Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:17

Manata "üzməyi" öyrədəcəklər


Manat
Manat

-

Manatın məzənnəsinin sərbəst buraxılıb-buraxılmaması mövzusu gündəmdən düşmür. Bu dəfə maliyyə naziri Samir Şərifov ANS-ə müsahibəsində həmin mövzuya toxunaraq, «üzən məzənnə» rejiminə keçiddən danışıb. Nazir deyib: «Bəzi dövlətlər artıq «üzən məzənnə»yə keçiblər. Qazaxıstan bunu elan edib. Bu gün bu məsələyə cavab vermək bir az tez olar. Amma mənim fikrimcə, hal-hazırda Mərkəzi Bank bu istiqamətdə müvafiq iş aparır. Hesab edirəm ki, optimal bir variant tapılıb və tətbiq olunacaq».

Təcrübədə 3 məzənnə rejimi var: 1. Üzən; 2. Üzən-tənzimlənən; 3. Təsbit edilmiş.

Üzən məzənnə rejimində məzənnə valyuta bazarında tələb-təklif əsasında, heç bir müdaxilə olmadan formalaşır. Mərkəzi Bank yalnız fövqəladə hallarda valyuta bazarına müdaxilə edir. Üzən-tənzimlənən rejimində də məzənnə, əsasən, tələb-təklifə görə müəyyənləşdirilsə də, Mərkəzi Bank kəskin dalğalanmaları önləmək üçün daha aktiv fəaliyyət göstərir. Təsbit edilmiş rejimdə isə valyuta məzənnəsini Mərkəzi Bank bildirir və məzənnənin sabitliyi təmin edilir.

Hazırda Azərbaycanda təsbit edilmiş məzənnə rejimidir.

AZƏRBAYCAN MƏZƏNNƏ REJİMİNİ DƏYİŞƏ BİLƏR?

Milli Məclisin deputatı Əli Məsimli deyir ki, manat inzibati üsula yaxın bir yolla tənzimlənir və daha çox məhz bu yolla uzunmüddətli nisbi sabitliyi təmin olunan xammal valyutasıdır. Onun fikrincə, manatın dayanıqlılıq dərəcəsi yetərincə yüksəkdir və bu, 2008-2009-cu ilin qlobal maliyyə iqtisadi böhranı dönəmində özünü göstərib: «Amma o zaman - 2008-ci ilin 2-ci yarısında neftin qiymətinin bir barrel üçün 147 dollardan 33-35 dollara enməsi müddəti az çəkdi. Mərkəzi Bank manatın nisbi sabitliyini qorumaqdan ötrü həm çevik siyasət yeridə, həm də az xərclə həmin itkilərdən çıxa bildi. O vaxt neftin qiyməti tezliklə yenidən 100 dollar civarına və daha yüksəyə qalxdı. 2008-ci ildən fərqli olaraq, bu dəfə neftin qiymətinin aşağı səviyyədə qalması prosesi çox uzanır. Ona görə, bu dəfə Azərbaycan da Rusiya, Qazaxıstan, Türkmənistan və s. enerjidaşıyıcılı ölkələrdə olduğu kimi, -amma iqtisadi amillərdən daha çox qeyri-iqtisadi amillərin təsiri ilə, - devalvasiyaya getməli oldu».

Əli Məsimli
Əli Məsimli

Əli Məsimli 2015-ci il 21 fevral devalvasiyasından sonra yeni durum yarandığını düşünür: «Bundan sonra neftin qiyməti yüksək olanda, manatın da məzənnəsi qalxacaq, neftin qiyməti düşəndə və bu proses uzananda isə manatın məzənnəsi də aşağı düşəcək. Burada dolların bahalaşması və Azərbaycanın daha çox ticarət etdiyi ölkələrdə milli valyutaların, xüsusən, rus rublunun ucuzlaşması kimi amillərin də təsirini qeyd etmək lazımdır. Belə şəraitdə hökumət neftin qiyməti və manatın məzənnəsi dilemmasından çıxmaqdan ötrü zəruri hazırlıqlar görməlidir. Amma hökumət hələ bir müddət də hazırkı məzənnə siyasətini davam etdirməli olacaq. Hadisələrin və proseslərin gedişindən və hazırlıq işlərinin səviyyəsindən asılı olaraq, sonra manatın da sərbəst üzən məzənnə prinsipinə keçməsi zəruri sayılacaq. Bu, birbaşa və ya müəyyən mərhələlərlə ola bilər».

YALNIZ NEFT VALYUTA GƏTİRMƏMƏLİDIR

İqtisadçı deputat bildirir ki, keçid zamanını az itki ilə başa vurmaqdan ötrü mütləq ciddi hazırlıq aparılmalıdır: «Bir tərəfdən yerli istehsalın rəqabət qabiliyyətini artırıb xarici bazara çıxışı genişləndirmək lazımdır ki, neftdən başqa bir neçə digər sahəmiz də ölkəyə yetərincə valyuta gətirə bilsin. Digər tərəfdən idxaldan asılılığımızı azaltmalıyıq ki, idxala az valyuta xərcləyək və tədiyyə balansında həmişə manatın nisbi sabitliyinəmaliyyə təminatı verən məqbul durum olsun.

Sərbəst üzən məzənnəyə keçid elə olmalıdır ki, əhalinin güzəranına, alıcılıq qabiliyyətinə, şirkətlərə, perspektivli layihələrin reallaşmasına mənfi təsir göstərməsin. Qazaxıstanın və digər ölkələrin təcrübəsi göstərir ki, buyol improvizasiya və imitasiyadan uzaq, real köklü islahatlar yoludur. Yeni şəraitdə manat uğurlu islahatlar hesabına yalnız neftə yox, iqtisadiyyatımızın həmin islahatlar nəticəsində reallaşan güclü potensialına bağlanacaq. Onda az itki ilə üzən məzənnə siyasətinə keçib, neftdənkənar sahələrin inkişafına təkan baxımından fayda götürə, iqtisadiyyatımızın və milli valyutamızın dayanıqlığını təmin edə bilərik».

XS
SM
MD
LG