Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:37

Onlar bizi bu günə salıb


Tural Şahtaxtinski
Tural Şahtaxtinski

- "Mən istəyirəm ki, bu ölkədə böyüklərin gənclər, uşaqlar, körpələr üzərindən hökmranlığı ləğv olunsun."

Tural Şahtaxtinski

Mənim sözüm ölülərədir!

Doğulduğumuz gündən etibarən bizi zəhərləyən insanlar var - bizim yerimizə qərar verən, bizi idarə etməyə çalışan, hər işimizdə öz ağıllarını işlətməyə çalışan insanlar.

Azərbaycanda insan nə vaxt doğuldusa, həmin andan o insana psixoloji hücumlar başlayır. Bir sözlə, böyüklər kiçikləri mənimsəyir, onlardan daha ağıllı, daha bilikli olduqlarını subut etməyə çalışırlar.

Zarafat deyil, bu boyda ölkədə illərlə gəncliyin susqunluğunu, fəaliyyətsizliyini görürük. Və zamanla həmin gənclik ölür, düşünmə qabiliyyəti məhv olur. Bütün işləri, həyatı başqa yerdə davam edir.

Mənim dirilərlə işim yoxdur, onlar nə edir etsin, çünki belə bir cəmiyyətdə diri qalmaq özü böyük işdir.

Günlərin bir günü məndən yaşca xeyli böyük bir insan çox ağır şəkildə saatlarla öz həyat təcrübəsindən danışdı, xeyli məsləhət verdi. Əslində ilk dəfə idi bu qədər absurd fikirləri axıra qədər dinləməyə hövsələm çatırdı, amma dözdüm, çalışdım onu anlayım.

Nəticədə mənə məlum oldu ki, o insan yaşamır, o insan ölüb. Çalışır ki, məni də öldürsün, tək mən yox, bu insanlar mənimlə bərabər bütün gəncliyə hücuma keçir və özləri kimi ölü etməyə çalışır.

Nə edək ki, Azərbaycan gəncliyi bu ölü insanların hücumundan sağ çıxmağı bacarmır, onlara uduzur və çevrilib onlar kimi ölü olur.

Bu uduzmaqların da səbəbi onlardır, onlar bizi bu günə salıb. Özlərini haqq sayan bu insanlara demək lazımdır ki, axı sizin bildiyiniz həqiqətlər bizi bu vəziyyətə salıb. Hansı ölkəni bizə qoymusunuz?! Bizim üçün nə etmisiniz?!

Bu qədər iyrənc bir sistemə illərlə uduzan da sizsiniz, bu qədər iyrənc düşüncələri daşıyan, bu qədər iyrənc cəmiyyəti quran da sizsiniz. Bizi bağçada məhv etdilər, bizi məktəbdə məhv etdilər, bizi ailədə, universitetdə - hər yerdə məhv etdilər.

Bütün bunları siz etdiniz, bütün günahların kökündə siz durursunuz. Bəs niyə imkan vermirsiniz biz bu işləri, bu iyrənclikləri bitirək?!

Niyə anlamırsınız ki, biz öz həyatımızı, öz yaşadığımız ölkəni özümüz qurmaq istəyirik?! Hakimiyyət müxalif gənclərin qarşısını hansı yollarla alırsa, siz də öz etdiklərinizlə elə dəstək olursunuz.

Çox vaxt bu problemlərin bütün Şərqdə mövcud olduğunu dilə gətirirlər. Mənim dərdim bütün Şərq deyil, mənim dərdim yaşadığım ölkədir. Mən istəyirəm ki, bu ölkədə böyüklərin gənclər, uşaqlar, körpələr üzərindən hökmranlığı ləğv olunsun.

Yatağımıza qədər qarışan bu insanlar bizim bütün həyatımızı zəhərləyib. Böyük bir gənclik ordusunu özləri kimi ölü yetişdirib və çox az diri qalan gəncliyi qəbul etmirlər.

Biz etiraz istəyirik, biz öz düşündüyümüz kimi yaşamaq istəyirik. Biz istəmirik gələcəkdə bizə də sizin kimi söysünlər, günü-gündən məhv olan ölkədə doğulan körpələr nə zamansa susduğumuz üçün bizə qarşı çıxsınlar.

Azərbaycan gəncliyi böyük bir boşluğun içində çabalayır, bu boşluqdan qurtulmaq lazımdır. Azərbaycanda ümumiyyətlə, müxalif olmaq faciədir. Çünki ölü beyinlər buna imkan vermir, bunun qarşısını almağa çalışır.

Bu qədər qorxaq, savadsız, təhsilsiz, ikiüzlü, sivil cəmiyyətlərdən qat-qat geri qalmış bir cəmiyyəti azad etməyin yolu ilk növbətə böyüklərin hökmranlığının aradan qaldırılması ilə olacaq.

Onlar anlayacaqlar ki, əslində bizim belə bir durumda olmağımıza birbaşa onların günahları var.

Ya gəncliyin yanında olacaqlar, istənilən etirazı, müxalifliyi, yeniliyi, azadlığı qəbul edəcəklər, gənclərə dəstək olacaqlar, ya da öz ölü beynləri ilə qalıb həyatının geri qalan hissəsini susmağa məhkum olacaqlar.

Ölü cəmiyyətdən istədiyim bir şey var: gəncliyin qarşısından çəkilsinlər, onları öz beyinləri ilə zəhərləməsinlər.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG