Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:51

Qənimət Zahidin qardaşı da işdən çıxarılıb


Fərasət Zahidov
Fərasət Zahidov

-

Hazırda mühacirətdə olan «Azərbaycan saatı» proqramının aparıcısı Qənimət Zahidin qardaşı Fərasət Zahidov işdən çıxarılıb. Bu barədə AzadlıqRadiosuna Fərasət Zahidovun özü məlumat verib:

«Kooperasiya Universitetində usta işləyirdim. Haradasa 300 manata yaxın maaş alırdım. Ötən ayın 23-də işdən çıxartdılar».

Fərasət Zahidov işdən çıxarılmasını Qənimət Zahidin jurnalist fəaliyyəti ilə bağlayır. Bu ilin iyulunda onun oğlu Rüfət Zahidov da narkotik maddə satışında ittiham edilərək 4 ay həbs cəzası almışdı. Onda da Rüfət Zahidovun valideynləri oğullarına böhtan atıldığını deyərək bunu Qənimət Zahidin fəaliyyəti ilə əlaqələndirmişdilər:

«Oğlumun həbs müddəti daha bir ay uzadılıb. İş artıq məhkəməyə təhvil verilib. Yəqin ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə yanvarda bu işə baxacaq. Mənim oğlum siqaret belə çəkməyib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, insan hüquqları üzrə müvəkkilə müraciət etmişik ki, oğlumun işinə obyektiv baxılmasına kömək etsinlər. Mənim oğluma şər atıblar».

«İNDİ GƏL, AİLƏ DOLANDIR»

Fərasət Zahidov deyir ki, Rüfət Zahidov tutulanda uşağının 40-ı yenicə çıxmışdı:

«İndi Rüfətin uşağı 7 ayının içindədir. Rüfətlə telefonla danışırıq, uşağından çox darıxır, bizdən nigarandır».

Fərasət Zahidov deyir ki, indi həm öz ailəsinə, həm də oğlunun ailəsinə baxmaq məcburiyyətindədir:

«Özümü də işdən çıxartdılar. Son devalvasiyadan sonra qiymətlər də qalxıb. Dünən getmişəm siqaret almağa, 90 qəpiyə aldığım siqaret 1 manat 50 qəpiyə olub. Siqareti atmaq istəyirəm, dayana bilmirəm. İndi işləməyə-işləməyə bu bahalıqda gəl ailə dolandır».

Fərasət Zahidov yada salır ki, həmin hadisələr vaxtı onun oğlundan başqa qardaşı oğlu Tural Zahidov və əmisi oğlu Rövşən Zahidovu da həbs etmişdilər:
«Tural 30 gün həbs cəzası almışdı. Onun da 2 uşağı var, atası rəhmətə gedib. Onu 30 günün tamamında buraxıblar. Əmim oğlu Rövşən Zahidov isə hələ də həbsdədir. Görünür onun da işini Rüfətin işinə birləşdirəcəklər. Çox güman ki, məhkəmələri də bir olacaq».

Fərasət Zahidov deyir ki, oğlu heç vaxt siyasətlə məşğul olmayıb. Ancaq yeni qurduğu ailəsinin dolanışığı haqda düşünüb. İndi ailəsindən də, körpə uşağından da uzaq qalıb.

XS
SM
MD
LG