Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:02

Şagirdi boğmaqda günahlandırılan müəllimə cəza verildi


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

«Mənim günahım yoxdur. Dalaşan şagirdləri ayırmışam. Söyüş söydüyü üçün birini sinifdən çıxarmışam. Ancaq valideynləri məndən polisə şikayət ediblər».

Şəki polisi rayonun Baş Göynük kəndində tam orta məktəbin müəllimi Əvəz Kərimovu 500 manat cərimələyib. Müəllim isə cərimə qərarından məhkəməyə şikayət verib. Şəki məhkəməsi şikayəti təmin etməyib. Müəllimsə sakit oturmayıb. Bu dəfə birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Əvəz Kərimov kənd məktəbində «İnsan və Cəmiyyət» fənnini tədris edir. Bu il yanvarın 23-də həmin məktəbin 9-cu sinif şagirdi Sadiq Mahmudlunun valideynləri Şəki polisinə ərizə ilə müraciət ediblər. Onlar Sadiqin öz müəllimi tərəfindən döyüldüyünü yazıblar. Polis də fakt üzrə araşdırma aparıb. Bu il fevralın 12-də istintaq bölməsinin müstəntiqi Sərdar Alıbəyli müəllim barədə cinayət işinin başlanmasını rədd edib. Əməli inzibati xəta hesab edərək iş materiallarını polis şöbəsinin inzibati təhlükəsizlik bölməsinə verib. Müəllimin deməsinə görə, martın 16-da iştirakı və xəbəri olmadan onun 500 manat cərimələnməsi barədə qərar çıxarılıb.

«BÜTÜN MÜƏLLİMLƏRİ TƏHQİR EDİB»

Birinci instansiya məhkəməsi onun qərardan verdiyi şikayəti təmin etmədiyi üçün Şəki Apellyasiya Məhkəməsinə üz tutub.

O, apellyasiya şikayətində bildirib ki, cərimə qərarı qərəzlidir:

«Mən onu döyməmişəm. Dərs keçmək üçün sinif otağına daxil olanda, Fərid adlı sinif yoldaşını itələdiyini görüb onları ayırmışam. Bütün müəllimlərin ünvanına «məktəbdə kişi yoxdur» deyə təhqir edib. Onu nizam-intizama dəvət etmişəm. Sakitləşmədiyini görüb yaxasından tutub sinif otağından çıxartmışam. Az sonra məktəbin direktoru uşaqla sinfə qayıdıb mənə iradını bildirdi ki, şagirdi vurmağa ixtiyarın yoxdur. Mən də ona başa saldım ki, vurmamışam, ipə-sapa yatmadığı üçün yaxasından tutub çölə çıxarmışam. Sonra eşitdim ki, şagirdin valideynləri məndən polisə şikayət edib. Şagirdin yaxasından tutub çölə çıxarmaq nə vaxtdan zorakı hərəkət hesab olunub, bunu bilmirəm».

«ONU BOĞMAĞA BAŞLAYIB»

Sadiq Mahmudlunun atası Daşqın Həşimov isə məhkəmədə bildirib ki, müəllim şagirdi boğmaq istəyib:

«Lövhəyə çıxan şagirdlərdən biri dərsi bilməyib. Buna görə də Sadiq həmin şagirdə gülüb. Əvəz müəllim Sadiqi söyüb, təhqir edib. Sadiq isə deyib, «sən kişi kimi dərs desən, heç kim sənin dərsində gülməz». Müəllim də uşağın boğazından yapışıb, onu boğmağa başlayıb. Sol qaşına və başına vurub. Oğlum müəllimin əlindən çıxıb qaçıb, direktoru baş verənlərdən məlumatlandırıb».

Valideyn deyib ki, bu müəllimin şagird döyməsi ilk hadisə deyil. Bundan əvvəl də şagirdlərlə kobud davranması, onlara əl qaldırması barədə valideynlərin narazılığı olub.

Hakim Mirbahəddin Hüseynov tərəfləri dinlədikdən sonra birinci məhkəmənin qərarının qüvvədə saxlanması barədə qərar qəbul edib.

Müəllimsə qərarla razılaşmayıb və yaxın günlərdə Ali Məhkəməyə kasasiya şikayəti verəcəyini bildirib.

XS
SM
MD
LG