Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:54

“Aviabiletlər müvəqqəti ucuzlaşacaq”


Natiq Cəfərli
Natiq Cəfərli

-

İqtisadçı ekspert Natiq Cəfərli:

"Bir müddətdən sonra biz AZAL-dan bunu eşidəcəyik: “ziyanla işləyirik, krediti qaytara bilmirik”"

- Natiq bəy, deyilənə görə, AzAL prezidentin iradından sonra biletlərin ucuzlaşmasını müzakirə edir. İnanırsınızmı qiymətlərin endiriləcəyinə?

- Əslində, bu sahədə problem AZAL-ın inhisarçı mövqeyinin olmasındadır. AZAL həm də aeroportu idarə edir, buna görə də, digər ucuz xidmət göstərən aviaşirkətləri də ölkəyə buraxmaqda maraqlı deyil.

Özü də qiymətləri aşağı salmır. İnzibati yolla qiyməti aşağı salmaq olar, amma bu, problemin həlli deyil. Bu sahədə rəqabətli mühit yaranmalıdır. Türkiyədə fəaliyyət göstərən Peqasus, Onur air kimi şirkətlərin Azərbaycanda xidmət göstərməsinə şərait yaratmaq lazımdır.

WizzAir kimi şirkət gəlib Azərbaycanda işlədi, dərhal da populyar oldu və AZAL rəqabətə davam gətirməyib onu sıxışdırıb çıxartdı. Bu kimi aviaşirkətləri ölkəyə gətirmək lazımdır.

Onlara imkan yaradılmalıdır ki, ölkə qanunlarına uyğun vergilərini ödəsinlər, fəaliyyət göstərsinlər, əhali də bundan yararlansın.

WizzAir kimi şirkət gəlib Azərbaycanda işlədi, dərhal da populyar oldu və AZAL rəqabətə davam gətirməyib onu sıxışdırıb çıxartdı.

- Natiq bəy, hava limanı dövlət obyektidir, siz onun özəlləşdirilməyəmi çıxarılmasını istəyirsiz?

Bakı aeroportu
Bakı aeroportu

- İndiki mərhələdə bu, problem yaradar. Amma uzun müddətli icarəyə vermək olar. Dünyada çox məşhur şirkətlər var ki, aeroport idarəsində ixtisaslaşıblar, yüksək xidmət göstərirlər.

Belə şirkətlərdən biri də Çələbi şirkətidir, Tbilisi aeroportunun idarətetməsini öz öhdəsinə götürüb. Bu şirkət üç qitədə xidmət göstərir, bəzi Avropa ölkələrinin aeroportlarını idarə edir.

Şirkət bu yaxınlarda bir neçə hava limanını idarəetməyə götürmək üçün Rusiya ilə danışığa başlayıb.

Yəni bizdə də bu sahədə bir düzən, bir sistem yaratmaq üçün təcrübəsi, uğuru olan şirkətlərlə müqavilə imzalamaq, onları hava limanının idarəetməsinə cəlb etmək olar. İcarəyə vermək dövlət büdcəsinə də xeyirdir, – demək ki, büdcədən aeroportun təmirinə, saxlanmasına vəsait ayrılmayacaq. Həm də vətəndaşlar üçün faydası o olacaq ki, ucuz və keyfiyyətli xidmət əldə edəcəklər.

- Axı Azərbaycanda xarici aviaşirkətlər uçuş edir: Rusiyanın, Almaniyanın, Türkiyənin və s. ölkələrin aviaşirkətləri də sərnişinlərə xidmət göstərir.

AZAL qiymət diktə edir

- Başa düşürəm, amma onlar cəmi bir reys həyata keçirirlər, müəyyən marşrutlar üzrə uçurlar və AZAL onların qiymət siyasətinə də təsir edir. Aeroport xidmətini, xarici aviaşirkətə mənsub təyyarələrin burda yanacağını baha qiymətə etməklə, biletlərin də qiymətinin bahalaşmasına səbəb yaradırlar.

Həmin şirkətlər bazara birbaşa çıxmırlar, AZAL vasitəsilə çıxırlar.

AZAL həm aeroportda qoyduğu xidmət haqları, həm icarə şərtləri ilə onların da qiymətinə təsir edir. Xarici aviaşirkətlər də yazılmış-yazılmamış qaydalar əsasında AZAL-la danışıqlar aparıb bazarda fəaliyyət göstərə bilirlər. Hətta daxili reyslərdə belə rəqabət yoxdur.

Hətta yüz milyonlar xərclənib regionlarda hava limanları tikilsə də, təyyarə əhali arasında nəqliyyat vasitəsi kimi populyar deyil. Təbii, Naxçıvan istisna olmaqla.

- Dünya təcrübəsində varmı ki, bir aviaşirkət aeroportu da idarə edir?

- Çox nadir və ilkin hallarda olur. Yəni bir fəaliyyətin başlanğıcı kimi dövlətin vəsaitindən istifadə edilir, amma sonra müstəqil fəaliyyət başlayır. Məsələn, Sinqapur Hava Yolları belə başlamışdı, indi dünyanın məşhur aviaşirkətlərindən biridir.

Şirkət dövlət vəsaiti ilə qurulub ayağa qalxandan sonra ya özəlləşdirilir, ya da icarəyə verilir.

Bunun dövlətə də xeyri olur. Dediyim kimi, hava limanının saxlanması üçün artıq büdcədən vəsait ayrılmır. Axı aeroportun cari təmir xərcləri, maaşları və s. xərcləri var. AZAL da dövlət xərci ilə fəaliyyətə başlayıb, aviaparkı dövlət hesabına təzələnib. Artıq şirkətlər özləri-özlərini saxlamalı və rəqabətli bazara çıxmalıdırlar.

Ancaq görünən budur ki, AZAL rəqabətli mühitdən qorxur və hər vəchlə bunun qarşısını almağa çalışır.

Beynəlxalq Bankın kredit portfelində SOCAR-dan sonra ikinci dövlət şirkəti AZAL-dır. Bir müddətdən sonra biz AZAL-dan bunu eşidəcəyik: “ziyanla işləyirik, krediti qaytara bilmirik”.

Məsələn, Türkiyənin Onur Air şirkəti Gəncədən İstanbula və geriyə reyslər təşkil eləməyə başladı. AZAL da eyni marşrut üzrə uçurdu, ancaq hamı Onur Air-in reysini gözləyirdi, çünki qiymətlər çox ucuz idi. Hətta Bakıdan Gəncəyə gedirdilər ki, Onur Air-lə uçsunlar. Sonunda şirkəti bazardan çıxardılar. Ziyanını da sərnişinlər çəkdi.

“AZAL ziyanla işlədiyini bəyan edib hökumətdən yardım istəyəcək”

- Natiq bəy, Azərbaycan vətəndaşı prezidentin göstərişi ilə qiymət salınması hallarını çox müşahidə edib.

Məsələn, İlham Əliyev məsələyə qarışandan sonra yumurtanın qiyməti düşmüşdü. Müşahidənizə görə, inzibati yolla qiymət salınması nə qədər davam edə bilər?

- Çox qısa müddətdə effekt verə və bir-iki ay uçuşlar ucuz qiymətə ola bilər. Ancaq sonra AZAL başlayacaq ki, şirkət ziyana işləyir, dövlət borcu yaranır, vergiödəmələrdə borc yaranacaq və yenidən hökumətdən yardım istəyəcək.

AZAL bir neçə dövlət şirkətindən biridir ki, həm büdcədən yardım alıb, həm də yaxşı şərtlərlə Beynəlxalq Bankdan kredit götürüb. Beynəlxalq Bankın kredit portfelində SOCAR-dan sonra ikinci dövlət şirkəti AZAL-dır. Bir müddətdən sonra biz AZAL-dan bunu eşidəcəyik: “ziyanla işləyirik, krediti qaytara bilmirik”. Və sonradan qiymətlər də addım-addım qalxacaq.

XS
SM
MD
LG