Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:55

Lavrov Bakıya niyə gəlir?


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov (sağda) rusiyalı həmkarı Sergey Lavrovla, Bakı, 18 iyun, 2014
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov (sağda) rusiyalı həmkarı Sergey Lavrovla, Bakı, 18 iyun, 2014

-

GÖZLƏNİLƏN VƏ GÖZLƏNİLMƏYƏN QONAQ...

Qonşu Rusiya ilə münasibətlər yetərincə sıcaq olsa da, xarici işlər naziri Sergey Lavrovun bu günə nəzərdə tutulan səfəri maraq kəsb etməyə bilməz...

Düzdür, Ermənistandakı iki azərbaycanlı girova tam etinasızlıqdan sonra S.Lavrov-un Azərbaycanın xeyrinə nə edə biləcəyi mübahisəlidir. Amma bütün hallarda Qarabağ probleminə dair köhnə danışıqlar formatı qalır – nazirlər vaxtaşırı görüşürlər, prezidentlərinsə ilin sonunda görüşəcəyi barədə məlumatlar ara vermir...

Təbii ki, Azərbaycanın Rusiya ilə münasibətləri tək Qarabağ problemi ilə məhdudlaşmır. İndi Rusiya çox vurnuxduğundan, təklənmək ehtimalı onu Asiyada möhkəmlənməyə zorlayır. O üzdən həm bəzi MDB, həm də Asiya ölkələrinə ard-arda səfərlər edilir...

İkinci soyuq savaş ehtimalıyla yanaşı, daha bir böyük iqtisadi depressiyanı yaşamaq haqda deyilənlər Rusiya siyasətçilərini haldan çıxarır. Bunu görməkdən ötrü həmin ölkənin qəzet və televiziyalarına göz atmaq yetər...

HƏMSƏDRLƏR, YOXSA HƏMRƏQİBLƏR?

Növbəti soyuq savaşdan söz düşmüşkən, elə bu məsələ də Azərbaycanda az maraq doğurmur, çünki çoxlu suallar yaranır.

O suallardan biri də budur ki, ABŞ-la Rusiyanın indiki münasibətləri fonunda onların Minsk Qrupu çərçivəsindəki fəaliyyəti necə olacaq? İki ölkə bu format çərçivəsində dil tapa biləcək, ya yox?..

Açığı, Ukraynada məlum proseslər başlanandan bəri Qarabağ problemi, demək olar, yaddan çıxıb. Rusiya xarici işlər nazirinin heç bir ciddi məzmun daşımayan bəyanatlarını çıxsaq, danılmaz səssizlik var və “Qarabağ yaddan çıxıb” sözlərini daha inamla söyləmək olar. Düzdür, ara-sıra, səssizliyi pozan səslər də gəlir ki, bəs, həmsədrlər yeni təkliflər üzərində işləyirlər. Amma bu da bilinəcək və günün birində məlum olacaq ki, əslində, heç bir yeni təklif - filan yoxdur...

Düşünürdük ki, Ukraynada başlanan proseslər, Qərb dövlətlərinin bu proseslərə daha ayıq-sayıq münasibəti Qaqrabağa, eləcə də ona bənzər digər problemlərə əski münasibəti dəyişəcək və Rusiyanın bu münaqişələrdəki gerçək rolu bütün çılpaqlığı ilə görünəcək.Amma elə olmadı - köhnə yanaşma və köhnə diplomatik stereotiplər hələ də qalır. Sanki hansısa şifahi razılaşma var və bu mifik razılaşma əsasında bölgü aparılıb, ortalıqdakı savaşsa bu bölgünün haralardasa pozulmasından törənir...

ÜÇ DÖVLƏTDƏN HEÇ BİRİ...

Minsk Qrupunun tərkibi bu vaxtadək çox təhlil olunub. Bunu daha bir dəfə etmək məsələnin mahiyyətini dəyişməyəcək. Di gəl, “təkrar biliyin anasıdır” deyiblər. Minsk Qrupunun üç həmsədrini bir cəhət birləşdirir – bu və ya digər səbəbdən Ermənistana daha yaxınlıq...

ABŞ və Fransanın Ermənistana münasibətini erməni diasporu və bu ölkələrdəki erməniəsilli seçicilər, Rusiyanın münasibətini isə onun geosiyasi maraqları müəyyənləşdirir (Təbii ki, bunlar müəllifin fikridir və çox fərqli, hətta tam əks yanaşmalar ola bilər – red.).

Bu bir neçə il ərzində mənzərə dəyişməyib. Deməli, S.Lavrov-un guya hansısa ciddi təkliflə gəlişi barədə söhbətlərə inanmamaq lazımdır. Üstəlik, Rusiya ilə münasibətlər soyusa, ABŞ-ın Minsk Qrupu çərçivəsində Azərbaycanın xeyrinə dreyfinə dair ehtimallar da elə ehtimaldan savayı bir şey deyil.

Azərbaycan mediası bu qəbildən “sensasion məlumatları”yla artıq öz auditoriyasını bezdirib. Beş, ya da yeddi rayonun “qaytarılmasından” ard-arda yazılsa da, ortalıqda bir şey yoxdur...

BÜTÜN KARTLAR AÇILMASA DA...

Düzdür, Azərbaycanın hələ işlətmədiyi “siyasi kartlar” var – bu ölkə hələ Avrasiya İttifaqına və Gömrük Birliyinə münasibətini açıqlamayıb. Qarabağ probleminə də, olsa-olsa, bu müstəvidəki “siyasi sövdələşmə” nəsə verə bilərdi...

Amma verəcəkmi? Hərçənd, hakimiyyətlər biri-birinin tam eyni olmur və bir hakimiyyətin vaxtında mümkün olmayan şey o biri hakimiyyətin vaxtında gözlənilmədən gerçəyə çevrilə bilər...

Əslində, “siyasi sövdələşmə” cəhdləri əvvəllər də olmuşdu – Azərbaycan Qarabağın qaytarılması qarşılığında sıx inteqrasiyaya hazır olduğunu bildirmişdi. Amma nə oldu? Rusiya razılaşmadı, Ermənistan da buna qol qoymadı. Düzdür, Ermənistanı bu prosesdə tam passiv bir komponent saymağa alışmışıq, amma heç də belə deyil...

Üstəlik, Rusiya da sadəlövh deyil. Bu ölkənin özündə də Avrasiya İttifaqının gələcəyinə inananlar, çətin ki, elə çox ola. O üzdən Rusiya Azərbaycana əsas təsir alətini – Qarabağı heç vaxt itirmək istəməz. Bu elə bir reallıqdır ki onu nə S.Lavrov dəyişə bilər, nə də bir başqası...

XS
SM
MD
LG