamın evini başına uçurtmaq yalnız bu ölkədədir. Adı müsəlman ölkəsi, əməli isə yezidsayağı..."

Ülvi Quliyev əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətini məhkəməyə vermək istəyib. Ancaq söküntü zamanı heç bir sənəd götürə bilmədiyi üçün bu şansını da əlindən buraxıb.

XS
SM
MD
LG