Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 16:43

Masallıda seçki saxtakarlığına qarşı çıxanlar cəzalandırılır


Foto illüstrasiya. Qutulara topa bülletenlərin atılması.
Foto illüstrasiya. Qutulara topa bülletenlərin atılması.

-

Bələdiyyə seçkilərindən bir il vaxt keçir. Lakin Masallı rayonunda bu seçkilərlə bağlı qalmaqallar səngimir. Seçkilər vaxtı rayonun Musaküçə, Təklə, Qızılağac kəndlərində narazılıqlar barədə AzadlıqRadiosunda məlumatlar vermişdik. Sonradan MSK 70 saylı Masallı şəhər seçki dairəsinin Musaküçə kəndində yerləşən 34 və 35 saylı məntəqələrində səsvermənin nəticələrini ləğv etdi. Dairə seçki komissiyasının üzvləri isə işdən kənarlaşdırıldı. Bir müddət keçəndən sonra məlum olub ki, seçkinin nəticələrini ləğv etməkdə rolu olan bir qrup kənd sakini məhkəməyə verilib. Masallıda bir neçə gündür ki, bu məsələ ilə bağlı məhkəmə gedir.

«QUTULARI OĞURLAYANLAR YOX, HAQINI TƏLƏB EDƏNLƏR MƏHKƏMƏYƏ VERİLDİ»

Seçki məntəqəsində müşahidəçi olmuş, Masallıda «Ziyalılar» cəmiyyətinin sədri Məmmədağa Eynullayev deyir ki, qanunu pozanlar kənarda qalıb:

Məmmədağa Eynullayev
Məmmədağa Eynullayev

«Siyahı tərtib etmişdilər, deyirdilər ki, bu adamlar keçməlidir. Bu saxtakarlıq Musaküçə kəndində keçmədi. Musaküçə sakinləri səslərini verdilər və öz səslərinin arxasında durdular. Öz adamlarını keçirdə bilmədilər və seçki məntəqələrindən seçki qutularını apardılar, saxtalaşdırdılar. Şikayətimiz əsasında səsvermənin nəticələri ləğv edildi. Seçki qutularının oğurlanıb aparılmasını araşdırsaydılar, saxtakarlar cəzalarını alacaqdı. Əksinə oldu. Öz haqqını müdafiə edənləri şərləyirlər. Ərazi nümayəndəsinin, məntəqə seçki komissiyası üzvlərinin, polislərin əli ilə bu adamları məhkəməyə veriblər. Guya bu adamlar maşınlara ziyan vurublar, xuliqanlıq ediblər».

O, bu məhkəmənin arxasında Masallı rayon İcra Hakimiyyətinin durduğunu deyir.

«GUYA SƏSLƏRİN SAYILMASINA İMKAN VERMƏMİŞİK»

Bələdiyyə seçkilərində namizəd kimi iştirak etmiş Musaküçə kənd sakini Tərlan Abbaszadənin deməsinə görə, onu da bu işdə günahlandırmaq istəyirlər:

«Seçki qutularını dairəyə aparıb bülletenləri orda sayıblar. Qanun pozuntusu olub. Buna görə məntəqələrdə səsvermənin nəticələri ləğv edilib. Bizdən əvəz çıxmaq üçün iş açdılar. Guya biz səslərin sayılmasına imkan verməmişik. İnzibati Xətalar Məcəlləsinin 296-cı (Xuliqanlıq) maddəsi ilə bizi təqsirləndirirlər. Bir nəfəri, məntəqədə müşahidəçi olmuş Firdovsi İbrahimovu həbs ediblər. Yəqin ki, yenə cəzalandırılanlar olacaq. Namizəd olmuş Natiq İbrahimovu da günahlandırırlar. Bu sırada mən də ola bilərəm. Halbuki, şahid kimi məhkəməyə çağırılıram. Bilmək olmur ki, bunlar neçə nəfəri həbs edəcəklər».

Xasay Səfəroğlu
Xasay Səfəroğlu

«SEÇKİLƏRİN QEYRİ-RƏSMİ QALİBLƏRİNİ CƏZALANDIRMAQ İSTƏYİRLƏR»

Müsavat Partiyası Masallı rayon təşkilatın sədri Xasay Səfəroğlu isə deyir ki, bələdiyyə seçkilərindən dərhal sonra fəalları cəzalandırmaq üçün şikayətlər olub:

«Hakimiyyət heç bir halda, ən xırda məsələdə özünü məğlub durumda görmək istəmir. Seçkinin qeyri-rəsmi qaliblərini cəzalandırmaq istəyirlər. Musaküçə kəndində səsvermədən sonra da güclü narazılıqlar var idi. Əslində seçkinin nəticələri ləğv olunub. Gülməli odur ki, seçkini saxtalaşdıranları yox, seçkinin nəticələrini ləğv etdirmiş adamları cəzalandırırlar. Bu, qorxulu tendensiyadır».

İCRA NÜMAYƏNDƏSİ: «KOMİSSİYA SƏDRLƏRİNƏ QARŞI KOBUDLUQLAR OLUB»

Lakin Musaküçə kənd icra nümayəndəsi Şəmsəddin Teymurov bütün bu deyilənlərin onlara aidiyyəti olmadığını bildirir:

«İcra hakimiyyəti başçısının və kənd icra nümayəndəsinin məhkəmə ilə bağlılığı yoxdur. Məhkəməni necə təşkil edə bilərik? Ötən il bələdiyyə seçkilərində məntəqə seçki komissiyalarının sədrlərinə qarşı kobudluqlar olub. Onlar da məhkəməyə müraciət ediblər. Bizlik bir şey yoxdur».

XS
SM
MD
LG