Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 03:45

«The New York Times» Xədicədən yazır


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

«Misirin «kenquru» (saxta) məhkəməsi bu yaxınlarda «əl-Cəzirə»nin 3 əməkdaşını jurnalistika ilə məşğul olduqlarına görə həbsə atıb. Çərşənbə axşamı Azərbaycanda araşdırmaçı-jurnalistə məhkəmədə son sözünü bitirməyə imlan verilməyib və hakim ona 7 ildən çox cəza kəsib. Türkiyədə isə hakimiyyət «VICE news» media şirkəti üçün çalışan 3 jurnalisti saxlayıb, onların «İslam Dövləti» silahlı qruplaşmasına yardım etdiyini bildirib».

ABŞ-ın «The New York Times» qəzeti «Xarici jurnalistlər zərbə altında» başlıqlı redaksiya məqaləsində yazır ki, hökumətlərin jurnalistləri susdurmağa yönəlik bu səyləri güclü xəbərtoplamanın gərəkdiyi bir vaxtda jurnalistikaya aşındırıcı təsir göstərir.

«Azərbaycanda son sözünü deməyə imkan verilməyən jurnalist Xədicə İsmayıldır. Tanınmış radio-aparıcı ötən ilin dekabrında dostunu və həmkarını intihara sövq etmək kimi absurd ittihamla saxlanıb. İsmayılın yüksəkrütbəli hökumət rəsmilərinin yol verdiyi korrupsiyanı araşdırması prezident İlham Əliyevi haqlı olaraq utandırıb. «The Washington Post»un araşdırması isə cənab Əliyevin 11 yaşlı oğlunun Dubayda 44 milyon dollarlıq mülkü barədə yazmışdı».

«X.İsmayıla məhkəmədə son sözünü bitirməyə imkan verilsəydi, hakim Ramella Allahverdiyeva bu sözləri eşidəcəkdi: «Sifariş verilən hökmü oxuduqdan sonra sizə də xoş istirahətlər arzulayıram. O gün olsun istirahətinizi vicdanınız ağrımadan, vicdanınızı susdurmadan keçirə biləsiniz»».

Məqalədə deyilir:

«Jurnalistlərə qarşı cinayət işləri beynəlxalq ictimaiyyətdən daha güclü reaksiya tələb edir. İnterpol qanunsuz təqib olunan jurnalistlərin həbsiylə bağlı müraciətləri gözardı etmək üçün mexanizm hazırlamalıdır. Bunun ölkəsindən çıxa bilməyən, yaxud çıxmaq istəməyən jurnalistlərə az köməyi dəyəcək. Ancaq güclü siqnal göndərmiş olacaq. Dünya liderləri «dərin narahatlıq» bildirən mənasız bəyanatlardan artığını etməlidirlər. Onlar aləmi bir-birinə qatmalıdırlar».

Türkiyə polisi suriyalı körpənin cəsədini sudan çıxarır.
Türkiyə polisi suriyalı körpənin cəsədini sudan çıxarır.

AVROPANIN QAÇQIN RİYAKARLIĞI

«The Washington Post» Avropanın qaçqın böhranı ətrafındakı ironiya və riyakarlığı yalanlanmasını soğanı bıçaqsız soymaqla müqayisə edir.

«Moraviyada, Çexiyada polis 200 qaçqını qatardan düşürüb qollarını nömrələyir. Macarıstan şərq sərhədində tikanlı məftil çəkir, vaxtilə Qərb sərhədində də «dəmir pərdə» vardı. Özünü necə adlandırırsan, adlandır, vaxtilə yəhudilərin nasist Avropasına qaytarılması, qaçqınların Kasablankada insan qaçaqçıları ilə danışıqları – bütün bunlar müasir forma almaqdadır».

«Britaniyanın tabloid qəzeti olan «The Sun» on ildir mühacirlərə qarşı kampaniya aparır. Elə bu yaxınlarda Britaniyanın baş nazirini mühacirətlə bağlı qırmızı xətt çəkməyə çağırırdı. İndi isə, suriyalı körpənin cəsədi dəniz sahilinə çıxandan sonra qəzet baş naziri «İkinci Dünya müharibəsindən bəri ən pis böhran»la məşğul olmağa çağırır. Bir müddət əvvəl artıq qaçqın qəbul edə bilməyəcəyini deyən yazıq David Cameron indi elan edib ki, Britaniya daha çox qaçqına qucaq açacaq. Köməkçiləri dərhal izah ediblər ki, o, əvvəlki bəyanatı verəndə fotoları görməyibmiş».

«Riyakarlığın qatları açıldıqca açılır: Bu fotolar dəhşətli olsa da, əslində bizə yeni bir şey demir. Qaçqınlar aylardır Aralıq dənizini keçməkdədirlər. Yüzlərlə ölən olub. Sahilə çıxan uşaq meyiti bizi belə narahat edirsə, niyə Suriyanın Hələb şəhərində uşağın öldürülməsindən narahat olmuruq? Fərq nədədir ki?».

«Heç kəsin dilə gətirmək istəmədiyi həqiqət budur: əslində baş verənlər təhlükəsizlik böhranıdır. İllərdir avropalılar özlərini elə aparıblar ki, Suriya və Liviya müharibələri başqasının problemidir. Müxtəlif vaxtlarda, Avropanın ən böyük dövlətləri vahid xarici və müdafiə siyasəti yaratmaq cəhdlərinin qarşısını alıblar. İndi isə diplomatik və siyasi zərbə görürlər…nəticə düz Avropanın sahillərinədək gəlib».

Foto illüstrasiya
Foto illüstrasiya

AMERİKALILAR DİNCƏLƏN DEYİLLƏR

«Adi bir həftəsonunda ABŞ-da işçilərin ¼-i gecə 10-dan səhər 6-dək nəsə bir işlə məşğul olub». «The Atlantic» saytının yazdığına görə, bu yeni araşdırmanı iqtisadçılar Dan Hamermesh və Elena Stancanelli aparıb. Araşdırmaya görə, amerikalılar nəinki daha çox işləyirlər, üstəlik gecələr və həftəsonuları da işləməyə meyllidirlər.

Belə ki, həftəsonuları ABŞ-da hər 3 işçidən biri iş başındadır. Fransa, Almaniya və Niderlandda hər 5 işçidən biri belə işləyir. Böyük Britaniya da bu baxımdan ABŞ-a yaxındır, işçilərin 19 faizi gecə çalışır.

OECD-nin araşdırmasına görə, ABŞ-da orta illik iş saatı 1790-dır. Bu, Fransa, Niderland və Danimarkadan 200 saat çoxdur.

«Texnologiya sayəsində evdən iş görmək daha əlçatımlı olub. Bəs bu qədər işləməyin ziyanı nədir? İqtisadçılar çox işləməyin iki mənfi tərəfini qabardırlar: daha az sosial həyat və səhhətin pisləşməsi. Müəllif Hamermesh deyir ki, buna dəyməz: «Özümüzü elə bir həddə çatdırmışıq ki, daha çox işləyirik, ancaq qarşılığında getdikcə çox az şey alırıq»».

XS
SM
MD
LG