Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:03

15 mərtəbəli binada kanalizasiyasız yaşayış...


Arxiv fotosu
Arxiv fotosu

Gerisi tam bir üfunət... Sakinlər bildirirlər ki, bu cür kanalizasiyasız hündürmərtəbəli bina Bakıda Günəşli qəsəbəsindədir.

Bakıda “Badu-Kubə” MTK-dan 10 ildir ki, mənzil almış, ancaq hələ də səfasını görə bilməyən sakinlərdən biri, Pərvaz Hüseynov sanki ibtidai icma dövründə yaşadıqlarını deyir:

“10 ildir ki, yaşayış evlərimizi təhvil vermirlər. Hər dəfə görüşəndə deyirlər, “3 ay da dözün”. Hamını aldadırlar.

Binada nə işıq, nə su, nə kanalizasiya, nə də qaz var. Üfunət içindədir. 3 ildir ki, bura köçmüşük. Çünki olan pulumuzu verib buradan ev almışıq. İllərlə kirayələrdə qalmışıq. Ona görə də məcbur olub axırda şəraitsiz binadakı evlərimizə köçmək məcburiyyətində qaldıq. Ancaq sanki ibtidai icma quruluşunda yaşayırıq. 15 mərtəbəli binada hamı özü üçün su cəni qoyub istifadə edir”.

O, Günəşli qəsəbəsi, V massivində vaxtilə “Badu-Kübə” MTK –nın inşa etdiyi binada yaşayan azı 300 ailənin əziyyətlərindən danışır:

“İlk vaxtlar dövlətin binanın təmiri üçün ayırdığı işıqdan istifadə etsək də sonradan ondan da məhrum olduq. 300 ailənin taleyi ilə oynayırlar. MTK-nın sədri Ədalət Qəmbərov o vaxt söz verdi ki, “siz evlərinizi təmir etdirin, köçün, mən də binanın kommunal məsələlərini həll edəcəm”.

Biz də borc-xərc edib evlərimizi təmir etdirdik, 3 aya köçüb oturduq. 3 ildir cəhənnəm əzabı çəkirik. Binada istilik olmadığından qışda divarlardan su axır, təmirimiz də bərbad olub getdi. Susuz, işıqsız, kanalizasiyasız yaşamaqmı olar?”

Buna da bax: QaynarXətt proqramımıza siz də şikayətlərinizi göndərə bilərsiz

BU BİNADAN HEÇ KƏS HEÇ NƏ ALMIR

Binanın başqa sakini Elnarə Kərimova deyir, kanalizasiya olmadığından həyətdə quyu qazılıb, axşamlar üfunətdən həyətin yanından keçmək, aşağı mərtəbələrdəki mənzillərdə oturmaq olmur:

“MTK sahibi söz vermişdi ki, hər şeyi tez bir zamanda həll edəcək. Sonra da dedi ki, binanın tikintisinə görə gözlədiyindən çox rüşvət alıblar ondan, bu səbəbdən də binada qalan işləri yoluna qoymağa pulu yoxdur”.

Sakin deyir, hələ kommunal işləri yoluna qoyulmamış binadakı mənzillərin pulları tam ödənilib. Ancaq MTK sahibi heç bir iş görmək istəmir:

“Pul yox idisə, niyə bizi aldadırdılar? Axı təmirə bir ətək pul xərcləmişik… Gedib bunu onlara deyəndə susurlar. Bu binadan heç kim heç nə almır. Evlərimizi satışa çıxarırıq, sata bilmirik. Almağa gələn bir az araşdırıb vəziyyəti bilib çıxıb gedir”.

Buna da bax: AŞPA: «Səslərin sayılmasında nöqsanlar olub, amma…»

PAYÇILAR DA ŞİKAYƏT ETMİŞDİ

“Badü-Kubə” MTK-nın Yeni Günəşli, V massivində inşa etdiyi bu bina üzərindən hələ 5 il əvvəl qara yellər əsmişdi. Binadan mənzil alanlar MTK sədri Ədalət Qəmbərovun onları binaya yaxın buraxmadığını deyirdilər. Hətta payçılar sahibkar tərəfindən təhqir olunmaları barədə polisə də müraciət etmişdilər.

Həmin vaxt payçılar AzadlıqRadiosunun “Qaynar xəttinə şikayət etmişdilər.

Sahibkarın vəkili Mirismayıl Hadi isə “Qaynar xətt”ə bildirmişdi ki, MTK əməkdaşı Zaur Cabbarov bir neçə yaxın qohumu ilə əlbir olaraq şirkətin sahibindən xəbərsiz binadakı mənzilləri təkrar başqa adamlara satıblar.

Həmin şəxslər barədə DİN-də dələduzluq, sənədləri saxtalaşdırma ittihamları ilə cinayət işi başlanmışdı. Sonradan Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həmin şəxslər məhkum olundular. Onların arasında “Texnikabank”ın Səbail filialının sədri da var idi. Binadan mənzil alanların pulları qaytarılmadığına görə isə, onlar bu yaxınlarda yenə ölkə başçısına müraciət ediblər.

2013-cü ildə isə "Altun" istirahət mərkəzinin sahibi Asif Əsədullazadənin oğlu Türkel Əsədullazadə başıbəlalı binanın qarşısında ov tüfəngindən atəş açaraq MTK-keçmiş sədri Samid Məmmədovu qətlə yetirmiş, onun xalası oğlu olan və hazırda MTK-ya sahiblik edən Ədalət Qəmbərovu yaralamışdı. Türkel Əsədullazadə buna görə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən mühakimə olunmuşdu.

Buna da bax: AŞPA müşahidəçiləri: “Demokratik seçkiyə doğru addım hesab edə bilmirik”

İCRA HAKİMİYYƏTİ DƏ SAHİBKARA MÜRACİƏT EDİB

O ki qaldı binanın yarımçıq şəkildə payçıların istifadəsinə verilməsinə, sakinlər kimi şirkət rəhbərliyini biz də soraqlayıb tapa bilmədik. Ona görə də Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan bildirdilər ki, Günəşli qəsəbəsi, V massivində “Badu-Kübə” MTK-nın inşa etdiyi binadakı durumla bağlı sakinlər dəfələrlə onlara müraciət edib. Qurumun nümayəndələri hətta bir neçə dəfə binada olaraq sakinlərlə də görüşüb. Binadakı kommunal problemlərin həlli üçün sahibkara da müraciət olunub. Amma sakinlərin şikayətləri göründüyü kimi bitmir.

Hüquqşünas Fuad Hüseynov deyir, sakinlər həm fərdi, həm də kütləvi şəkildə məhkəməyə müraciət edə bilərlər:

“Burada söhbət müqavilədəki öhdəliklərin yerinə yetirilməməsindən gedir. Əlbəttə ki, sakinlər müxtəlif qurumlara üz tutmaqla vaxtlarını boşuna itirirlər. Qarşı tərəf müqavilədə nəzərdə tutulmuş müddətdə müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməyibsə, bu məsələ hüquqi müstəvidə həlli tapmalıdır”.

XS
SM
MD
LG