Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:07

«İnsan Haqları Günündən bir gün qabaq…»


Foto illüstrasiya
Foto illüstrasiya

-

Dekabrın 10-u İnsan Haqları Günüdür. İstər rəsmi, istərsə də müxalif qəzetlər bu mövzuya yer ayırıblar. «Azadlıq» qəzetinin bu barədə məqaləsi belə adlanır: «İnsan Haqları Günündən bir gün qabaq…».

Müəllif yazır ki, İnsan Haqları Günü sayğı ilə yanaşılası gündür: «Ölkəmizin durumu hər kəsə bəlli. İnsan haqlarından danışmaq yersizdir. «Günəşli» platformasında baş verənlər, 30 neftçinin həlakı, qasırğada işçilərin açıq dənizə çıxarılması, darda qalanlara vaxtında kömək olunmaması Azərbaycanda insan haqlarının necə olmasının elə bu gün ərəfəsinə təsadüf edən son göstəricilərindəndir. AXCP sədrinin müavini Fuad Qəhrəmanlının srağagün saxta ittihamlarla həbsi, saxta ittihamlarla bir ildən artıqdır həbsdə saxlanılan Leyla Yunusun ev dustaqlığına buraxılması da bu gün ərəfəsində baş verib. Bütün bunların bu günlə bağlı olmasına da qəti şübhə etməyin, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyin bu günlərə təsadüf etməsinə də.

Lap elə dəyişiklik təklifinin prezidentdən gəlməsinə də…

Hakimiyyətin siyahısı ilə mandat alanların xalqın xeyrinə hər hansı qərara, qanuna, məcəlləyə imza atmasına onsuz da kimsə inanmır. Fikir verirsinizsə, son illər İnzibati Xətalar Məcəlləsi ən çox zorlanan məcəllələrdəndir. Dəyişikliklər sayına görə bəlkə də bu məcəllə Ginnesin Rekordlar Kitabına adını yazdırmağa iddia edə bilər».

İlham Əliyev
İlham Əliyev

HÜQUQ VƏ AZADLIQLAR YÜKSƏK SƏVİYYƏDƏDİR

«Azərbaycan»da oxuyuruq: «Azərbaycanda insan hüquq və azadlıqları yüksək səviyyədə təmin edilib».

«Azərbaycanda insan hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına yönəlmiş kompleks tədbirlərin davam etdirilməsi bu sahədə yüksək nəticələrin əldə olunmasına imkan yaradır. İnsan hüquqlarının təmini istiqamətində həyata keçirilən tədbirlər vətəndaş cəmiyyəti quruculuğu prosesinin əsas şərtlərindən biri kimi çıxış etməklə nəinki respublikamızda, həmçinin beynəlxalq arenada yüksək qiymətləndirilir», - məqalədə deyilir.

Müəllif daha sonra yazır ki, prezident İlham Əliyev 2011-ci ildə ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramını təsdiqləyib.

«İnsan hüquqlarının və azadlıqlarının qorunması istiqamətində bir çox qanunlar, o cümlədən «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Konstitusiya Qanunu, Seçki Məcəlləsi, «Sərbəst toplaşmaq azadlığı haqqında», «Siyasi partiyalar haqqında», «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında», «Dini etiqad azadlığı haqqında», «İnformasiya əldə etmək haqqında», «Məlumat azadlığı haqqında», «Gender bərabərliyinin təminatları haqqında», «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında» və digər qanunlar qəbul edilmişdir. Bu aktların mövcud beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Azərbaycanın hakimiyyət orqanları beynəlxalq təşkilatlar, xüsusən Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və digər nüfuzlu təşkilatlar ilə sıx əməkdaşlıq etmişlər. Göstərilən məcəllə və qanunlar yalnız həmin təşkilatların müsbət rəyi alındıqdan sonra parlamentin müzakirəsinə çıxarılıb», - məqalə müəllifi yazır.

Dərman
Dərman

DƏRMANLAR BAHALAŞIB

«Yeni Müsavat» dərmanların qiymətinə toxunub: «Apteklərdə dərmanlar bahalaşıb, «vahid qiymət» də yoxdur».

Qəzet yazır ki, apteklərdə bir sıra dərmanların qiyməti bahalaşıb. Bahalaşma daha çox mövsümlə əlaqədar soyuqdəymə və qrip əleyhinə dərmanlarda müşahidə edilir.Şəkər xəstələri üçün satılan diabet çaylarının da qiymətində bahalaşma qeydə alınıb:

«Məsələn, əvvəllər 1 manat 80 qəpiyə satılan diabet çayı indi 2 manata, uşaqlar üçün soyuqdəyməyə qarşı satılan dərman əvvəl 4 manat 80 qəpiyə idisə, indi 5 manata satılır. Bundan başqa «Panangin»in qiyməti 2 manat 50 qəpikdən 3 manata qalxıb. 3 manata satılan «Quttalaks» isə 4 manat olub. Bundan başqa, «Nitroqliserin» 80 qəpikdən 1 manat 30 qəpiyə qalxıb. Həmçinin, «Ekstrakt valerianı» əvvəllər 20 qəpik idisə, indi 30 qəpik olub. Ümumiyyətlə, dərmanların hamısında 10 qəpik 1 manat arası bahalaşma var.

Baş çəkdiyimiz apteklərdən qiymətlərin bahalaşmasının səbəbi ilə maraqlandıq. Aptek işçilərininbir qismi səbəbi izah edə bilmədi. Bəziləri isə onlara neçəyə deyiblərsə, o qiymətə də satdıqlarını bildirdilər. Alıcılar isə təbii ki, narazı idilər. Şəkər xəstəsi olduğunu və daim aptekdən diabet çayı aldığını deyən Afaq Nəbiyeva bir gün əvvəl 1 manat 80 qəpiyə aldığı dərmanı indi 2 manata aldığını söylədi».

Tibb elmləri doktoru, professor Adil Qeybulla «Yeni Müsavat»a bildirib ki, dərmanlar əhalinin cibinə görə baha hesab oluna bilər. Onun sözlərinə görə, azad rəqabət olsaydı, bu dərmanların qiymətləri reallığa uyğun olardı: «Amma bir şeyi qeyd etmək istəyirəm ki, dünyanın hər yerində dərmanlar bahadır. Sadəcə olaraq bizdə keyfiyyətli dərmanlar çox bahadır. Amma dünya miqyasında keyfiyyətli dərmanların qiyməti ümumiyyətlə bahadır».

«Günəşli»də yanğın.
«Günəşli»də yanğın.

«MƏNİ TƏK QOYMA, HƏYATIM...»

azvision.az «dənizdə batan ümidlər»dən, «Günəşli» yatağındakı qəzada itkin düşən neftçinin Xoşbəxt Səmədovun ailəsindən yazır.

«Xoşbəxt ilə hadisədən əvvəl danışmışdım. Dedim, ay bala, bu saatadək niyə zəng etməmisən? Hər gün saat 1-in yarısı zəng edirdi. Dedi , ay ana, burada «set» yoxdur, ona görə zəng edə bilmirdim. Ana-bala danışdıq, hal-əhval tutduq. Bu balamın sonuncu danışığı oldu»,- deyə Xoşbəxtin anası bildirib.

Gözüyaşlı ana oğlunun itkin düşməsi xəbərini televiziyadan eşitdiyini deyib: «Həmin gün televizordan yanğın xəbərini eşidəndə ürəyim sancdı. Ancaq hansı blokda olduğunu bilmədim. Sən demə, kənddə hamı bilirmiş, amma mənə heç kim deməyib. Mən də latın əlifbasını bilmirəm ki, oxuyub Xoşbəxtin adını tapım… Gəldim gördüm ki, ev dolu adamdır, balam yoxdur.
…Balam tapılmır, yoxdur. Özümə yer tapa bilmirəm. Yerlə göy arasında qalmışam. Heç nə ilə özümə təsəlli tapa bilmirəm. Oğlumun iki balasına baxanda ölürəm. Xoşbəxtin qızı boynunu büküb baxır mənə. Sizə qurban olum, yalvarıram, oğlumu tapın».

İtkin neftçinin həyat yoldaşı Jalə Səmədova hadisə baş verən gün Xoşbəxtlə bir neçə dəfə danışdığını deyib:

«Dekabrın 5-də, demək olar ki, bütün günü telefonla danışdıq. Külək idi deyə, işləmirdi. Xoşbəxt elə hər dəfə deyirdi ki, uşaqları qoru, ac saxlama, hava soyuqdur. Günorta mesaj yazdı ki, burada qaz sızıb, hava dəhşət küləklidir. Birdən mənə nəsə olsa, uşaqlara yaxşı bax, balalarımı sənə əmanət edirəm, sənə onlardan yaxşı baxan olmayacaq».

XS
SM
MD
LG