Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:36

Vətəndaş hansı səbəbdən özünü yandırır... [kiçik araşdırma]


Azərbaycan, Bakı. Özünü yandırmış Zaur Əhmədovun qəbri önündə
Azərbaycan, Bakı. Özünü yandırmış Zaur Əhmədovun qəbri önündə

Azərbaycanda özünü yandırmaqla dərdinə əlac axtaranlar kimlərdir?

«O, özünü hamının gözü qarşısında yandırır, düşünür ki, onu xilas edəcəklər, uzaqbaşı bədənində kiçik bir hissə yanacaq, amma ölməyəcək, probleminə də əncam çəkiləcək»

Bank qarşısında insident, 2015
Bank qarşısında insident, 2015

Dekabrın 24-də Bakı sakini Elvin Mehdiyev paytaxtda banklardan birinin ofisi qarşısında özünü yandırmaq istəyib, amma ətrafa yığışanlar buna imkan verməyib. Onun banka xeyli borcu olduğu və pulu qaytara bilmədiyindən bu yola əl atdığı deyilir.

İlin sona çatmasına sayılı günlər qaldığı bir vaxtda baş verən bu intiharın qarşısı alınıb, amma bu il bu yola əl atanların heç də hamısı xilas ola bilməyib.

2015-ci il əvvəlki illərlə müqayisədə sosial səbəblərlə özünü yandıran və ya yandırmağa cəhd göstərərək etiraz edənlərin statistika baxımdan zəngin sayıla bilər.

Bunlardan bir neçəsini xatırlayaq:

Kredit borcu

Bank [karikatura]
Bank [karikatura]

İyulun 13-də «Accessbank» ASC-nin İmişli şəhərində yerləşən filialının qarşısında Beyləqan rayonu Qarallar kəndinin sakini Cahangir Ağayev intihara cəhd edib. Onun intihara cəhdinin qarşısı alınıb, bankdan AzadlıqRadiosu-na deyiblər ki, Cahangir Ağayevi narazı salan məqam kredit ödənişində gecikməyə görə, əməkdaşlarının onun evinə getməsi olub.

Yer pulu

Avqustun 13-də «Təzə Bazar» kimi tanınan «Bakı Mərkəzi Bazar»ında 36 yaşlı Xatirə İmanova özünü yandırıb, elə ordaca ölüb.

Azərbaycanda bazar
Azərbaycanda bazar

Bir neçə gün sonra Bakı şəhər prokurorluğu məlumat yayıb ki, qadın əvvəllər «Şəxsiyyətin isterik tipli pozuntusu özünü kəsmə və isterik tutmalar» diaqnozu ilə Bakı şəhəri Baş Səhiyyə Idarəsinin 2 saylı Klinik Psixiatriya Xəstəxanasında stasionar müalicə alıb. Hazırda ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir. «Təzə bazar»ın satıcıları isə virtualaz.org saytına hadisənin yer puluna görə baş verdiyini deyiblər.

«Şikayətimə baxmırlar»

Avqustun 17-də bir qadın Prezident Administrasiyasının binası qarşısında üzərinə benzin tökərək özünü yandırmağa cəhd edib. AzadlıqRadiosu-nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qadının bu cəhdinin qarşısı alınıb. Özünü yandırmaq istəyən qadın hərəkətini qarşılaşdığı haqsızlıq və dövlət qurumlarının onu qəbul etməməsi ilə izah edib. Bildirib ki, oğlu barəsində məhkəmə ədalətsiz qərar çıxarıb, şikayəti də bu barədədir.

«Evimi sökməyin»

Arxiv fotosu
Arxiv fotosu

Oktyabrın 7-də Bakının Binəqədi rayonunda yaşayan Ələkbər Məmmədov üzərinə benzin tökərək od vurub. Mətbuatın yazdığına görə, məhkəmə Ə.Məmmədovun yaşadığı evin qanunsuz tikili olması və evin boşaldılması barədə qərar çıxarıb. Məhkəmə icraçıları Ə.Məmmədovun evinə gələrək qərarın icrasını tələb ediblər. Ə.Məmmədov da buna etiraz edərək özünü yandırıb. Onu xilas etmək mümkün olmayıb.

«Arvadımı mən öldürməmişəm»

Bakı sakini Zəminə Əliyeva AzadlıqRadiosu-nun «Qaynar xətt»inə məlumat verib ki, noyabrın 11-də həbs müddətinin uzadılması üçün Nəsimi rayon Məhkəməsinə gətirilən həyat yoldaşı, 34 yaşlı Samir Əliyev məhkəmə zalında özünü yandırmağa cəhd edib.

Zəminə Əliyeva deyir, həyat yoldaşı Samir Əliyevin Natəvan Əliyeva adlı qadının ölümü ilə əlaqəsi olmadığını sübuta yetirən bütün faktları ortaya qoysalar da, istintaq orqanı keçmiş həyat yoldaşının qətlini onun üzərinə atmaqda maraqlıdır. Samir Əliyevin intihara cəhdinin qarşısı alınıb.

«Borcu qaytarmaq üçün möhlət istəyirəm»

Arxiv fotosu
Arxiv fotosu

Noyabrın 23-də Malik Hüseynov adlı Bakı sakini metronun «Azadlıq prospekti» stansiyasının yaxınlığındakı bank filialının qarşısında özünü yandırmışdı. Ailə üzvləri onun banka olan borcunu ödəyə bilmədiyi üçün özünü yandırdığını bildirir.
Malik Hüseynovun həyat yoldaşı Aytəkin Hüseynova AzadlıqRadiosuna deyib ki, əri kreditlə cənazə maşını alıb, banka borcu yaranıb, möhlət istəyib, amma bank ona bu möhləti verməyib.

«Özünü yandırmaq istəyənlər heç də ölmək istəmirlər»

Dəyanət Rzayev
Dəyanət Rzayev

«İntiharda yandırmağın xüsusi yeri var, ən ağrılı ölüm yandırmaqdır. Bu yola əl atan insanlar ölümü ilə ölümə aparan səbəbə etirazlarını ictimailəşdirmək istəyirlər». Psixoloq Dəyanət Rzayev AzadlıqRadiosu-na müsahibəsində belə deyir. Onun sözlərinə görə, əsasən sosial problemlərlə üzləşib çıxış yolunu tapa bilməyən adamlar buna əl atırlar: «Məsələn, banka borcu var, gedir bankın qarşısına, orda özünü asa bilməz, bıçaqlaya bilməz, yeganə yol yandırmaqdır».

Amma Dəyanət Rzayev bir məqama diqqət çəkir ki, ictimai yerlərdə və ya etiraz olaraq özünü yandırmaq istəyənlər heç də ölmək istəmirlər: «Özünü yandırmaq istəyən adam özünü öldürmək istəsəydi, gedib özünü asardı və bir kağızda yazardı ki, «ölümümdə filankəs günahkardır». Ancaq o, özünü hamının gözü qarşısında yandırır, düşünür ki, onu xilas edəcəklər, uzaqbaşı bədənində kiçik bir hissə yanacaq, amma ölməyəcək, probleminə də əncam çəkiləcək. İntəhası unudur ki, adamı hər zaman xilas etmək olmur. İkincisi, həmin anda xilas edilsə belə, bədənin bir hissəsi yanandan sonra orqanizmdə zəhərlənmə baş verir və şəxs daha çox zəhərlənmədən ölür».

«Adamların problemini dinləmirlər»

Psixoloq deyir ki, Azərbaycanda insanları dinləmirlər, onların problemlərinə qulaq asmırlar: «Adam dəfələrlə şikayət yazır, gedir-gəlir, ancaq onu eşitmirlər. Çıxılmaz vəziyyətə düşüb intihara əl atırlar».

Dəyanət Rzayev xatırladır ki, iki il əvvəl 2-ci qrup Qarabağ əlili Zaur Həsənov üzləşdiyi haqsızlığa etiraz olaraq özünü yandırandan sonra bu davranış modeli Azərbaycanda daha geniş yayıldı: «Yandırmaq üsulu dalğa kimi gəldi. Zəncirvari reaksiya verildi. Sanki yandırsan, problemlərin öz həllini tapacaq».

«Daha çox mənəviyyatla bağlıdır»

Əhməd Qəşəmoğlu
Əhməd Qəşəmoğlu

Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, bu cür halların elmi cəhətdən öyrənilməsinə ehtiyac var: «Bu hadisələr niyə baş verir deyə təhlil edilməsi lazimdır. Bu, iqtisadi səbəblərdən çox, mənəviyyatla bağlıdır. Azərbaycanda 50-60-cı illərdə iqtisadi vəziyyət bundan daha ağır olub, amma bu cür özünəqəsd halları müşahidə edilməyib. Bunun səbəbi odur ki, insanların, sosial sistemin sabaha ümidlə baxma ehtiyacı var. Gələcəyə ümid insanların özünü sabit aparmasına kömək edir, belə məsələlərin qarşısını alır».

Əhməd Qəşəmoğlu deyir ki, bu gün nəinki ölkədə, bütün dünyada baş verənlər insanlarda ümidsizlik sindromu yaradır.

«Şüuraltı stress və aqressiya kütləviləşir»

Siyasi psixoloq Samirə Qasımlı Azərbaycanda sosial problemlər üzündən ictimai şəkildə özünəqəsd hallarının çoxalmasına media, xüsusilə də sosial media rəvac verdyini hesab edir.

Onun fikrincə, insanlar arasında bu və ya digər problemlər səbəbi ilə şüuraltı stress və aqressiya kütləviləşməkdədir: «Elə insanlar var ki, onların durumu daha dözülməz həddədir. Belə olan halda onlar özünəqəsd edənlərin xəbərlərini və bunun ətrafında gedən müzakirələrin şahidi olurlar. Əgər ictimai şəkildə özünəqəsdə cəhd edənlərin durumunu çözələsək, görərik ki, onlar məhz hansısa məmurla bağlı problemi ictimaiyyətə çatdırmaq üçün bu yola əl atmalı olurlar. Hətta bu hallar arasında biz özünəqəsd kimi ictimai şantajların da şahidi olduq. Koroğlu körpüsünə çıxıb deputat Qənirə Paşayevanın gəlməsini tələb edənlərin dəfələrlə şahidi olmuşuq».

Hələ ki, istintaq gedir…

Jurnalist Tural Mustafayev
Jurnalist Tural Mustafayev

Bu il ərzində özünü yandırma və buna cəhd göstərmə ilə bağlı aidiyyətli rayon və şəhər prokurorluqlarında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb. Hələ ki, istintaq gedir.

Xatırladaq ki, araşdırması jurnalist Xədicə İsmayılova Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaqda ittiham olunaraq həbs edilib. Sonradan jurnalistə qarşı həmin ittiham ləğv edilib və o, iqtisadi ittihamlar üzrə təqsirli bilinərək 7 ilyarım həbs cəzası alıb. Jurnalist bütün ittihamları əsassız sayır, hakim ailənin biznes fəaliyyəti barədə araşdırmalarına görə cəzalandırıldığını bildirir.

XS
SM
MD
LG