Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:21

Yerli məhsulların qiymət artımı: Uydurma və gerçəklər


İlham Əliyev (arxiv fotosu)
İlham Əliyev (arxiv fotosu)

Prezident İlham Əliyev «qiymət artımı yerli məhsullara şamil edilməməlidir» desə də...

Prezident İlham Əliyev yerli məhsulların qiymət artımından narahatlığını dilə gətirib: «Son vaxtlar müşahidə olunan qiymət artımı yerli məhsullara şamil edilməməlidir. İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar süni şəkildə qiymətləri qaldırmaq istəyirlər». Prezident Nazirlər Kabinetinin ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında belə söyləyib.

Dövlət başçısı daha sonra ərzaq məhsullarının idxaldan asılılığına diqqət çəkib: «Hələ ki, Azərbaycan özünü ərzaq məhsulları ilə 100 faiz təmin edə bilməyib. Ancaq Azərbaycanda istehsal edilən ərzaq məhsullarında qiymət artımı mümkün deyil, olmamalıdır. Mən bilirəm, məlumat da gəlir ki, natəmiz insanlar, işbazlar manatın məzənnəsi məsələsindən sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır.

«Mən bilirəm, natəmiz insanlar, işbazlar manatın məzənnəsi məsələsindən sui-istifadə etmək istəyirlər...»

Süni bahalaşmaya son qoyulmalı, çox ciddi cəza tədbirləri görülməlidir. Biz sadəcə, cərimələrlə kifayətlənməməliyik. Prokurorluq orqanları bu məsələ ilə çox ciddi məşğul olsunlar, bu vəziyyətdən öz şəxsi maraqlarını təmin etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir. Bu, mətbuatda işıqlandırılmalıdır».

İqtisadçı ekspertlər yerli məhsulların hansı səbəblərdən bahalaşdığını AzadlıqRadiosuna açıqlayıblar.

«Çay və şəkər burda istehsal olunur, amma xammal xaricdən gətirilir»

Ekspertlərdən Elxan Mikayılov deyir ki, idxal varsa, qiymət artımı gözləniləndir: «Məsələn, çay və şəkər, burda istehsal olunur, amma xammal xaricdən gətirilir... Kənd təsərrüfatı məhsullarının istehsalı üçün gübrə, texnika, dərmanlar, əsasən, idxal edilir. Bu da onların istehsal xərcinə təsir göstərir».

Ekspertin fikrincə, heç bir asılılığı olmayan məhsul istehsalçılarının da dolanışıq xərcləri artır: «Kəndli satdığı məhsulla əvvəl bir tay un alırdısa, indi yarım tay ala bilir. Bu isə onların, dolayısı ilə, qiyməti qaldırmasına səbəb olur».

Elxan Mikayılov xammaldan asılılığı göstərən cədvələ də diqqət çəkir:

Bəzi yekun məhsul və onun xammalının idxaldan asılılığı (2014)

Yekun məhsul Özünü təminetmə Xammal İdxaldan asılılıq
Şəkər və şəkər məhsulları 170 % Şəkər üçün xammal 95 %
Un 94,8 % Un üçün buğda 46 %
Süd məhsulları 98 % Xam süd 24 %

«Çay niyə qalxmamalıdır - sırf burada qablaşdırıldığı üçün?!»

İqtisadçı Natiq Cəfərli
İqtisadçı Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli Azərbaycanda formalaşmış yanlış təsəvvürü vurğulayır: "Belə bir uydurma rəy yaradılıb ki, guya ölkə özünü ərzaq məhsulları ilə 60-70% təmin edir və bu üzdən dolların qalxması ərzaq məhsullarını bahalandırmayacaq... Halbuki yerli istehsal adı ilə mağazalarda satılan məhsulların böyük əksəriyyətinin xammalı xaricdən gətirilir. Marketlərdə ən çox yerli mal kimi satılan məhsullardan biri çaydır. Ölkədə bu qədər çay bitmir və həmin məhsul xaricdən alınır. Yəni 4-cü növ ucuz və az keyfiyyətli çay xaricdən ölkəyə gətirilir, burada qablaşdırılır. Hətta qablaşdırmada istifadə edilən yapışqan da xaricdən gətirilir. Çay dollarla alınır, indi dollar qalxdı, çay niyə qalxmamalıdır? Sırf burada qablaşdırıldığı üçünmü?!».

Natiq Cəfərli marketlərdə yerli mal kimi çox satılan ağartıya da diqqət çəkir: «Siz elə bilirsiniz ki, o südü inəkdən sağırlar? Ölkədə o qədər inək yoxdur, axı. O məhsullar süd tozundan hazırlanır, həmin toz da Ukrayna, İran və Türkiyədən gətirilir... Burada istehsalda istifadə edilir, dollarla alınırsa, süd məhsullarının qiyməti necə qalxmaya bilər ki?!».

«Həsən dayının xərcləri artırsa, kartofunu niyə ucuz satmalıdır?»

Bazarda kartof satışı (arxiv fotosu)
Bazarda kartof satışı (arxiv fotosu)

Ekspert bir başqa yanlış təsəvvürə də toxunur: «Belə bir uydurma təsəvvür də formalaşdırılıb ki, Həsən dayı Tovuzda kartof əkir, Məsmə xala Lənkəranda kələm becərir... Yəni məhsulu bahalandırmazlar. Axı Həsən dayının nəvəsi pampers taxır, evdə yuyucu tozdan, diş məcunundan yararlanır, kreditə televizor götürür, yoldaşı paltar, oğlu şalvar, qızı ayaqqabı istəyir və bütün bunlar xaricdən gətirilirsə, demək, qiymətlər də qalxacaq... Dayının xərcləri artırsa, o, kartofu niyə ucuz satmalıdır ki?! Tutalım, Məsmə xalanın dollarla krediti var... Yazıq arvad təzəcə azaltmışdı krediti ki hökumət onu yenə aldatdı, borcu əvvəlkindən xeyli çox oldu... Bu halda Məsmə xala niyə kələmini ucuz satmalıdır?!».

Həmçinin baxın: AzadlıqRadiosu Youtube kanalından izləyin:

XS
SM
MD
LG