Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:36

Kənd müəlliməsi yardımı qəbul etmədi


İllüstrasiya fotosu
İllüstrasiya fotosu

-

"Çünki mən müəlliməyəm. Və tarixən də əsl müəllim olanların özləri xalqa xeyriyyəçilik ediblər, amma nə qədər də çətinə düşsələr, özləri ianə qəbul etməyiblər"

AzadlıqRadiosunda yayımlanan “Kənd müəllimi: Sinif otağı elə darısqaldı ki, paltarım alışdı”yazısı Facebook sosial şəbəkəsində geniş rezonans doğurub.

Yazıda ölkənin ucqar kəndlərinin birində müəllimə işləyən Zeynəb Mahmudovanın çətinliklərindən söz açılır. O, müsahibəsində müalicəsi üçün azı 2 min manata ehtiyacı olduğunu demişdi.

Facebook istifadəçilərindən Cahangir YusifAzər Hüseyn sosial şəbəkədə Zeynəb Mahmudovaya kömək etmək üçün ictimai kampaniyaya başlayıblar.

Onların təşəbbüsünə dəstək verən ictimai fəal Bəxtiyar Hacıyev də yazıb:

“Bəlkə də, bir müəlliməyə kömək etməklə, ucqar rayonlarda, kəndlərdə dərs deyən gənc müəllimlərin problemləri həll olunmayacaq.

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Amma bir insana yardım etməklə, cəmiyyət müəllimə dəyər verdiyini göstərəcək və bəlkə yenidən "cüzi maaş alan müəllim xəstələndikdə, onun xərclərini kim ödəməlidir" sualı ətrafında yenidən ictimai müzakirə başlayacaq”.

“Bilsin ki, tək deyil”

Bəlkə də, bir müəlliməyə kömək etməklə, ucqar rayonlarda, kəndlərdə dərs deyən gənc müəllimlərin problemləri həll olunmayacaq. Amma bir insana yardım etməklə, cəmiyyət müəllimə dəyər verdiyini göstərəcək.

Cahangir Yusif isə yazıb ki, müəlliməyə bu cəmiyyətdə tək olmadığını göstərmək üçün onun müalicə xərclərinə kömək etmək lazımdır:

“Ucqar kəndlərdə uşaqlara cüzi əmək haqqı ilə dərs deyən, onlara işıq aparan müəllimə heç səhhətini qorumaq və müalicə almaq üçün belə pul toplaya bilmir. Ona dəstək olmaq, tək olmadığını, onun kimi bizim də kəndlərdə yaşayan balalarımızı düşündüyümüzü bilsin”.

Bu təşəbbüsə səs verənlər olub və az bir vaxtda müəyyən qədər vəsait toplanıb, ancaq Zeynəb Mahmudova bu yardımı qəbul etməyəcəyini bildirib.

AzadlıqRadiousuna açıqlamasında o, fəalların münasibətindən mütəəssir olduğunu, özünün də illik maaşının müəyyən məbləği miqdarında ehtiyacı olanlara yardım göstərdiyini dedi. Ancaq onu da əlavə elədi ki, müalicəsi dövlətin imkanlarını aşsaydı, bəlkə də başqalarından yardım istəyərdi: “Yalnız hansısa həkim müalicəmi qismən ucuz ödənişlə öhdəsinə götürərdisə, buna razı olardım. Ancaq mənim müalicə olunmaq hüququm var”.

"Çünki mən müəlliməyəm”

Azər Hüseyn iyulun 9-da öz Facebook səhifəsində Zeynəb Mahmudovanın yardımdan imtinasını belə açıqlayıb:

“Zeynəb müəlliməni tapdıq, danışdıq. Müalicəsi üçün toplamaqda olduğumuz maddi yardımı qəbul etməyəcəyini, bu yardımı bizlərin yox, dövlətin etməli olduğunu bildirdi. “Dövləti gözləməklə vaxt itiririk, canınızdan gedir” dedim, dinləmədi. Yazısından önəmli bir parçanı paylaşıram; "Çünki mən müəlliməyəm. Və tarixən də əsl müəllim olanların özləri xalqa xeyriyyəçilik ediblər, amma nə qədər də çətinə düşsələr, özləri ianə qəbul etməyiblər."

Azər Hüseyn deyib ki, müalicə üçün toplanan vəsait sahiblərinə qaytarılacaq.

Təhsil Nazirliyi də artıq Zeynəb Mahmudova ilə bağlı məsələdən xəbərdardır. Mətbuat xidmətindən dedilər ki, yaxın vaxtlarda bununla əlaqədar açıqlama verəcəklər.

XS
SM
MD
LG