Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:51

Bakının girəcəyində “ağ çadır, qara çadır” söhbəti


Sürücü: "Başım çıxmır bu nə işdir?"
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Sürücü: "Başım çıxmır bu nə işdir?"

►“Rayon maşınlarının şəhərə buraxılmaması qərarı özünü doğrultmayacaq”

“Sentyabrın 15-dən rayon maşınlarının şəhərə girişi məhdudlaşır”. Bir neçə gündür ki, Bakının Şamaxı şosesində elektron lövhədə yazılan sözlər uzaqdan göz deşir.

Paytaxtın girəcəyində bir ucu Sumqayıta, digər ucu Saray qəsəbəsinə gedib çıxan körpünün altında iki yol polisi keşik çəkir.

Magistral yol plastmas arakəsmə ilə iki yerə bölünüb. Bakı qeydiyyatlı maşınlar sola, digərləri sağa yönləndirilirlər. Sağ yol körpünün üstünə çıxır, ordan da ya geriyə, ya da Sumqayıt istiqamətinə getmək olar.

Elə körpünün üstündə də yol polisi keşik çəkir. Birdən Müşfiqabad qəsəbəsinin içindən şəhərə girmək istəyən olar.

Buna da bax: YAP seçki siyahısını açıqladı (Adlar)

“Ağ çadır, qara çadır” söhbəti

“Lap Dədə Qorqud filmindəki ağ çadır, qara çadır söhbətinə oxşadı”. Bunu Şamaxıdan gələn və yolu dəyişdirilən sürücülərdən biri deyir.

Şamaxıdan ailəsi ilə birgə gələn Amid İmanov uşağını həkimə aparır:

“Hər ay həkimə gəlirik. İndi bizi buraxmırlar”.

Atanın çarəsiz-əlacsız baxışları xanımına yönəlir. Xanımı da “biz həkimə gedirik axı”, deyə təkrarlayır. Əlavə edirlər ki, onların qadağadan xəbərləri yoxdur.

Yol polisi ondan hər hansı bir sənədin olub-olmadığını soruşanda Amid İmanov sevincək maşına sarı gedir: “Əlbəttə, müayinələr üstümüzdədi”, deyib əlində bir qovluqla qayıdır. Yol polisi onlara “yaşıl işıq” yandırır.

Ağsu qeydiyyatlı, özünün isə Binəqədinin Sulutəpə qəsəbəsində yaşadığını deyən Səfa Novruzov çar-naçar qalıb:

“Ay başınıza dönüm, məclisimiz var, rayona heyvan gətirməyə getmişdim, buraxın, gedim ev-eşiyimə”.

Buna da bax: Emin Ağalarov: "Mənim və Leylanın bütün..." [Video]

Yol polisi həkim reseptini yoxlayır

Yol polisinin sağa yönləndirdiyi sürücülərdən bəziləri heç nə anlamırmış kimi yoluna davam edir, bəziləri isə saxlayıb sərnişinləri ilə birgə yol polisiylə mübahisəyə qalxır: “Həkimə gedirəm, bax bu mənim reseptim”, biri cibindən həkim resepti çıxarır. Yol polisi baxıb razılaşır: “Yaxşı, gedin”.

Adını söyləməyən yol polisi həmkarına deyir ki, rayon qeydiyyatlı avtomobillərin sürücüləri arasında Bakı qeydiyyatlı sakin olsa, buraxsın”.

“Azərsun”a rayonlardan yağ daşıyan iri yük avtomobillərinin sürücüləri də şəhərə buraxılmır, bir müddət çəkən mübahisədən, zənglərdən sonra, deyəsən, onların işi düzəlir. Sürücülərdən biri “bizi buraxdılar gedirik” deyir.

Buna da bax: "Vətəndaş cəmiyyəti tezliklə son nəfəsini verəcək”

Abid Şərifovun qərarı

Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifovun qərarına əsasən, sentyabrın 15-dən rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmır.

Həmin avtomobillər şəhərin cənub və şimal girişindəki duracaqlarda saxlanılacaq. Bu məqsədlə şəhərin cənub girişində - Bakı-Ələt yolunda və şimal girişində - Bakı-Quba yolunda avtomobillər üçün dayanacaqlar tikilib.

Şamaxı şosesində isə dayanacaqlar yoxdur. Gələn avtomobillərə 10 km aralıda olan, Sumqayıt yolundakı dayanacağa getmək təklif olunur.

Buna da bax: Siyavuş Novruzovdan Avropaya "konslager" ittihamı

“Dayanacaqlar tikilib”

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kamran Əliyev AzadlıqRadiosuna müsahibəsində deyir ki, Bakı-Sumqayıt qatarı işə düşəndən sonra Sumqayıtdan maşınla gələnlərin sayı azalıb:

“Elə başqa rayonlardan da gələnlərin sayı azalıb. Hər dayanacaqdan da 3 ayrı-ayrı istiqamətə marşrut xətləri işləyir”.

Kamran Əliyev deyir ki, Bakıya xəstə gətirənlərə güzəşt olunacaq, onlar şəhərə buraxılacaqlar, amma paytaxta öz maşını ilə gəzməyə gələnlər avtomobillərini şəhərin girəcəyində saxlamalı olacaqlar:

“Şəhərin mərkəzində “parkovka” problemi var. Onsuz da maşınını hardasa saxlamalıdır”.

Kamran Əliyev
Kamran Əliyev

Bəs Bakıda yaşasa da, özünün və avtomobilinin qeydiyyatı regionda olan şəxslər paytaxtda maşınlarını sürə biləcəklərmi? Kamran Əliyev deyir ki, məhdudlaşdırma yalnız səhər saat 7-dən axşam 12-yə kimi şəhərə girişlə bağlıdır, bu qadağanın şəhərdaxili hərəkətə dəxli yoxdur.

Bayram “təhlükəsi”…

Amma nəzərə alsaq ki, bayramlarda Bakıda yaşayan “rayonluların” əksəriyyəti doğma yurdlarına gedir, qayıdanda şəhərə girişdə problem yaşaya bilərlər. Kamran Əliyev də bunu istisna etmir, deyir ki, rayon qeydiyyatlı maşınlar paytaxta yalnız gecə daxil ola biləcəklər.

Buna da bax: «Gənc Heydər Əliyevdən qorxurlar»

“Qərar özünü doğrultmayacaq”

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov AzadlıqRadiosuna müsahibəsində deyir ki, Nazirlər Kabinetindən verilən bu qərar Bakıdakı tıxacları aradan qaldırmayacaq:

“İnkişaf etmiş ölkələrlə müqayisədə Bakıda daha az avtomobil var. Əsas problem yol infrastrukturunun düzgün qurulmaması və yol mədəniyyətinin aşağı olmasıdır”.

O, hesab edir ki, bu qərar özünü doğrultmayacaq:

“Yollarda polis nə vaxta qədər post qurub keşik çəkəcək? Bakıda avtomobilləşmə 14 faizdir, Yaponiyada 70 faiz. Orda hər 100 adama 70 maşın, Azərbaycanda hər 100 adama 14 maşın düşür. Amma Yaponiyada tıxac yoxdur. Avtomobili olmaq o demək deyil ki, işə, bazara maşınla gedib-gəlməlisən. İctimai nəqliyyat elə səviyyədədir ki, maşını olan da bundan istifadə edir”.

Hüquqşünas deyir ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının belə bir qərar qəbul etməsi Konstitusion hüquqlara ziddir:

“Komissiya səlahiyyət həddini aşıb”.

Ərşad Hüseynovun fikrincə, rəsmilər tezliklə bu qərarın səmərəsiz olacağını görəcəklər.

XS
SM
MD
LG