Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:35

«İstintaq Cavid Hüseynovu da, həkimləri də qoruyur»


Əshabəli Mustafayev
Əshabəli Mustafayev

-

Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işinin istintaqı uzadılıb.

Bu haqda AzadlıqRadiosuna vəkil Əshabəli Mustafayev məlumat verib. Vəkil deyib ki, iş üzrə həbs olunanların həm istintaq, həm də həbsdə saxlanma müddətləri 3 ay uzadılıb. Əshabəli Mustafayev istintaqın gedişindən, müdafiə tərəfinin narazılıqlarından da danışıb.

– Əshabəli müəllim, Rasim Əliyevin ölümündən 3 aydan çox keçdi. İstintaq necə gedir?

- Mən müstəntiqlə dünən danışmışam. Deyir, hələ ki, adi qaydada gedir. Nə işlər görürlərsə, bizə açıqlamırlar. Bu, onların haqqıdır. Hansı istintaq hərəkətləri aparırlarsa, tərəflərə məlumat vermirlər. Kiminlə istintaq hərəkəti aparırlarsa, ancaq o adamlar bilir.

– İşin uzadılması o deməkdir ki, istintaqın yekunlaşması gələn ilə qalır?

- Yox, ola bilsin ki, dekabrın ortalarına yekunlaşsın. Ancaq istənilən halda işin məhkəməyə göndərilməsi gələn ilə qalacaq. Çünki belə qısa müddətdə yekunlaşdırıb məhkəməyə göndərmək mümkün deyil. İstintaq qurtarandan sonra lazım olan mərhələləri keçmək üçün, ən azı, bir ay, ay yarım vaxt lazımdır.

– İstintaqın gedişi sizi qane edirmi?

- Biz narazıyıq. Hesab edirəm ki, Cavid Hüseynovun maddəsinin tövsif olunması düzgün deyil. Maddə dəyişdirilməlidir. Ona təşkilatçılıqla bağlı ittiham irəli sürülməlidir. Bununla bağlı iki dəfə vəsatət də vermişik. Hər dəfə də deyirlər ki, hələ istintaq gedir, sübutlar yenidən qiymətləndiriləcək. Ona görə biz də gözləyirik. Həkimlər haqqında da mütləq cinayət işi qaldırılmalıdır. Çünki faktiki hallar onların günahkar olduğunu göstərir. Bir də əlavə maddələr, ittiham olmalıdır. İstintaq araşdırmalıdır ki, Rasimin telefonu və pulqabı necə olub. Deyirlər ki, kim götürübsə, o adama oğurluqla bağlı ittiham elan olunub. Mən də vəsatət vermişdim ki, bununla razı deyilik. Bu, gizli oğurluq deyil. Açıq oğurluq olduğu üçün soyğunçuluqdur. İndi deyirlər ki, bu məsələlər üzrə də araşdırma aparılır. İstintaqın gedişi ilə bağlı bu üç məqamla razı deyilik.

– Bir müddət əvvəl işin sürətləndirilməsi, narazılıqlarınızla bağlı siz də, Rasim Əliyevin valideynləri də prezidentə müraciət etmişdiniz. Sizə nə cavab verdilər?

- Prezidentə müraciətimizdən sonra məni və Rasimin valideynlərini Bakı şəhər Prokurorluğunda qəbul etdilər. Prokurorun müavini qəbul etdi, müstəntiqlə birlikdə. Biz orda narazı qaldığımız məqamlar haqqında dedik. Təklif etdilər ki, bu, vəsatət şəklində verilsin. Valideynlərin həkimlərlə bağlı yenidən dindirilməsi, Cavid Hüseynovun əməlinin tövsif olunması, həkimlərin əməli, Rasimi UZİ-dən keçirmiş həkimin peşəkarlığının yoxlanılmasıyla bağlı vəsatət verdim. Valideynlərin həkimlərlə bağlı dindirilməsini təmin etdilər. UZİ-ni keçirmiş həkimin peşəkarlığı ilə bağlı da vəsatəti təmin etdilər. Bizə deyirlər ki, yoxlanılır. Ancaq Cavid Hüseynovun əməlinin tövsif olunmasını hələ ki, təmin etmədilər. Dedilər ki, istintaq gedir, sübutlar qiymətləndiriləndə bir daha bu məsələyə yenidən baxılacaq.

– Necə bilirsiniz, Rasimin işi həyatını itirmiş digər jurnalistlərin işi kimi olmayacaq ki?

- Belə görürəm ki, Cavid Hüseynov barədə ittiham dəyişdirilməyəcək. Bunu hiss edirəm. Düşünürəm ki, istintaq ona kömək etmək istəyir. Həkimlərin də məsuliyyətə alınması məsələsində bizdə pessimizm var. Hesab edirik ki, istintaq onları da qoruyur. İndi bilmirəm, burda kimin dəstəyi var. Ancaq digərlərinin əməllərinə gəldikdə, onların ittiham olunduğu maddələr yüngül deyil, ağır maddələrdir. Onlar qüvvədə qalacaq. Yəqin ki, cəzalarını alacaqlar. Cəzadan kənarda qalan həkimlər olacaq. Bir də Cavid Hüseynov yüngül cəza ilə cəzalanacaq, il yarım- filan. O da ki, bir müddətdir həbsdədir. Hökmdən sonra da yarı müddətə - qanun buna imkan verir - azadlığa çıxacaq.

Jurnalist Rasim Əliyev avqustun 8-də döyülüb və 9-na keçən gecə xəstəxanada keçinib. Döyülməsinə səbəb isə facebook-da «Qəbələ» futbol komandasının oyunçusu Cavid Hüseynovu tənqid etməsi olub. Jurnalistin ölümü ilə əlaqədar 6 nəfər həbs olunub. Onların arasında Cavid Hüseynov da var.

XS
SM
MD
LG