Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:41

Prezidentin işdən çıxardığı səfir: "İşimə davam edirəm"


Altay Əfəndiyev
Altay Əfəndiyev

►Prezident İlham Əliyevin mayın 19-da verdiyi və rəsmi qəzetlərdə dərc olunan sərəncama baxmayaraq, Azərbaycanın İspaniya Krallığındakı səfiri Altay Əfəndiyev hələ də işini davam etdirir və səfirliyi tərk etməyib.

Səfir AzadlıqRadiosuna deyir ki, onun işinə xitam verilməsi ilə bağlı heç bir məlumat almayıb və öz fəaliyyətini davam etdirir:

“Sərəncamla bağlı hansısa şayiələr var, amma Prezident Administrasiyanın saytında bu haqda heç bir məlumat yoxdur. Yaxşı olar ki, bu məsələyə aydınlıq gətirmək üçün Prezident Administrasiyasına müraciət edəsiniz”.

Yerli media A. Əfəndiyevin prezidentin sərəncamına tabe olmadığını yazır.

XİN-in cavabı

Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev AzadlıqRadiosuna deyir:

"Səfir özü açıqlama verdi. Mən artıq bir söz deyə bilməyəcəm". (A.Əfəndiyev “ANS TV-ə açıqlamasında geri çağrılmadığını, fəaliyyətini davam etdirdiyini bildirib-red.)

- Axı geri çağırılma ilə bağlı sərəncam var rəsmi qəzetlərdə, səfir isə deyir ki, çağırılmayıb..

- Mən bir söz deyə bilməyəcəm, indi kənardayam, gərək sənədlərə baxam.

Buna da bax: Dilənçi: "Bayramdır, verin də..."

Prezidentin sərəncamı

Prezident İlham Əliyevin səfirin geri çağırılması ilə bağlı həmin sərəncam hələ də rəsmi “Xalq”, “Azərbaycan” qəzetlərinin internet səhifəsindədir. “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyir:

“Mən öz qəzetimizdəki məlumatın doğruluğuna cavabdehəm. “Azərtac” və bizim redaksiya arasında xüsusi xətt var və biz məlumatları həmin xətt vasitəsilə əldə edirik. Burda yalnışlıq ola bilməz”.

Sərəncam rəsmi azertag.com saytında olmasa da, saytların arxivini saxlayan arxiv.az saytında qalır.

Prezident.az saytı silinib?

Altay Əfəndiyev bildirir ki, prezident.az saytında onun geri çağrılması ilə bağlı sərəncam yoxdur, əsas da bu saytdır. Həqiqətən də, prezident.az saytında mayın 19-da verilmiş sərəncamlar arasında həmin sərəncam yoxdur.

Amma bir link açılmır. Adının çəkilməsini istəməyən bir kompüter mühəndisi deyir ki, bu link saytdan silinib. Həmin linkdə A.Əfəndiyevlə bağlı sərəncamın olub-olmaması bəlli deyil. Prezident Aparatı gün ərzində zənglərimizə cavab vermədi.

Buna da bax: Həccdə 700 adam ölüb

Səfirlər necə geri çağırılır?

Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə deyir ki, ola bilsin ki, bu, texniki səhvdir:

“Bütün hallarda sərəncam rəsmi qəzetlərdə varsa, səfir artıq yığışmağa başlaya bilərdi. Amma onun işini təhvil verməsi üçün rəsmi məktub gəlməlidir”.

Adının çəkilməsini istəməyən bir keçmiş səfirlik işçisi deyir:

“Əslində, rəsmi sərəncam səfirin səlahiyyətlərinə xitam verməsi üçün yetərlidir. Prosedura uyğun olaraq İspaniya hökuməti də məlumatdırılır və səfirin səlahiyyətləri bitmiş sayılır. Sərəncam verildiyi tarixdən indiyə qədər bu prosedur bitməli idi. Yalnız kiçik bir ehtimal var ki, kadr çatışmazlığına, ya hansısa bitməmiş məsələyə və ya layihəyə, yaxud da səfiri himayə edən hökumət rəsmisinin tapşırığına görə hələlik qayıtma uzadılır”.

Keçmiş diplomat Arif Məmmədov AzadlıqRadiosuna məsələni belə şərh edir:

“Bu çox qəribə məsələdir.Çox qüman kı, ciddi daxili mübarizənin göstəricisidir”.

Altay Əfəndiyev isə bildirir ki, rəsmi Bakı ilə əməkdaşlığını mayın 19-dan sonra əvvəlki qaydada davam etdirir:

- Son vaxtlar XİN-in xaricdəki dörd diplomatı müxtəlif səbəblərdən postunu tərk etdi, bəziləri hakimiyyəti tənqid etməyə başladı, siz bu haqda nə düşünürsüz?

- Mən bunu qəti pisləyirəm. Bu, diplomata layiq hərəkət deyil. Diplomat öz xalqına və prezidentinə sadiq qalmalıdır. Əgər kimsə nədənsə narazıdırsa, diplomatik fəaliyyətini tərk edib, siyasətlə məşğul olmalıdır.

- Sizin belə bir niyyətiniz varmı?

- Qətiyyən. Mən ölkəyə, prezidentə sadiq bir insanam.

- Bəs sizcə, niyə sizin haqqınızda belə yazıblar, nədən qaynaqlanır bu məlumatlar?

- Mən bilmirəm. Son vaxtlar ümumiyyətlə Xarici İşlər Nazirliyinə qarşı nalayiq məlumatlar yayılır, halbuki, nazirlikdə ölkəyə, prezidentə sadiq insanlar işləyirlər.

Yerli media yazır ki, Altay Əfəndiyev səfirliyi ailə biznesinə çevirib və orda qohumları çalışır. A. Əfəndiyev bununla razılaşmır:

“Bütün əməkdaşlar Xarici İşlər Nazirliyinin xətti ilə gəlib. Burda bir ailənin iki üzvü çalışır, onlar da nazirliyin əməkdaşlarıdır”.

Bu, son bir neçə ayda XİN-in diplomatları ətrafında baş verən dördüncü qalmaqaldır. Siyasi şərhçi Ərəstun Oruclu deyir ki, məlumat qıtlığı səbəbindən əslində nə baş verdiyini anlamaq çətindir:

“Amma bütün hallarda səfirliklər ətrafında baş verənlər utancvericidir və vəziyyətin nəzarətdən çıxdığını göstərir”.

XS
SM
MD
LG