Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 16:20

Rusiya, çəkil, yerini ver, Çin gəlir


Çin investorları Gürcüstanda - 2015
Çin investorları Gürcüstanda - 2015

-

«Dünyanın ən böyük iqtisadiyyatı olan Çin Asiya və Avropanın ənənəvi darvazası Gürcüstana göz dikib. Bəzi müşahidəçilərin fikrincə, Çinin sərmayə gücü Cənubi Qafqazın bu yoxsul ölkəsinin gələcəyini dəyişə bilər». «The Moscow Times» yazır ki, iki ölkə hətta azad ticarət sazişi imzalaya bilər.

Gürcüstanda Çinin 22 orta və iri şirkəti qeydiyyata alınıb. Urumçidən olan «Hualing» şirkəti isə bütün sazişlərin lokomotivi sayıla bilər. Onun fəaliyyəti sayəsində Çin Gürcüstana birbaşa xarici investisiyanın (2014-cü ildə 195 milyon dollar) üçüncü böyük mənbəyidir. İlk iki yeri Niderland və Azərbaycan tutub.

2007-ci ildən «Hualing Group» Gürcüstana 500 milyon dollar yatırıb. Bu şirkətin təkcə 181 milyonluq «Olimpiya kəndi» layihəsində yüzlərlə çinli və gürcü fəhlə çalışıb. Doqquz binadan ibarət kənd iyulun 26-dan avqustun 1-dək keçirilən 1-ci Avropa Gəncləri Olimpiya Festivalı üçün salınıb.

Martda Çinin kənd təsərrüfatı naziri Han Changfu Tbilisiyə səfər edib. Çin səfirliyi bildirir ki, bu il Çindən Gürcüstana 30 biznesmendən ibarət nümayəndə heyəti gəlib.

Ancaq Cənubi Qafqazda təkcə Gürcüstan deyil, Ermənistan və Azərbaycan da Çinlə əməkdaşlığa, birgə layihələrə maraq göstərir.

Gürcü təhlilçilər isə vurğulayırlar ki, Tbilisinin Pekinlə münasibətləri xarici siyasətdə dəyişiklik demək deyil, sırf iqtisadi maraqlardan ibarətdir.

QƏRBİN SANKSİYALARININ RUSİYAYA TƏSİRİ

Beynəlxalq Valyuta Fondu hesablayıb ki, Ukrayna böhranına görə tətbiq olunan sanksiyalar ucbatından Rusiya ÜDM-sinin 9 faizini itirə bilər. Bunu «The Telegraph» «Reuters» agentliyinə istinadla yazır.

«Batan» rubl
«Batan» rubl

Hələlik Rusiya iqtisadiyyatında sabitləşmə əlamətləri görünür. Ancaq neftin qiymətinin getdikcə düşməsi rubla və hökumətin maliyyə ehtiyatlarına təsirini göstərməkdədir.

Mayda həyata keçirdiyi missiyanı yekunlaşdıran Fond bildirir ki, xarici maliyyə bazarlarına və yeni texnologiyalara çıxış baxımından sanksiyaların təsiri hələ bir müddət çəkəcək.

BVF-nin hesablamalarına görə, sanksiyalar və əks sanksiyalar nəticəsində ÜDM-nin 1-1.5 faizi silinib. Bir neçə ilə bu rəqəm 9 faizə qalxa bilər. BVF onu da proqnozlaşdırır ki, iqtisadi artım orta hesabla ildə 1.5 faiz olacaq. 2008-ci ilin qlobal maliyyə böhranından öncə Rusiya iqtisadiyyatının illik artımı ildə 7 faiz idi. İnflyasiya bu ilin sonunadək 12, 2016-cı ilin sonunadək isə 8 faizə düşə bilər. Mərkəzi Bank isə 2016-cı ilin ortalarına 7 faizlik inflyasiya gözləyir.

ABŞ TÜRKİYƏ BAZASINDAN SURİYAYA UÇUŞLARA BAŞLAYIR

ABŞ ordusu Türkiyə ərazisindən Suriyaya hərbi təyyarə göndərməyə başlayıb. Bu barədə Pentaqon bazar ertəsi bildirib. «The Washington Post» yazır ki, bu addım Suriyanın şimalında ABŞ təlimi görmüş silahlıların qorunması üçün imkanları artırır.

Pentaqon sözçüsü Jeff Davis deyib ki, ordu rəsmiləri ötən həftəsonu Türkiyənin cənubundakı İncirlik hava bazasından silahlı pilotsuz qurğular buraxmağa başlayıb. Daha öncə Ankara Birləşmiş Ştatlara icazə verib ki, bu bazadan Suriya üzərində kəşfiyyat uçuşları üçün istifadə etsin.

İncirlik hərbi bazası
İncirlik hərbi bazası

«İndilik heç bir zərbə həyata keçirilməyib, ancaq silahlı uçuşlar başlanıb», - Davis jurnalistlərə deyib. Onun sözlərinə görə, ABŞ pilotları da həmin bazadan Suriya üzərinə uçuşlara başlayacaq.

Adının çəkilməsini istəməyən ordu rəsmisi deyib ki, İncirlikdən yeni uçuşlar Amerika təyyarələrinin Suriya hava məkanında qalma müddətini artıracaq. Onlar rahatlıqla kəşfiyyat məlumatı toplayacaq, yaxud sursat sallaya biləcək.

Yazıda qeyd olunur ki, ötən həftə «əl-Qaidə»nin Suriya qanadı olan «əl-Nusra Cəbhə»si «Division 30» qruplaşmasının liderini saxlayandan sonra durum dəyişib. Həmin qruplaşma üzvlərindən bəzilərini Türkiyəyə göndərirdi ki, ABŞ qüvvələri onlara təlim keçsin. Cümə günü ABŞ təyyarələri «əl-Nusra Cəbhə»si döyüşçülərinə zərbələr endirməyə başlayıb. «Bu zərbələr Obama administrasiyasının siyasətində dəyişiklik deməkdir. İndiyədək administrasiya «Yeni Suriya qüvvəsi» adlanan, özünün təlim keçdiyi döyüşçülərin qorunması naminə hava qüvvəsindən istifadəyə qarşı çıxırdı. Onları təkcə «İslam Dövləti» silahlı qruplaşmasından qorumağa çalışırdı».

Qəzet yazır ki, Amerika təyyarələrinə döyüşçüləri prezident Bashar al-Assad qüvvələrindən qorumaq üçün göstəriş verilib. «Bu addım Birləşmiş Ştatların Suriya münaqişəsinə potensial cəlbini göstərir ki, bu da gələcəkdə ABŞ-ın Assad qüvvələri ilə birbaşa mübarizəsinə gətirə bilər».

XS
SM
MD
LG