Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:38

Tale Bağırzadə haqda baş prokurora müraciət edildi


İlqar Altay
İlqar Altay

-

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-politoloq İlqar Altay Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadəyə qarşı cinayət işinin açılması, onun fəaliyyətinin araşdırılması məqsədilə baş prokuror Zakir Qaralova müraciət edib.

Noyabrın 10-da moderator.az-ın yaydığı müraciətdə deyilir ki, Azərbaycanda İran-fars rejimi agenturasının fəaliyyət və imkanlar dairəsi kifayət qədər genişlənir.

İlqar Altay yazır ki, son bir ildə ölkədə İran «beşinci kolon»unu aktivləşdirib və bu xüsusilə Aşura mərasimi zamanı aydın olub: «Radikal fars-islam xətti daşıyıcıları olan «hüseynçilər»in görünməmiş həddə təşkilatlanması, siyasiləşməsi, arxayınlaşması və aqressiv formada Azərbaycan dövlətçiliyi, xalqçılığı, vətənçiliyini saymazlığı, açıq təhdid xarakterli təzahürləri üzə çıxdı».

«AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİ HÜSEYNÇİLİYƏ BAĞLAYIR»

Müraciətdə deyilir ki, bu şəbəkə artıq hərəkətə keçmək üçün tam hazırdır və bunun üçün fürsət gözləyirlər.

İlqar Altay daha sonra «ifrat antiazərbaycançı cərəyanın son dövrlərdə əsas stimulverici fiquru»na çevrilmiş Tale Bağırzadə haqqında yazır: «Taleh Bağırzadə 5 il İranda fars rejimi ideologiyası yuvası olan Qum şəhərində dini təhsil alıb. Hər birisi 1 il olmaqla Məşhəd və Nəcəfdə (İraq) xüsusi «kurs» keçib. Təhsil alıb, beyninin yuyulub millət, vətən, xalq anlayışlarından uzaqlaşdırılmış bu gənc hazırda fanatizm dərəcəsində siyasi radikal islam-şiəliyini təmsil edir. Onun son dövrlərdəki bütün fəaliyyəti, çıxışları Azərbaycan dövlətçiliyi və xalqına qarşı olmaqla tam təxribat xarakterlidir… T.Bağırzadə Azərbaycan dövlətçiliyinin mahiyyətini səfəviliyə və oradan da Kərbəla faciəsinə, aşuraya və hüseynçiliyə bağlayır. Bu, dövlətin quruluşunun əsaslarına qarşı açıq çağırış deməkdir».

Müraciətin sonunda baş prokurordan Tale Bağırzadənin «ictimai zərərli, ekstremist» fəaliyyəti, çağırışlarına gecikmədən lazımi reaksiya verilməsi xahiş olunur.

«ÜÇÜNCÜ DƏFƏ HƏBSİMİ GÖZLƏYİRƏM»

Tale Bağırzadə bir gün öncə AzadlıqRadiosuna deyib ki, son günlər onlara qarşı aparılan bu kampaniyanın arxasında hal-hazırkı ictimai-siyasi fəaliyyətləri durur: «Onlar bizim bu fəaliyyətimizi təhrif etmək istəyirlər, bizi radikalizm və digər yöndə göstərmək istəyirlər. Müsəlman Birliyi Hərəkatı olaraq fəaliyyətimiz ölkə konstitusiyasına tam uyğundur. Konstitusiyadan kənar heç bir addım atmırıq».

Tale Bağırzadə üçüncü dəfə həbs olunacağını istisna etməyib.

MBH noyabrın 8-də Milli Qəhrəman Mübariz İbrahimovun qəbri üzərinə yürüş etməyi planlaşdırırdı. Aksiyadan öncə təşkilatın sədri polis idarəsinə çağırılıb, o orda fiziki zorakılığa məruz qaldığını iddia edir. Təşkilatın sədr müavini də daxil olmaqla 8 nəfər polisə müqavimətdə təqsirli bilinərək 10-30 sutka inzibati həbs cəzası alıblar.

«BİZ ZORAKI QURUM DEYİLİK»

«Müsəlman Birliyi» Hərəkatı (MBH) ölkənin vətəndaş cəmiyyəti institutlarına və ölkədə fəaliyyət göstərən diplomatik korpusa müraciət ünvanlayıb.

Turan-ın məlumatına görə, müraciətdə son zamanlar quruma qarşı basqılar «qərəz və qara piar kampaniyası» kimi dəyərləndirilir.

Hərəkatın ölkə qanunları çərçivəsində fəaliyyət göstərdiyi və bütün rəhbər sənədlərin qanunvericilik əsasında hazırlandığı qeyd edilir, qeydiyyata alınmaq üçün sənədlərin uyğun struktura təqdim olunduğu vurğulanır. «Biz illeqal, zorakı qurum deyilik, məqsədimiz sırasında insansevərlik, qanun və ədalətdən kənar heç nə yoxdur», - müəlliflər bəyan edirlər.

Sənəddə ölkədəki nizamsızlığın, vətəndaşların hüquq və azadlıqlarına hörmət edilməməsinin, ayrı-seçkiliyə məruz qalmalarının ciddi narahatlıq yaratdığı xüsusi qeyd edilir.

Müəlliflər neqativ hallara qarşı tənqid səsləndirmək, vətəndaşlara sayğı ilə yanaşmayan məmurlara məsuliyyətlərini xatırlatmağın konstitusion hüquq olduğunu nəzərə çatdırırlar.

Müraciətdə rəsmi təbliğat maşınının qurumu xarici qüvvələrə bağlamaq səyləri «quru böhtan» adlandırılır və bunu hər zaman əməli addımları ilə sübut edəcəklərini bildirirlər.

«Bütün fəaliyyətimiz, istəyimiz daha yaxşı Azərbaycan, haqq-ədalətin bərqərar olduğu, qanunlara hörmət bəsləndiyi daha yaxşı Azərbaycan cəmiyyəti görmək üçündür», - müəlliflər qurum olaraq prioritetlərini açıqlayıblar.

Hərəkat insan hüquq və azadlıqları uğrunda çalışan qurumlarla əməkdaşlığa hazır olduğunu bəyan edərək marginal, qapalı qurum olmadığını, ölkənin taleyi ilə bağlı istənilən dialoqa, müzakirəyə hazır olduğunu bəyan edir. Zorakılığı problemdən çıxış yolu olmadığını deyən müəlliflər dövlət rəsmilərini Hərəkatı başa düşməyə, vətəndaşlara qarşı böhtan siyasətinə son qoymağa çağırırlar.

Son olaraq qurum ölkənin vətəndaş cəmiyyəti institutlarını inanclı insanlara qarşı aparılan «qara piar»a diqqətli yanaşmağa, repressiyaları pisləməyə çağırır.

XS
SM
MD
LG