Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 02:40

Zülmət, palçıq, üfunət...


İllüstrasiya
İllüstrasiya

►Torpaq ucuz olduğuna görə kasıb təbəqə bura üz tutur, amma sonradan aldadıldıqlarını anlayırlar

“Elə ki, prezidentə yazırıq, hərəkətə keçirlər. Guya nələrsə edirlər, ya da etmək istəyirlər. Yalandan gəlirlər, küçələri ölçüb, biçib, baxış keçirib gedirlər. Guya ki, bunlar küçələri abıra salacaqlar. Elə ki, ara soyuyur, məlum olur ki, hər şey gözdən pərdə asmaq üçün imiş”.

Aşağı Güzdək qəsəbəsinin bir neçə ildir salınmış yaşayış massivinin sakinləri deyirlər, neçə illərdir bu ərazinin susuzluğu, zülməti, palçığı, üfunəti ilə baş-başa qalıblar. Qəsəbənin yolları bərbad vəziyyətdədir, işıq, su, qaz demək olar ki, yoxdur.

TORPAQ ALIB, EV TİKƏ BİLMİR

Sakin Bəxtiyar Cəfərli danışır ki, burada yaşamaq üçün şərait yoxdur. Ancaq bunu gəlib ərazidə ev tikəndən sonra anlayıb:

“Şəxsən mən buradan torpaq alanda söz verdilər ki, yol da olacaq, işıq da, su da… 4 ildir burdayam, heç birini görmürəm. Buradan torpaq sahəsi alanlar heç evlərini tikib başa çatdıra bilmirlər, o ki qala yaşaya bilsinlər. Çünki ev tikmək üçün vacib şeylər olan su, işıq yoxdur. Torpaq bir az ucuz olduğuna görə kasıb təbəqə bura üz tutur, amma sonradan aldadıldıqlarını anlayırlar. Yüzlərlə insan var ki, torpağı alıb, ancaq şəraitsizlikdən ev tikə bilmir”.

Bunu da oxu: «Benzin ucuzlaşmayacaq»- Rövnəq Abdullayev

Başqa sakin Həmidəli Babayev deyir, suyu maşınla alırlar, işıq xəttini özləri çəkib. Bununla belə ilin çox hissəsini evdə çilçırağın yox, neft lampasının işığında otururlar:

“Belə pis çıxmasın, evdə işıq yananda üz-gözümüz qamaşır. Qaş qaraldı, nöyüt lampası yandırırıq. Oktyabr keçdi, ev-eşiyi odunla qızdırırıq. İndidən odunluq taxta toplayırıq. Elə bil, ucqar kənd yeridir buralar… Dirəklər basdırmışıq, külək olan kimi aşır, naqillər qırılır... Bu işlər gərək peşəkarlıqla görülsün axı… Hər şeyi özümüz edirik”.

Sakin deyir, qəsəbədə kanalizasiya sistemi də yoxdur:

“Bir az aşağı tərəfdə dəmiryolu stansiyası var. Ora “göl qırağı” deyilir. Göl də ki, çirkab sulardan ibarətdir. Kanalizasiya yoxdur, hər şey ora axıb gedir. Yay-qış oradan iydən keçmək mümkün deyil. Yayda vəziyyət biabırçılıq olur. Hər dəfə deyirlər, “narahat olmayın, yavaş-yavaş hər şey yoluna qoyulacaq””.

Həmçinin oxu: Milli Məclis Avropa Parlamentinin cavabını verir

AZI MİN EV TİKİLİB, ANCAQ...

Sakinin sözlərinə görə, burada yaşamaq həm də təhlükəlidir:

“Çünki naqillər açıqdır. Sakinlərin çoxu işığı yerlə çəkib. Sabah birinin uşağına bir şey olacaq, buna görə kim cavab verəcək? 2008-ci ildən burada yaşayıram. Suyu ətraf qəsəbələrdən daşıyırıq. Biz burada yaşamaqla demək olar ki, mümkün olmayanı gerçəkləşdirmişik. Burada azı min ev tikilib. Ancaq çoxunda yaşayış yoxdur. Şəraitsizlikdən camaat qapısından qıfıl asıb. çıxıb gedib".

Sakinlər bərbad yollara maşınlarla daş-çınqıl alıb töküblər. Ancaq bu da onlara yollarda rahat hərəkət etməyə kömək olmayıb. Onlar Aşağı Güzdəyin problemlərinin həlli üçün yerli bələdiyyəyə, icra hakimiyyətinə müraciət etdiklərini deyirlər.

Abşeron rayon İcra Hakimiyyəti bildirir ki, Aşağı Güzdək kəndində salınan yeni yaşayış massivi bələdiyyə tərəfindən satılmış torpaqlarda tikilmiş evlərdən ibarətdir.

Və yeni yaşayış massivi olduğu üçün problemlərin köklü həlli tezliklə mümkün olmasa da, tədricən aradan qaldırılacaq. Bunun üçün isə sakinlərdə səbir olmalıdır.

XS
SM
MD
LG