Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:08

Prezident dövlət qurumlarına nə tapşırdı?


İlham Əliyev
İlham Əliyev

-

«Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında» qanununun tətbiqi barədə prezidentinin fərmanında hökumətə və dövlət qurumlarına bir sıra islahatların aparılması tapşırılıb.

KREDİTOR BORCLAR TƏNZİMLƏNƏCƏK

Fərmanda Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət mülkiyyətindəki səhmdar cəmiyyət və müəssisələrin kreditor borclarının tənzimlənməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb, prezidentə təqdim etsin.

KƏND TƏSƏRRÜFATININ MALİYYƏLƏŞDİRİLMƏSİ ŞƏFFAFLAŞMALIDIR

Nazirlər Kabinetinə verilən digər tapşırıq kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət büdcəsindən maliyyə yardımı (əkin sahələrinin və çoxillik əkinlərin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına, buğda və çəltik səpininə, eləcə də mineral gübrə və herbisidlərin güzəştli qiymətlərlə satışına görə) qaydalarının təkmilləşdirilməsi ilə bağlıdır. Fərmana görə, Nazirlər Kabineti ayrılmış vəsaitin istifadəsi zamanı şəffaflığın və səmərəliliyin artırılması sahəsində təkliflərini iki ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.

AZƏRBAYCANIN DÖVLƏT BORCLANMASI ARTACAQ

Fərmanda Maliyyə Nazirliyinə tapşırılıb ki, «Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında» qanununun 13-cü maddəsi ilə təsdiqlənmiş daxili və xarici borclanmanın yuxarı həddi (limiti) çərçivəsində, bazar konyunkturasından asılı olaraq, milli və xarici valyutada borclanma, o cümlədən dövlət istiqrazlarının buraxılışının həyata keçirilməsi üçün tədbirlər görsün.

ÖZƏLLƏŞDİRMƏ VƏ İDARƏETMƏ TƏKMİLLƏŞƏCƏK

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi və idarəetməyə verilməsi prosesinin sürətləndirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.

ƏMANƏTLƏRİN QORUNMASI MEXANİZMİ

Sənəddə Mərkəzi Banka verilən tapşırıq bank sektorunun sağlamlaşdırılması və onun maliyyə dayanıqlılığının gücləndirilməsi ilə bağlıdır. Mərkəzi Bank əhalinin əmanətlərinin qorunması sisteminin möhkəmləndirilməsi sahəsində təkliflərini də bir ay müddətində hazırlayıb prezidentinə təqdim etməlidir.

MƏCBURİ KÖÇKÜNLƏRƏ YARDIM MEXANİZMİ TƏKMİLLƏŞƏCƏK

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərə maliyyə və digər yardımların verilmə mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.

XS
SM
MD
LG