Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:06

«MTN işi» ilə bağlı həbs olunanların sayı 15-ə çatıb


Arxiv fotosu
Arxiv fotosu

-

APA xəbər verir ki, artıq 15 nəfərin həbsi, bir neçə nəfərinsə başqa yerə getməməsi haqqında qətimkan tədbiri seçilib.

Həbs olunanlar arasında MTN əməkdaşları ilə yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki vəzifəli şəxslərin də olduğu bildirilir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir çox əməkdaşından telefon danışıqlarının qanunsuz dinlənməsinə görə ifadə alındığını isə ANS PRESS xəbər verir. Nazirliyin sözçüsü bu xəbəri təkzib edib. Mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov AzadlıqRadiosuna belə deyib: «Nazirlikdə heç bir yoxlama aparılmır». O, nazirlikdə aparat rəhbəri çalışan Vidadi Zeynalovun da işdən çıxarılmadığını bildirib.

Oktyabrın 27-də ölkə mediası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri V.Zeynalovun həbsi barədə xəbər yaymışdı. Bu xəbərlərdə V.Zeynalovun həbsi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) bir neçə gün öncə işdən çıxarılan rəhbəri Beytulla Hüseynovla əlaqələndirilirdi.

Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı cinayət işi nazir Eldar Mahmudovun prezident İlham Əliyevin sərəncamı ilə oktyabrın 17-də vəzifəsindən azad olunmasından sonra başlanıb. Ardından MTN əməkdaşları barədə Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə cinayət işi açılıb.

MTN Monitorinq Mərkəzinin rəisi Teymur Quliyev, bu mərkəzin əməkdaşları Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov,Antiterror Mərkəzi rəisinin müavini İlqar Əliyev, Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi rəisinin müavini Füzuli Əliyev barədə Səbail Rayon Məhkəməsinin qərarı ilə üçaylıq həbs qətimkan tədbiri seçilib.

Daha sonra Bakı Telefon Rabitəsi İstehsal Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov istintaqa cəlb olunub və məhkəmə qərarı həbs edilib. Onun işdən çıxarılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu olduğu da bildirilir.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

XS
SM
MD
LG