Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:15

Azərbaycanda şirkətlər nələri gizlədirlər?


.

Bu gün şirkətlər öz gəlirləri, büdcəyə ödəmələri haqda məlumatları ictimaiyyətdən asanlıqla gizlədə bilirlər...

Azərbaycanda Mühasibat Uçotunun Beynəlxalq Standartlarına (MUBS) və Milli Mühasibat Uçotu Standartlarına keçid 2008-ci ildən başlayıb. Bundan öncə, yəni 2004-ci ildə “Mühasibat uçotu haqqında” Qanun qəbul edilmiş və kommersiya təşkilatlarına onların “ölçülərinə” görə mühasibat qaydalarını bu standartlara uyğunlaşdırmaq üçün vaxt verilmişdi.

Qeyd olunan standartlar şirkətlərin hesabatlılığını təmin etmək məqsədilə açıqlanma müddətlərini və qaydalarını da tələb edir. Zaman keçsə də ölkədəki əksər şirkətlər, kiçik və orta“kalibrlilərindən” tutmuş, iri holdinqlərədək, maddi məsuliyyət tənbehindən (ictimai qınağı demirik) çəkinməyərək, bu tələbə əməl etməyə tələsmir.

Beynəlxalq və milli standart, standartdankənar şirkətlər

Qanuna görə, bütün ictimai əhəmiyyətli qurumlar (İƏQ) maliyyə hesabatlarını yalnız MUBS-yə uyğun olaraq tərtib edirlər. Buraya kredit təşkilatları, sığorta şirkətləri, investisiya fondları, qeyri-dövlət (özəl) sosial fondlar, qiymətli kağızların fond birjasında dövriyyədə olan hüquqi şəxslər aiddir.

Bundan başqa, İƏQ-lərə Nazirlər Kabinetinin sonuncu dəfə 2010-cu ildə müəyyənləşdirdiyi göstəricilərin (illik gəliri, hesabat ili ərzində işçilərin orta sayı və balansın yekun məbləği) ikisindən yuxarı olan göstəricilərə malik kommersiya təşkilatları da daxildir. Yəni, şirkətin və ya şirkətlər qrupunun illik gəliri 120 milyon manat, işçilərinin sayı 1500 nəfər və balansının yekun məbləği 300 milyon manat təşkil edirsə, o, bu kateqoriya kommersiya təşkilatlarının sırasına aid edilə bilər.

...sürətlə inkişaf edən, lakin maliyyə qaynaqlarının təmizliyinə ictimaiyyətin şübhə ilə yanaşdığı bu holdinqlər maliyyə hesabatlarını hələ ki, cəmiyyətdən gizli saxlaya bilirlər.

2014-cü ilin oktyabrında hökumət 11-i özəl şirkət (“AZENCO” ASC, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, “Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC, “Holcim (Azərbaycan)” ASC, “Silk Way Aviaşirkəti” MMC, “Baku Steel Company” MMC, “Azərinşaatservis” MMC, “Azvirt” MMC, “Azercell Telekom” MMC, “Bakcell” MMC və “Azfen” Azərbaycan-Türkiyə birgə müəssisəsi) olmaqla 27 kommersiya təşkilatını qeyd olunan meyarlara uyğun gəldikləri üçün İƏQ-lərin sırasına daxil etdi.

Amma “Paşa Holding”, “Gilan Holding”, “İtalDizayn”, “Garant Holding” nədənsə bu önəmli siyahıdan kənarda qaldılar. Hərçənd, aktivlərini öz korporativ saytlarında açıq şəkildə sərgiləyən bu holdinqlərin bir çoxunun Nazirlər Kabinetinin meyarlarından azı ikisinə uyğun gəldiyini görmək olar. Məsələn, “Paşa Holding” MMC bildirir ki, onun aktivlərinin həcmi 3 milyard manat, işçilərinin sayı isə 2500 nəfərdən çoxdur.

Bu səbəbdəndir ki, sürətlə inkişaf edən, lakin maliyyə qaynaqlarının təmizliyinə ictimaiyyətin şübhə ilə yanaşdığı bu holdinqlər maliyyə hesabatlarını hələ ki, cəmiyyətdən gizli saxlaya bilirlər.

Açıqla və dərc et

“Mühasibat uçotu haqqında” qanuna əsasən, İƏQ-lərdən və birləşdirilmiş maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından həm də tələb olunur ki, internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatını və birləşdirilmiş maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində dərc etsinlər. Bundan başqa, şirkətlər həmin hesabatları mətbu orqanda, yəni qəzet səhifələrində dərc etməlidir. Qanun o qədər liberaldır ki, hətta onun tələblərindən biri də budur ki, hər hansı şəxs müraciət etdikdə hesbatın nüsxəsi ona pulsuz verilməlidir.

Qanuna görə şirkətlər maliyyə hesabatını auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində dərc etməlidirlər. Qanun o qədər liberaldır ki, hətta onun tələblərindən biri də budur ki, hər hansı şəxs müraciət etdikdə hesbatın nüsxəsi ona pulsuz verilməlidir.

Yuxarıda adı çəkilən özəl İƏQ-lərin internet resurslarının təhlili göstərir ki, onların bəziləri işgüzar nüfuzlarını belə göz önünə almayaraq, qanuna əməl etməməkdə israrlıdırlar. Məsələn, “AZENCO”, “Akkord STİK”, “Evrascon”, “Silk Way Aviaşirkəti”, “Baku Steel Company”, “Azərinşaatservis” və “Bakcell”-in məlumat bazasında ümumiyyətlə “maliyyə hesabatı” bölməsi mövcud deyil.

Mühasibat uçotu sahəsində qanunvericiliyə əməl olunmasına Maliyyə Nazirliyi nəzarət edir, ən azı bu onun funksiyalarından biridir. İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsinə görə, maliyyə hesabatlarının hazırlanması, təqdim olunması və dərc edilməsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2500 manatadək miqdarda cərimə edilirlər.

Maliyyə Nazirliyinin məlumatlarına əsasən, ölkədə təkcə birləşrilmiş maliyyə hesabatlarını tərtib etməli olan 500-dək şirkət var. İndiyədək qurum qanunvericiliyin açıqlama tələbinin pozuntusuna görə kimlərisə inzibati məsuliyyətə cəlb etməsi barədə məlumat verməyib.

Maraqlıdır ki, Vergilər Nazirliyi hər il mart ayının 31-dək maliyyə hesabatlarını və birləşdirilmiş maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının siyahısını Maliyyə Nazirliyinə təqdim etməlidir. Maliyyə Nazirliyi bu siyahını açıqlamır.

Bir tələb, iki şərh

Bununla belə onu da qeyd etmək yerinə düşər ki, qanunvericiliyin heç də bütün normaları hətta nəzarətedici dövlət qurumlarının özləri tərəfindən belə eyni cür şərh olunmur. Bu isə onun tətbiqində problemlər yaradıq. Məsələn, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi qiymətli kağız emitentlərinə illik müraciətlərində onlara hesabatlarını ilin ilk 6 ayından gec olmayaraq təqdim etməyi tövsiyə edir. Bu zaman həmin Komitə Mülki Məcəllənin illik ümumi yığıncaqlarının keçirilməsi müddətini tənzimləyən normasına istinad edir.

Nazirlər Kabinetinin 97 nömrəli 27 may 2010-cu il tarixli Qərarı (http://www.e-qanun.az/framework/19630) ilə təsdiq olunmuş «Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydalarında isə deyilir:

“Kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü (1 yanvar – 31 dekabr) başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər”.

Ekspertlər bu normaya istinad edərək bildirirlər ki, hesabatın təqdim edilməsi üçün Mülki Məcəllənin ilin ilk altı ayının tamamını gözləmək tələbi yalnız birləşdirilmiş maliyyə hesabatları tərtib edən şirkətlərə aiddir. Digər şirkətlər isə hesabatı yuxarı təşkilata və təsisçilərinə ilk 4 ayın tamamınadək verməlidirlər.

Sözügedən qaydalarda deyilir ki, kommersiya təşkilatı illik maliyyə hesabatlarını tabe olduğu yuxarı təşkilata və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən əsas cəmiyyətə, bunlar olmadıqda isə təsisçiyə (təsisçilərə) təqdim edir. Eyni tələb birləşdirilmiş maliyyə hesabatlarını tərtib edən kommersiya təşkilatına da aiddir.

Maliyyə Nazirliyinin isə bu prosesə nəzarət etmək imkanı var. Belə ki, qeyd olunan hesabatların təqdim olunması haqda ona 10 gün ərzində məlumat verilir. Düzdür, bu məlumatın verilib-verilməməsi də sual altındadır. Hər halda, nazirlik öz illik hesabatlarında bu cür məsələlərin üstündən sükutla keçir.

Qeyd edək ki, şirkətlərin nizamnamə ilə müəyyən olunmuş idarəetmə orqanı onların maliyyə hesabatlarının hazırlanmasına, təqdim və dərc olunmasına cavabdehdir.

Bu ilin yanvar-aprel aylarında 51 səhmdar şirkət illik hesabatını Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təqdim edib. Bu, əvvəlki ilin eyni dövründən 36% azdır.

Maliyyə hesabatında yazılanlar

“Azvirt” MMC maliyyə hesabatını ilk dəfə açıqlayıb. Açıqlama bir çox mətləblərə işiq salıb. Ölkənin ən iri yol-nəqliyyat infrastrukturu tikintisi şirkətlərindən biri hesabatında sahiblərinin adlarını və onların pay bölgüsünü də təqdim edir.

2014-cü ildə iş həcmini 401 milyon manatdan 556 milyon manatadək qaldırmağa nail olan bu şirkətin Serbiya və Rumıniyada törəmə müəssisələri, Qazaxıstan və Latviyada filialları var.

Ekspertlər güman edirlər ki, yaxın zamanlardan onların üzərindən də “sirli pərdələr” qaldırılacaq. Bu il mayın 15-də qıbul edilən “Qiymətli kağızlar bazarı haqqında” qanuna görə QKDK vahid məlumat bazası yaratmalıdır. Bu qanun qüvvəyə mindikdən sonra “kölgədə sərinləyən” şirkətlər üçün ağır günlər başlayacaq.

“Azvirt” MMC-nin hissələrinin 30%-i Almaniya vətəndaşı Manfred Martinə məxsusdur. O, həm də bu şirkətin texniki direktorudur. Başqa bir alman (Valter Saxariaz) 20%-lik paya sahibdir. Lüksemburqun “Falkom Holding s.a.r.l” investisiya şirkəti “Azvirt”də 25%-lik payı var. Şirkətin yerdə qalan dörddə- birinin mülkiyyətçisi isə onun maliyyə direktoru Elnur Əliyevdir. Hərçənd, ölkədə çoxsaylı tikinti layihələrinin podratçısı olan bu şirkətin sahiblərinin başqa şəxslər olması haqda şayiələr dolaşırdı.

Bəs, “Azvirt” niyə sahiblərinin adlarını gizlətmir? Bunun çox sadə cavabı var. MUBS həm də bunu tələb edir.

Məlum olduğu kimi, 2012-ci ilin ortasından kommersiya şirkətlərində payçılar və onların pay bölgüsü kommersiya sirri dərəcəsinə qaldırılıb. Amma bəzi məqamlar hələ də var ki, şirkətlərə sahiblərinin adlarını “dedizdirir”. İqtisadi inteqrasiya həm də budur. Sən informasiyanı bacardıqca boğursan, üzvü olduğun sistem isə kiçik də olsa pəncərə açır.

Kölgədə gizlənənlər

Qanunla maliyyə hesabatını açıqlmalı olan, lakin buna əməl etməyən şirkətlərin (“AZENCO”, “Akkord STİK”, “Evrascon”, “Silk Way Aviaşirkəti”, “Baku Steel Company”, “Azərinşaatservis”, “Bakcell” və s.) sayı-hesabı yoxdur.

Məsələn, “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov dəyəri ən azı 100 milyon dollar olan bir şirkətin yeganə sahibi olduğunu, dövlətə ən çox vergi ödədiyini deyir. Amma qanun bunu ondan tələb etsə də, sənədləri ortaya qoymur.

Başqa bir nümunə. “Bakcell” şirkətinin yeganə səhmdarı Britaniya Virginiya adalarında fəaliyyət göstərən “GTİB 1996 Ltd” şirkətidir. MUBS şirkətin son nəzarətedici tərəfini açıqlamağı tələb edir.

2014-cü ildə İlqar Hacıyev qurucusu olduğu “Akkord STİK” ASC-də olan payını satdığını elan etdi. Lakin bir il keçib, səhmdarların mövcud strukturu naməlum qalır.

Adı çəkilən şirkətlərin özlərindən hesabatlarında bu cür çatışmazlıqlara hər hansı münasibət öyrənmək mümkün olmur.

Bu gün onlar və digərləri gəlirləri, qazancları, mülkiyyətçiləri, dövlət büdcəsinə ödəmələri haqda məlumatları ictimaiyyətdən yayındıra bilirlər. Amma ekspertlər güman edirlər ki, yaxın zamanlardan onların üzərindən də “sirli pərdələr” qaldırılacaq.

Bu ilin may ayının 15-də “Qiymətli kağızlar bazarı haqqında” qanun qəbul edilib. QKDK tərəfindən vahid məlumat bazasının yaradılmasını nəzərdə tutan bu qanun qüvvəyə mindikdən sonra “kölgədə sərinləyən” şirkətlər üçün ağır günlər başlayacaq.

XS
SM
MD
LG