Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:44

Rauf Mirqədirova cəza kəsildi. Anasının fotoları


Rauf Mirqədirov 6 il azadlıqdan məhrum edildi
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00

Rauf Mirqədirov 6 il azadlıqdan məhrum edildi

-

Bakı Ağır Cinayətlər Məhkəməsi dekabrın 28-də həbsdə olan jurnalist Rauf Mirqədirova 6 il həbs cəzası kəsib.

"İlk dəfə məhkum olunduğu, himayəsində bir azyaşlının olması, məhkəmədə özünü müsbət aparması" yüngülləşdirici hal kimi nəzərə alınıb.

Ona CM-nin 62-ci maddəsi tətbiq olunub, yəni qanunda nəzərdə tutulan minimum cəzadan daha aşağı cəza verilib.

O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək

Bu barədə AzadlıqRadiosunun müxbiri xəbər verir.

Prokuror bundan əvvəlki prosesdə ona 7 il iş istəmişdi.

Rauf Mirqədirovun anası hökm elan olunandan sonra göz yaşlarını saxlaya bilməyib.

Buna da bax: Siyasi məhbus sayılanlardan heç kim əfvə düşmədi (Tam siyahı)

“BU İTTİHAM HÜQUQA ZİDDİR”

Məhkəmə prosesinə sədrlik etmiş hakim Əlisultan Osmanov hökmün mətnini tam oxumasa da, ittihamın məzmunu və Rauf Mirqədirovun qapalı məhkəmə iclasında verdiyi ifadəni elan edib.

Jurnalist ifadəsində deyib ki, elan olunmuş ittiham üzrə özünü qətiyyən təqsirli bilmir. Onun sözlərinə görə, ona qarşı bu ittihamın irəli sürülməsi hüquqa və elementar düşüncə tərzinə ziddir.

Rauf Mirqədirov ifadəsində Azərbaycan Xalq Cəbhəsinin yaradılmasında iştirak etdiyini, "Zerkalo" qəzeti, "Monitor" jurnalı kimi media orqanlarında fəaliyyət göstərdiyini deyib, həm yazılarında, həm də beynəlxalq tədbirlərdəki çıxışlarında daim Ermənistanın işğalçı siyasətini tənqid etdiyini vurğulayıb.

“YAXŞI Kİ 15 İL VERMƏDİLƏR”

Elçin Şıxlı
Elçin Şıxlı

“Zerkalo» qəzetinin keçmiş baş redaktoru Elçin Şıxlı isə hökm elan olunandan sonra jurnalistlərə müsahibə verib:

– Məhkəmənin hökmünə münasibətiniz necədir?

– Bir yandan qəliz, bir yandan da sadə sualdır. Bir tərəfdən, yaxşı ki, 15 il vermədilər, 6 illə qurtardı. Amma hər halda, yenə də ümidimi itirmirəm, çünki apellyasiya şikayəti veriləcək. Ümidvaram ki, bir-iki il də orada azaldarlar. Hərçənd, mən hökmdə prokurorun istədiyi cəzadan bir il yox, iki il azaldılacağını gözləyirdim.

– Leyla və Arif Yunuslar həbsdən azad ediləndən sonra xeyli adam Rauf Mirqədirovun da buraxılacağını gözləyirdi. Sizcə, hansı səbəbdən onu buraxmadılar?

– Bu suala cavab vermək bir az çətin məsələdir. İttiham əsas onun üzərində qurulmuşdu ki, Leyla və Arif Yunuslar Rauf Mirqədirovu Ermənistanın xeyrinə casusluğa cəlb ediblər. Belə deyək, əgər əsas "rezidentləri" buraxıblarsa, "onların əmrini yerinə yetirən" Rauf Mirqədirovu onlardan əvvəl buraxmalıydılar.

Buna da bax: İnəklərin devalvasiyadan sonrakı söhbəti

RUSİYA İZİNƏ İNANMAQ

– Hökmü siyasi xarakterli hesab edirsinizmi?

– Təbii ki, lap əvvəldən. Təkcə hökmü yox, mən onun həbsini siyasi xarakterli hesab edirəm. İttiham aktından da görünür ki, Rauf yazdığı yazılara görə cəza çəkir. Nə isə, siyasətdir. Guya, biz siyasətə qarışmırıq, amma siyasət bizim işimizə qarışır. Biz siyasətdən yazırıq, ona görə də bu proseslərin iştirakçısına çevrilirik. Görünür, çox yumşaq şeylər yazmaq lazımdır. Yazmaq lazımdır ki, "uşaqlar, bu gün hava buludlu deyil, günəş çıxdı, gəlin sevinək". Onda heç bir problem olmayacaq.

– Bir sıra media orqanları Rauf Mirqədirovun həbsində Rusiya izi olduğunu bildirir. Siz necə düşünürsünüz?

– Mən bu versiyanı heç bir halda, istisna eləmirəm. Hətta bəlkə bu versiyaya daha çox üstünlük verirəm. Demişəm və bir daha təkrar edirəm ki, "Zerkalo" rusdilli qəzet olmaqla, təbii ki, o cür xırda tirajla Rusiyadakı ictimai fikrə təsir edə bilməzdi. Amma "Zerkalo"nun Azərbaycanda Rusiya barədə ictimai fikir formalaşdırmağa gücü çatırdı və bunu da edirdi. Bu isə Rusiyanın xüsusən 2008-ci ildən yürütdüyü işğalçı siyasətin ifşa olunması idi. Bundan başqa, Rusiyanın Azərbaycan torpaqlarının işğalında oynadığı roldan tənqidi nöqteyi-nəzərdən həmişə yazmışıq. Son Ukrayna hadisələri, Krımın ilhaqı dövründə də qəzetdə Rauf Mirqədirovun imzası ilə Rusiyaya qarşı kəskin yazılar getmişdi. Ona görə də bu versiyanın doğruluğuna inanmaq inanmamağa daha üstün gəlir.

Fuad Ağayev
Fuad Ağayev

R.Mirqədirovun vəkili Fuad Ağayev AzadlıqRadiosuna deyib ki, jurnalistə qarşı ittihamı təsdiqləyən heç bir sübut yoxdur:

“Ortada olan sübutlar da yalnız Raufu müsbət xarakterizə edən ifadələrdir. İttihamın formula hissəsini elan elədilər. Orada deyilirdi ki, guya, Rauf tapşırıq alıb, məlumatlar, şəkillər göndərib. Bunun tam təkzibini yaxın günlərdə sizə təqdim edəcəm, görəcəksiniz ki, Raufa qarşı ittiham nə dərəcədə gülünc və əsassızdır”.

Vəkil apellyasiya şikayəti veriləcəyini deyir:

“Bizim mövqeyimiz güclüdür. Xaricə gedən, Ermənistanda olan hər insanı bu cür yollarla ləkələyəcəklərsə, onda gərək Azərbaycanda bu tipli məsələlərlə, siyasi publisistika ilə heç kim məşğul olmasın. Rauf Mirqədirovun həbsi lap əvvəldən siyasi xarakter daşıyırdı və onun həbsdə olduğu dövrlərdə verilən qərarlar da bunun tərkib hissələri idi. Mirqədirova qarşı bu qərəzin səbəbini çox yerdə axtarmaq olar. Rauf birinci adam deyil ki, bu şəkildə həbs edilib. Bu işdə digər iki nəfərin də adı çəkilir. Belə təqdim olunur ki, onlar Raufun fəaliyyətinə rəhbərlik ediblər. Həmin adamlar artıq azadlıqdadır. Ümid edirik ki, yaxın zamanlarda, heç olmasa, apellyasiya şikayətinə baxılanda Rauf da azadlığa çıxar”.

Rauf Mirqədirovun anası hökm elan olunandan sonra...
Rauf Mirqədirovun anası hökm elan olunandan sonra...

Rauf Mirqədirov 2014-cü il, aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub və dərhal da həbs olunub.

O dövlətə xəyanətdə, Ermənistanın xeyrinə casusluq etməkdə ittiham olunur.

İstintaqı Milli Təhlükəsizlik Nazirliyi aparıb.

Rauf Mirqədirov ittihamı rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.

O bundan əvvəlki prosesdə son sözlə çıxış edərkən günahsız olduğunu və məhkəmətən ona bəraət hökmü çıxarılmasını istəmişdi.

Amnesty İnternational təşkilatı da daxil olmaqla bir sıra yerli və beynəlxalq təşkilatlar onu siyasi məhbus elan edib.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi və ya vicdan məhbusu olmadığını deyir.

XS
SM
MD
LG