Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:13

Mirvari Qəhrəmanlının QHT-sinə "yaşıl işıq"


Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı

►Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsi hazırda hər hansı böyük layihəyə imza atmağın yox, bank hesabından həbsin götürülməsi sevincini yaşayır...

Bir ildən çoxdur ki, xarici donorların ölkədən ayağı kəsilib, iri məbləğdə qrantların yalnız xatirəsi qalıb. Bəzi qeyri-hökumət təşkilatlarının rəhbərləri ofisin qapısını bağlayaraq ölkəni tərk edib, bəzilərinin bank hesabı hələ də həbsdədir. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində isə “QHT işi”nin bitməsini göstərən bir işarə yoxdur.

Bəs ölkədə qalan QHT-lər nə işlə məşğuldur?

“Demokratik İslahatçı Gənclər” İctimai Birliyinin sədri Vüsalə Hüseynova AzadlıqRadiosuna müsahibəsində deyir ki, xarici donorlardan qrant almaq qanunla çətinləşdiyindən onlar ümidlərini yerli donorlara bağlayıblar:

Gözlə

No media source currently available

0:00 0:00:58 0:00
Direct-ə keçid

“QHT-lərə Dəstək Dövlət Şurasının maliyyələşdirdiyi “Gənclərin məşğulluğuna dəstək” layihəsini icra etmişik, avqustda başa çatıb. Hazırda gənc jurnalistlər üçün “Səfir olsaydım, Azərbaycanı necə təmsil edərdim” layihəsini həyata keçiririk. Donor Prezident yanında Gənclər Fondudur. Düzdür, fəaliyyətimiz əvvəlki kimi geniş miqyaslı deyil. Əvvəllər həm yerli, həm də xarici donorlardan qrant alırdıq və il ərzində 7-8 layihə həyata keçirirdik”.

Buna da bax: Tibbi sığortanın tətbiqi ilə bağlı yeni xəbər

“Yerli donorlar iri qrant vermirlər”

Vüsalə Hüseynova deyir ki, yeni qanunvericiliklə nazirliklərin də qrant vermək imkanları genişləndirilib:

“Ümid edirəm ki, nazirliklərlə iş qurub il ərzində 4-5 layihə icra edə biləcəyik. Avropanın bəzi fondları var idi ki, 50-70 min qrantları olurdu. Amma bizim yerli donorlar bu səviyyədə maliyyələşmə apara bilmirlər. Məncə, yerli donor institutu gəncdir, gələcəkdə bizdə də iri məbləğli qrantlar olacağına inanıram”.

“Sığınacaq çətin durumdadır”

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova çətin durumda olduqlarını söyləyir:

Gözlə

No media source currently available

0:00 0:01:04 0:00
Direct-ə keçid

“Təşkilatımız sığınacaq saxlayır və 9 aydır sığınacaq çətinlik içindədir. Sığınacaq üçün qrant verən milli donor demək olar ki, yoxdur. Xarici təşkilatlardan da qrant ala bilmirik”.

Mehriban Zeynalova
Mehriban Zeynalova

Mehriban Zeynalovanın sözlərinə görə, bəzi xarici donorlar yeni qanunvericiliyə uyğun olaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyə çalışır:

Sığınacaq üçün qrant verən milli donor demək olar ki, yoxdur. Xarici təşkilatlardan da qrant ala bilmirik

“Bu, vəziyyətin düzələcəyinə ümidləri artırır. Məsələn, ölkənin ictimai səhiyyə proqramına dəstək verən beynəlxalq təşkilat nazirlikdən qeydiyyatdan keçib”.

“Təmiz Dünya” rəhbəri bildirir ki, yerli donorlarla iş qurmaq çətindir:

“Məsələn, təşkilatımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məişət zorakılığı qurbanlarını qəbul etmək üçün akkreditasiyadan keçib. Ancaq indiyə kimi bu yöndə nazirliyin hər hansı qrant elanına rast gəlməmişik. Halbuki sığınacaqların maliyyələşməsi nazirliyin prioritet sahələrindən biridir”.

Buna da bax: Yağışa görə küçədə gecələyirlər

“Hesabımızdan həbs götürüldü”

Son illər iri, səssalan layihələrə (məsələn, Oğuz-Bakı su kəmərinin monitorinqi) müəlliflik etmiş Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsi hazırda hər hansı böyük layihəyə imza atmağın yox, bank hesabından həbsin götürülməsi sevincini yaşayır. Təşkilatın rəhbəri Mirvari Qəhrəmanlı deyir ki, sentyabrın 8-də Nəsimi rayon məhkəməsinin qərarı ilə bank hesablarından həbs qaldırılıb:

Gözlə

No media source currently available

0:00 0:00:59 0:00
Direct-ə keçid

“İki həftə isə Beynəlxalq Bankdan vəsaitimizi almağa çalışdıq. Bu vəsait Mədən Sənayesində Şəffaflığın Artırılması layihəsinin idi, Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmiş, bildirişi olan, köhnə layihə idi. Prokurorluq da yoxlamışdı bu layihəni. İndi pulu almışıq, oktyabrdan bu layihəyə davam edəcəyik”.

Mirvari Qəhrəmanlı deyir ki, QHT-lərə Dəstək Şurasından kiçik həcmli qrant alıblar:

“Onların verdiyi qrantla iri işlər görmək olmur, bu layihə çərçivəsində cəlb etdiyimiz adamlara da kiçik məbləğdə əmək haqqı verməyə, kiçik xidmətlər göstərməyə məcburuq”.

Buna da bax: “Biləndə ki məni Suriyaya döyüşməyə aparırlar…”

“Dörd fəaliyyətdən yalnız biri ilə məşğuluq”

Müsahibimiz əlavə edir ki, fəaliyyətləri xeyli məhdudlaşıb, əsasən məhkəmələrdə hüquq müdafiəsi ilə məşğuldurlar:

“Təşkilatımıza gələnlərə hüquqi yardım göstəririk, məhkəmə müdafiəsi aparırıq. Dörd fəaliyyət istiqamətindən yalnız biri ilə məşğul ola bilirik, bunda maliyyə çətinliyimiz var. Nə qədər davam edəcək, bilmirik”.

QHT-lər haqqında qanuna edilən son dəyişikliyə görə, QHT-lərə qrant vermək istəyən xarici donorlar Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidirlər. Bəzi ekspertlər bu dəyişiklikdən sonra ölkədə vətəndaş cəmiyyətinin iflic vəziyyətinə düşəcəyi haqda proqnoz vermişdilər.

XS
SM
MD
LG