Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:54

Xədicə İsmayıl: “Mən heç İlham Əliyevi də düşmən hesab etmirəm”


Avqustun 19-da fasilədən sonra araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəməsi davam edib.(Bu günki məhkəmənin birinci hissəsi barədə buradan oxu)

Xədicə İsmayıl deyib ki, 125-ci maddə ilə bağlı suallara yalnız zərərçəkən Tural Mustafayevin prosesdə iştirakı ilə cavab verəcək.

“Bir daha işin belə tələsik aparılmasına iradımı bildirirəm. Yəqin kurorta tələsirsiz. Bəlkə Avropa ölkələri vaxtında sanksiya tətbiq etsəydi, indi Karlovı Varıyə tələsməzdiz. Bizim hüquqlarımızı özünüzün istirahət hüququnuza qurban verirsiz. Mən məhkəmənin tələsik şəkildə keçiriməsinə etiraz edirəm”.

“İRADINIZI JOHN KERRY-YƏ ÜNVANLAYIN”

Daha sonra Xədicə İsmayıl prosesdə ifadə verməyə başladı:

“Məni Azad Avropa/ AzadlıqRadiosunun nümayəndəliyinin rəhbəri kimi vəzifə səlahiyyətlərindən sui istifadə, vergidən yayınma və 3-cü şəxsin xeyrinə mənimsəmədə ittiham edirlər. Mən Azərbaycan nümayəndəliyinin rəhbəri olmamışam. Bakı bürosu Azərbaycan nümayəndəliyi deyil. Azərbaycan nümayəndəliyinin əsasnaməsi var. Nümayəndəliyin idarə edilməsini şirkət tərəfindən müəyyən edilən rəhbər həyata keçirir. Mən heç kimi işə götürməmişəm, mənim özümü işə götürüblər. Mən heç kimlə müqavilə bağlamamışam. Mənimlə müqaviləyə John Kapler imza atıb. Ümumiyyətlə AzadlıqRadiosunun Bakı bürosu deyə hüquqi şəxs olmayıb. Bakı bürosu radionun şöbələrindən biri olub. Büro rəhbəri kimi mənim işim keyfiyyətli məhsul ortaya qoymaq, işçi qüvvəsini effektiv bölmək olub. Ümumiyyətlə, qərb mətbuatında qaydadır ki, orada iki qanad olur, maliyyə və yaradıcılıq qanadı. Mən yaradıcılıq qanadına baxmışam, maliyyə işlərinə aidiyyatım olmayıb. Radiodaki digər işçilər kimi mən də işə götürülmüşəm. İşimin öhdəsindən də yaxşı gəlmişəm. Elə ona görə də həbs olunmuşam. AzadlıqRadiosunun ölkədəki həqiqətlərin üzə çıxarılması üçün əvəzsiz xidmətləri olub. Həbsimin səbəblərindən biri də budur. Tezliklər və lisenziyalarla bağlı müqavilələr də ABŞ Yayım İdarəetmə Şurası ilə bağlanıb”.

Xədicə İsmayıl AzadlıqRadiosunun hüquqi nümayəndəsi Adil İsmayılovun sorğuları əsasında Teleradio Şurası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Teleradio İstehsalat Birliyinin verdiyi məktubların sürətlərini ifadəsinə əlavə kimi məhkəməyə təqdim edib. Həmin məktublardan bəlli olur ki, radionun 2009-cu il yanvarın 1-ə qədərki yayımı qanunsuz olmayıb.

“Lisenziyanı ABŞ Yayım İdarəetmə Şurası alıb, həmin qurum da Vaşinqtonda yerləşir, rəhbəri də ABŞ Dövlət Katibidir. Bu məsələ ilə bağlı hər hansı iradınız varsa, John Kerry-yə ünvanlaya bilərsiz”.

“QATIĞIN AĞ OLDUĞUNU SÜBUT ETMƏKLƏ MƏŞĞULAM”

Daha sonra Xədicə İsmayıl büro rəhbərliyindən istefa verdikdən sonra radioda ştatdan kənar çalışdığını vurğulayıb:

“Azərbaycanda elə redaksiya yoxdur ki, orada ştatlı işçilərlə yanaşı ştatdan kənar işçilər olmasın. Mən özüm rəhbər vəzifədən çıxandan sonra ştatdan kənar işləməyə üstünlük vermişəm. Çünki sərbəst olmaq istəyirdim. Mən azadlığıma üstünlük vermək, başqa qurumlarla da əməkdaşlıq etmək üçün bu seçimi etmişəm. Kefim istəyəndə, gəlirdim, istəməyəndə, yox. Mənə ştatlı işçi kimi əmək müqaviləsi bağlamaq təklif olunmuşdu, özüm istəməmişəm.

Mən burada qatığın ağ olmasını sübut etməklə məşğulam. Çünki ittiham tərəfinin ən adi məsələləri belə anlamaq problemi var. Başa düşürəm ki, tapşırıq verilib ki, məni tutmaq lazımdır. Heç olmazsa bir az səy göstərərdilər, nəsə ortaya qoyaydılar. İntiqam müəllimin işində nəsə düzüb qoşublar, mənim işimdə isə yox. Küsürəm sizdən. İntiqam müəllimə qoyduğunuz hörməti mənə də qoyardız. Belə adi şeylər haqqında uzun- uzadı danışmaq intellektimi təhqir edir. İşə bu cür yanaşmaqla mənim intellektimi təhqir etmiş olursuz. Hətta daltoniklər də başa düşür ki, qatıq ağdır. Amma prokurorluq işçiləri bunu başa düşmür. Bakı bürosunun Azərbaycan nümayəndəliyi olmadığını başa düşmək üçün məni 8 ay həbsdə saxlamaq lazım idi?! Məni həbsdə saxlamaq üçün dövlət bu qədər xərc çəkməli idi?!

Yeri gəlmişkən, məni ora aparmaqla gizlinləri də bilmiş oldum. Məsələn bildim ki, məhbuslara verilməli olan ət, pendir verilmir. Yaxşı olar ki, prokurorluq bu cür korrupsiya hallarını araşdırsın. Prokurorluq orqanlarının harda necə saxtakarlıq etdiyini, kimdən rüşvət aldığını da orada öyrəndim”.

“ANLAMAQ ÇƏTİNLİYİNİZ VARSA...”

Daha sonra Xədicə İsmayıla 125-ci maddə üzrə ifadə vermək təklif olundu. Lakin o, bildirdi ki, Tural Mustafayev özü prosesdə iştirak etməyincə bu ifadəni verməyəcək. Bildirdi ki, “Tural Mustafayevə suallarım var, çarpaz dindirilmə aparılmalıdır”.

Tural Mustafayevin nümayəndəsi Səfər Hüseynov bildirdi ki, lazımi suallara o cavab verə bilər, amma Xədicə İsmayıl buna etiraz etdi:

“Tural Mustafayevin şəxsi həyatı ilə bağlı suallara Səfər Hüseynov necə cavab verə bilər? Mənim sualların Səfər Hüseynovun şəxsi həyatı ilə bağlı deyil”.

Hakim Tural Mustafayevin məhkəmədə Xədicə İsmayılın suallarını cavablandırdığını bildirərək bu barədə protokoldakı qeydləri elan etdi.

Katib Tural Mustafayevin atası ilə telefon əlaqəsi yaratdığını və onun da oğlunun harada olması ilə bağlı məlumatsız olduğunu bildirdi.

Daha sonra Xədicə İsmayıl heç kəsi işdən çıxarmaq səlahiyyətində olmadığını bir daha vurğularkən prokurorla aralarında belə bir dialoq oldu:

Xədicə İsmayıl: Anlamaq çətinliyiniz varsa və ya danışdığım dili başa düşmürsüzsə, bunu deyin, bilək.

Prokuror: Xədicə İsmayıl, mən özümə hörmətlə yanaşıram, ona görə də sizə hörmət edirəm, sizdən də bunu gözləyirəm.

Xədicə İsmayıl: “Özümə hörmət etdiyim üçün saxta ittihamları irəli sürən adamlara hörmət edə bilmərəm”.

Prokuror 125-ci maddə üzrə Xədicə İsmayıla suallar verməyə başladı. Xədicə İsmayıl isə həmin sualların heç birini cavablamayıb bildirdi ki, yalnız zərərçəkən Tural Mustafayev gəldikdən sonra suallara cavab verəcək. Xədicə İsmayıl Tural Mustafayevin prosesə çağırılması ilə bağlı vəsatət də qaldırdı.

Katibə istinadən hakim elan etdi ki, Tural Mustafayevin atası ilə əlaqə saxlayıblar, yaxınları onun harada olduğunu bilmir, neçə gündür ki, evə də gəlmir.

Vəsatət təmin olunmadı.

“DÖVLƏT ÇEVRİLİŞİ ETMƏK ÜÇÜN...”

Daha sonra prokuror 125-ci maddə ilə bağlı suallarını səsləndirdi. Xədicə İsmayıl sualları cavablamaqdan imtina etdi. Yalnız prokurorun “Sizi martın 8-də “Status” kafesinə kim və hansı məqsədlə dəvət etmişdi?” sualını ironik cavablayaraq bildirdi ki, “orada dövlət çevrilişi planını müzakirə edirdik”.

Tural Mustafayevin psixi durumu ilə bağlı da suala cavabında Xədicə dedi: “Mən Tural Mustafayevi ilk dəfə radionun ofisində gördüm. Cəmil Həsənlinin Sabirabadda seçkiqabağı mitinqində zorakılığa məruz qalmışdı. Hüquqi yardıma ehtiyacı var idi. Redaksiya işçiləri olaraq ona əlimizdəki telefon nömrələrini verdik, vəkil İntiqam Əliyevlə görüşdü. Həmin iş üzrə şikayəti Avropa Məhkəməsinə göndərilib. Fiziki təzyiqə məruz qalmış, sarsıntı keçirmişdi. Bildirdi ki, Göyçayda işləyərkən Daxili İşlər Nazirliyi barədə tənqidi material yaydığına görə polis ona və ailəsinə təzyiq göstərir. Dedi ki, bölgələrdə məmur özbaşınalığı daha çoxdur. Ona görə Bakıda işləmək istəyirdi. Özünü sarsılmış, məmur özbaşınalığı qarşısında köməksiz vəziyyətdə hiss edirdi”.

Prokuror: Sevdiyiniz, münasibət qurduğunuz adamın birdən birə düşmənə çevrilməsinin səbəbi nə idi?

Xədicə İsmayıl: Mən heç kimi düşmən hesab etmirəm. Hətta İlham Əliyevi də düşmən saymıram. Mən ümumiyyətlə, düşmənçilik və nifrət hissindən uzağam. Bu hissi daşıyan adamlar zəif adamlardır”.

Daha sonra məhkəmədə sənədlərin tədqiqi mərhələsi başladı. AzadlıqRadiosunun ofisində axtarış protokolu, aralıq akt, məhkəmə mühasibatlıq ekspertizasının rəyi, Tural Mustafayevin intiharı ilə əlaqədar Bakı Şəhər Prokurorluğunun Milli Təhlükəsizlik Nazirliyinin antiterror mərkəzinin rəisi Elçin Quliyevə ünvanlandığı məktub elan olundu.

Məhkəmə prosesi avqustun 19-da saat 15:00-da davam edəcək.

XS
SM
MD
LG